Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2024 17:56
"Azad, doğma Şuşamızda 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq tam yekunlaşıb, seçki prosesinin şəffaf və demokratik şəraitdə keçməsi üçün lazımi şərait yaradılıb. Artıq məntəqə üzrə seçicilərimizə bildirişlərin paylanılmasına başlanılıb".
Sonxeber.net xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 105 saylı seçki məntəqəsinin sədri Səbinə Gözəlova bildirib.
DSK sədri vurğulayıb ki, məntəqə bütün zəruri texniki avadanlıq və ləvazimatlarla təchiz edilib: "105 saylı məntəqə Şuşada yeni inşa edilmiş 1 nömrəli tam orta məktəbin binasında yerləşir.
Binada müasir infrastruktur mövcuddur və qış mövsümü ilə əlaqədar mərkəzdə istilik sistemi tam fəaliyyətdədir. Bununla yanaşı, məntəqəmiz lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, şəffaf seçki qutuları, mürəkkəb, ultrabənövşəyi lampalar və digər vəsaitlər gətirilib".
S. Gözəlova əlavə edib ki, məntəqə sədri, katibi və üzvləri Şuşada ilk dəfə keçiriləcək prezident seçkilərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun azad və şəffaf şəkildə keçirilməsi istiqamətində fasiləsiz fəaliyyət göstərirlər.