Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2024 05:02
Fitrət varlıqların əsas quruluşunu, onu təşkil edən yaradılış, dəyişmə və təkamülün prinsip və qanunlarını ifadə edir. Göylərin, insanların, heyvan və bitkilərin, yə'ni, hər şeyin fəaliyyəti bununla sıx əlaqədardır. Elm, texnologiya və insanlar arasındakı münasibətlərdə də əsas qanunlar bunlardır. Allah Təala belə buyurur:
Bunu görməli deyilsənmi? Göylərdə və yerdə nə varsa - günəş, ay, ulduzlar, dağlar, ağaclar, heyvanlar və insanların böyük bir qismi Allaha boyun əyirlər. Bir xeylisi də əzab çəkməyə layiqdir. Allahın alçaltdığı bir kimsəyə heç kim qiymət verə bilməz. Allah istədiyini edər (Həcc, 22/18)!
Bə'zi insanlar fitrətə zidd olan hərəkətlər edib, tənasüb və tarazlıq halında olan şeylərin tarazlığını pozur. Allah bu barədə belə buyurur:
İnsanların öz əlləri ilə etdikləri şeylər ucbatından quruda və suda fitnə-fəsad əmələ gəldi. Allah bunu onlara öz etdiklərinin bir qismini daddırmaq üçün edir. Bəlkə, onlar bu yoldan dönələr (Rum, 30/41)!
Fitrətə zidd olan davranışlar insanı narahat edir. Onu bu cür davranmağa vadar edən şeylər onun öz mənfəətləri, ümidləri, gümanları və başqaları kimi olmaq həvəsidir. İnsan sonra belə şeyləri vərdiş edib, bunlardan həzz almağa başlayır. Amma daxilindəki narahatlıq müəyyən vaxtlarda özünü büruzə verir. Bu cür insanlar etdikləri əməlləri düşünüb, özlərini sorğu-suala tutmaqdan yayınırlar.
Qur'ani-Kərimdə zikr kökündən əmələ gəlmiş xeyli söz vardır. Zikr sözü bir mə'lumatı yaddaşda hazır saxlamaq, onu həm qəlbə, həm də dilə gətirmək və xatırlamaq mə'naları verir. ((Rağib İsfahaninin Müfrədat lüğəti,ﺬﻚﺭ (Zə, Kəf və Ra hərfləri) bəndi.)) Yaddaşda hazır olan bir mə'lumatı işlətmək təzəkkür adlanır. Peyğəmbərlər insanları təzəkkürlə məşğul olmağa də'vət ediblər. İbrahim əleyhissəlam bütpərəstlərə: "Təzəkkür etməzsinizmi?!", - dediyi vaxt, əslində onlardan soruşmaq istədiyi bir şey var idi: Siz öz fitrətinizdən irəli gələn biliklərinizlə mənim sizə dediyim sözləri müqayisə edib, bu əməllərinizin düzgün olmadığını görmürsünüzmü? İbrahim əleyhissəlamın bu sualı bütpərəstləri düşünməyə və öz daxili dünyalarını təmizləməyə çağırırdı.
Allah tərəfindən nazil edilən ilahi kitabların müştərək adı Zikrdir. ((Geniş mə'lumat üçün bu surə və ayələrə baxın: Ali-İmran, 3/58, Ə'raf, 7/63, Hicr, 15/6, 9; Nəhl, 16/44, Ənbiya, 21/2, 50, 105; Furqan, 25/18, Yasin, 36/11, Sad, 38/8, Qəmər, 54/25.)) Çünki bu kitablar insana onun öz mənliyi və yaşadığı mühit vasitəsi ilə qazandığı bilikləri xatırladır və beləliklə, insanın narahatlığını tamamilə fitrətə uyğun şəkildə aradan qaldırır. Hər bir insan varlıqlar aləminin və öz mühitinin yetirməsidir. İnsan buradan müntəzəm surətdə mə'lumat və bilik alıb, yaşamağa davam edir. İlahi kitablar və bunların arasında heç bir ziddiyyət yoxdur. Allah Təala belə buyurur:
Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar (Rə'd, 13/28)!
Allahın zikri Qur'ani-Kərimdir. Çünki yaddaşda hazır saxlanması və tez-tez xatırlanması lazım olan şeylər onun ayələridir. Allah bu barədə belə buyurur:
Budur! O Zikri biz endirdik və nəyin bahasına olursa-olsun, onu qoruyub saxlayacağıq (Hicr, 15/9)!
