Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevir, Yevlax, ardınca BAKI – Sarılığa yoluxmanın səbəbi ÇİRKLİ SUDUR?

Mingəçevir, Yevlax, ardınca BAKI – Sarılığa yoluxmanın səbəbi ÇİRKLİ SUDUR?

Tarix: 18 Yanvar 2024 16:36

Bakının Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrində el arasında sarılıq kimi bilinən Hepatit "A" virusu yayılıb. Xəstəliyin yayılmasına səbəb içməli su olduğu iddia olunur. Bu iddia ilə yerli mətbuatda çıxış edən sakinlər kanalizasiya suyunun içməli suya qarışdığını deyiblər.

Xəstəliyin yaranma səbəbləri arasında gigiyena qaydalarına düzgün əməl etməmək, natəmizlik, çirkli sudan istifadə yer tutur. Ötən ilin noyabrında Mingəçevir və Yevlax şəhərlərində də sarılığa yoluxanların sayı artmışdı.

Həmin ərəfədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən hər iki şəhərdə epidemioloji araşdırma aparıldığını, infeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyətinin yoxlanıldığı bildirilmişdi. Yəni xəstəliyin bu səbəbdən yarana bilməsi heç kimə sirr deyil.

Sonxeber.net bildirir ki, Tibb üzrə mütəxəssis Adil Qeybulla da Bizim.Media-ya açıqlamasında xəstəliyin çirklənmiş sudan yoluxma hallarının tamamilə mümkün olduğunu bildirib:

"Fekal-oral yolu burda əsas yoluxma yolu sayılır. Kanalizasiya özü ciddi şəkildə yoxlanmalıdır, yəni suyun çirklənməsinin baş vermə səbəbləri müəyyən edilməlidir. Vəbanın da bu cür yoluxması halları var. Suyun kolititri və kolindeksi daim nəzarətdə olmalıdır".

O, xəstəliyin həm də hava-damcı yolu ilə yoluxduğunu qeyd edib:

"İnfeksion sarılıq virus hepatitis xəstəliyidir. Digər virus hepatitləri B, C, D, E virusları məhz A virusundan transformasiya etmişdir. Hava-damcı yolu ilə də yoluxur, onun təhlükəliliyi ondan ibarətdir ki, yoluxucudur. Ona görə də adı infeksion sarılıqdır, xəstəlik zamanı qaraciyər hüceyrələrində bir sıra proseslər gedir, piqmentlər qana sovrulur və xəstəlik yaradır.

Xəstəlik müalicə olunmadıqda və qaraciyərdə qlutatyon səviyyə aşağı olduqda qaraciyər çatışmazlığına gətirib çıxara bilər. Ona görə də məsələyə ciddi yanaşılmalı, xəstələnən şəxslər yataq rejiminə keçməli, təcrid olunmalı, tam müalicə olunduqdan sonra işə başlamalıdırlar. Xəstəlikdən qorunmanın ən yaxşı yolu təcrid olunmaqdır, tibbi maska geyinmək, əllərin dezinfeksiyasına fikir vermək, insanların sıx olduğu yerdə məsafə gözləmək və s. Bir sözlə, karantin qaydalarının gözlənilməsidir".

Həkim xəstəliyin özbaşına müalicəsinin tərəfdarı deyil.

O, xəstəliyə yoluxan şəxslərdə hansı əlamətlərin olduğuna aydınlıq gətirib:

"Xəstəlik zamanı qızdırma, halsızlıq, zəiflik baş verir, qaraciyər funksiyası aşağı düşür. Bəzən xəstənin dərisində, gözün sklerasında sarılıq əlamətləri baş verir. Qaraciyərdəki zədələnmədən asılı olaraq sarılıq bu və ya digər intensivlikdə ola bilər. Ona görə də xəstələnən zaman həkimə müraciət etmək və həkim təyinatı əsasında müalicə almaq lazımdır. Özbaşına müalicə məsləhət deyil. Yoluxmayan şəxslərə isə məsləhət odur ki, xəstəliyin vaksini var, vaksin olunmaq xəstəlikdən yoluxmanın ən yaxşı yoludur".

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qəsəbə sakinlərinin virusa sudan yoluxma iddialarını təkzib edib: "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə monitorinqlər aparıldı. Orada bir çox nöqtələrdən, evlərdən, şəbəkə xətlərindən, mərkəzi anbarlardan su nümunələri götürüldü, hamısı həm onların, həm bizim laboratoriyalarda yoxlanıldı, suyun tərkibində heç nə aşkarlanmadı. Su standartlara tam uyğundur, tərkibində hər hansı virus, o cümlədən, Hepatit "A" virusu mövcud deyil".


Etiketlər:  Mingəçevir Yevlax ardınca BAKI Sarılığa yoluxmanın səbəbi ÇİRKLİ SUDUR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