Beləliklə, Qur'ani-Kərimin fitrətin Allah tərəfindən bildirilmiş forması olduğunu ifadə etmək mümkündür. Allah Təala belə buyurur:
Sən üzünü doğru-dürüst bu dinə - Allahın fitrətinə tərəf tut. Allah insanları bu fitrətlə yaradıb. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur. Lakin insanların əksəriyyəti bunu bilmir (Rum, 30/30).
Bütün bunların qəti nəticəsi fitrətin məhz İslam dini olmasıdır. Allahın əlamətləri ((Əlamət sözü burada qüdrət nişanələri mə'nasında işlədilmişdir.)) ancaq Qur'andakı ayələrdən ibarət deyildir. Bütün varlıqlarda - göylərdə və yerdə, heyvanat və bitkilər aləmində onun əlamət və ayələri vardır. ((Bu məsələ ilə maraqlananlar aşağıdakı ayələri nəzərdən keçirə bilərlər: Bəqərə, 2/164, Ali-İmran, 3/190, Ən'am, 6/97, 99; Ə'raf, 7/26, 58; Yunus, 10/5, 6, 67, 92, 101; Yusif, 12/7, 35; Rə'd, 13/2-3; Nəhl, 16/13, 65-69, 79; İsra, 17/12, Kəhf, 18/9, Məryəm, 19/10, Taha, 20/128, Ənkəbut, 29/24, 33-35; Rum, 30/21-24, 28; Loğman, 31/31-32; Səcdə, 32/26, Səba, 34/15, Zumər, 39/42, 52; Mu'min, 40/13, Casiyə, 45/3-6; Zariyat, 51/22-23, 35-37; Qəmər, 54/12-15.)) Allah Təala belə buyurur:
Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz içərisində göstərəcəyik və nəhayət Qur'anın haqq olduğu onlara mə'lum olacaqdır (Fussilət, 41/53)!
Qur'ani-Kərimdə elə ayələr də var ki, onları ancaq dərin elm sahibi olanlar görüb anlayarlar:
Allaha qətiyyətlə inananlar üçün yer üzündə əlamətlər vardır.
Sizin özünüzdə də əlamətlər vardır. Bunları görmürsünüzmü (Zariyat, 51/20-21)?
Texniki və tətbiqi elmlər sahəsində ixtisaslaşmış alimlər fitrətə tabe olmağa cəhd göstərirlər. Onlar yeni qanunlar qoymurlar və əslində təbiətdə mövcud olan qanunları kəşf edirlər. Bu da fitrətlə uyğunluğu asanlaşdırır. Sosial elmlər sahəsindəki mütəxəssislər də müxtəlif qanunlar kəşf edirlər. Ancaq onların böyük əksəriyyəti qanun qoymağa və cəmiyyətin həyat tərzini dəyişdirməyə çalışırlar. Bu cür davranışlar ictimai həyatda da fitrətlə ziddiyyət təşkil edən qanun və tətbiqatlara səbəb olur. Bunun mənfi tə'siri dərhal meydana çıxır və tarazlıq pozulur. Beləliklə, zərər çox böyük və uzun müddətli olur.
Texniki və tətbiqi elmlər vasitəsi ilə əldə edilən nəticələrdən fitrətə zidd şəkildə istifadə edib, insanları və ətraf mühiti mənfi istiqamətdə dəyişdirmək də mümkündür. Həqiqətən də, dövrümüzdə dünya belə bir fəlakətlə qarşılaşıb. Fitrətə tabe olmaq üçün Qur'ani-Kərimin müəyyənləşdirdiyi sərhədləri pozmamaq lazımdır.
Nəticə e'tibarı ilə Qur'anla fitrət arasında tam bir uyğunluq vardır. Fitrəti başa düşmək üçün Qur'ani-Kərimdən, Qur'anı anlamaq üçün də fitrətdən istifadə etmək lazımdır.
Qur'anın heç bir hökmü fitrətlə ziddiyyət təşkil etmir. Əgər bir ziddiyyət varsa, bunun səbəbi Qur'ani-Kərimə tabe olmamaqdır. Buna misal olaraq boşanma mövzusu ilə əlaqədar yazılara nəzər yetirmək kifayətdir.