Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sosial şəbəkə “qəhrəmanları” meydan sulayır - səbəb...

Sosial şəbəkə “qəhrəmanları” meydan sulayır - səbəb...

Tarix: 30 Yanvar 2024 15:04

Son günlər küçədə və ictimai nəqliyyatda insanları paylaşımları, videoları ilə narahat edən yeniyetmə sosial şəbəkələrin gündəminə çevrilib. "Jalilov" adı ilə TikTok-da məşhurlaşmış şəxsin öz iştirakı ilə lentə aldığı görüntülər müzakirələrə səbəb olub. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev mediaya bildirib ki, valideynin iştirakı ilə yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub. Yeri gəlmişkən, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin 9-cu sinif şagirdidir. O, metroda, avtobusda qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb. Son olaraq qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilib.

Bir neçə gündür ki, TikTok-da tanış olduğu "Nia" ləqəbli şəxslə ailə qurmağa hazırlaşan 22 yaşlı Furkan da müzakirələrə səbəb olub. Belə ki, "Nia"nın liftdə öpüşmə görüntüləri yayılıb. Onun öpüşdüyü oğlan isə azərbaycanlı bloger Sabir Samiroğludur. Elə bu videodan sonra Azərbaycan və Türkiyədə sosial şəbəkə seqmentində aləm bir-birinə dəyib. Bir gündə 1 milyona yaxın insan bu məsələni müzakirə edib. Bir müddət əvvəl isə "Baboş" ləqəbli şəxsə ev verilməsi də müzakirələrə səbəb oldu, nəticə etibarilə onu demək olar ki, Tik-Tok hazırda bütünlükdə cəmiyyəti ələ alıb.

Ümumiyyətlə, ictimaiyyət arasında bir çox hallarda ciddi qarşılanmayan, heç bir sosial statusu olmayan şəxslərin sosial mediada "fenomen" olması, bir anda məşhurlaşması ziyalıların da narazılığına səbəb olub. Qeyd edilir ki, bu dırnaqarası məşhurlar gənclərə bu şəkildə  təsir edərək, onları öz ardınca apararaq təhlükəli tendensiyanın yaranmasına səbəb ola bilərlər. Nəzərə alsaq ki, bəzi sosial şəbəkələrdə, xüsusilə də Tik-Tok-da  əxlaqdan kənar, qeyri-etik hərəkətlər, davranışlar sərgilənir, o zaman ziyalıların da bu təlaşı anlaşılandır. Bəs necə olur ki, həmin blogerlər bu qədər izləyici toplaya bilir? Onlar niyə boykot olunmur? Bu məsələdə kimdir günahkar? 

Şahlar Əsgərov: "Ziyalıları oyatmaq lazımdır, ona görə "tik-tok"lar qazanır"

Milli.Az bildirir ki, sabiq deputat, ictimai-siyasi xadim, professor Şahlar Əsgərov mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, saxta ziyalı, saxta alimlər, saxta şair, saxta artistlər cəmiyyəti biganə hala salıblar, ona görə də insanlar biganələşib: "O gün ailə üzvlərimin israrı ilə Türkiyənin bir filminə baxdım, on dəqiqə baxdım, kinodan ayrıla bilmədim, vaxt necə gəldi keçdi heç anlamadım. Filmdə səksən yaşlı qarı ilə altı yaşlı uşaq elə rol aparır ki, ayrılmaq olmur. Deməli, ortada söz, fikir, düşüncə var. İnsanları bu cəlb edir. Əgər yoxdursa, onda "tik-tok"lar, başqa sosial şəbəkələr qazanacaq. Fikir yoxdur, fikir yaratmaq lazımdır. Fikir adamlarının qədri-qiyməti bilinməlidir. Hər yetən fikir yürüdə bilməz. Hər musiqiçidən Üzeyir Hacıbəyov olmaz. Bunları axtarıb, tapıb cəmiyyətin idarəetməsini bunlara həvalə etmək lazımdır. Bu onu göstərir ki, ortada fikir qıtlığı var. Ona görə də insanlar başını qatır. Ziyalılar passiv hala düşüb, ayıltmaq lazımdır. Hər qalstuklu ziyalıya da vəzifə vermək lazım deyil, əsl ziyalıya vəzifə verilməlidir. Bir insanın 10 kitabı olar, əgər o kitabda bir dəyər yoxdursa, o, kitab deyil, o makulaturadır. Dəyər nəsildən-nəslə ötürülür. Kiçik misal çəkək, əgər bir mahnı əlli ildən sonra dinlənirsə, deməli, dəyərlidir. Ona görə dəyər yarada bilən insanları qabağa çəkmək, onlara dəyər vermək lazımdır". 

Psixoloq Ülviyyə Murtuzova: "Kimliyindən asılı olmayaraq bu davranışları göstərən hər kəs cəzalandırılmalıdır"

Psixoloq Ülviyyə Murtuzova da mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini açıqladı: "Özlərini apara bilməyən, öz hisslərini idarə edə bilməyən, qeyri-adekvat hərəkətlərlə başqalarına narahatlıq yaşadanlar çox ciddi şəxsiyyət pozuntusu yaşayır. Bu insan məsuliyyətsiz davranışları ilə özlərinin və başqalarının təhlükəsizliyinə əhəmiyyət vermirlər. Ümumiyyətlə, bu əlamətlər 15 yaşından etibarən şəxslərdə müşahidə olunur, onlar etdikləri heç bir hərəkətə görə məsuliyyət daşımırlar. Qeyri-etik hərəkətə görə irad bildirdikdə özlərinə bəraət qazandırırlar. Bu insanlarda şişirdilmiş şəkildə özünü tərif, səthi emosional əlamətlər çox ciddi formada qabarır. Əslində bu pozuntuların müşahidə olunduğu insanlar psixopatiya diaqnozu qoyulacaq dərəcədə eqoist, laqeyd davranırlar. İnsanlarda bilərəkdən əsəb gərginliyi yaradır, bilərəkdən başqalarının şəxsi əşyalarını qurcalayır, saymamazlıq edir, keçmişi və gələcəyi düşünmədən hazırkı an üçün yaşayır və öz mənafeyi üçün hər şey etməyə hazırdırlar. Bu, ciddi antisosial şəxsiyyət pozuntusudur. Bu cür insanların müalicəsi həm dərman preparatları ilə aparılır, həm də psixiatrın nəzarətində olmalıdır, lazım gəldikdə nevroloqun da müdaxiləsi lazımdır. Bəzən bunlar stasionar olaraq yatılı şəkildə, bağlı reabilitasiya mərkəzlərində müalicə olunurlar, ailələrindən təcrid olunurlar. İctimai qınaq mütləq olmalıdır. Kimliyindən asılı olmayaraq hər kəs cəzalandırılmalıdır".   

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da məsələyə münasibət bildirib: "İndi sosial şəbəkələrdə, Tik-Tok-da nə baş verdiyini görürük. Düzdür, bu, sosial şəbəkələrin günahı deyil. Sosial şəbəkə çox yaxşı bir alətdir ki, onu həm pozitiv, həm də neqativə istifadə edə bilərlər. "Oğru aləmi"nin öz dünyası var və onları özlərinə rol-modul götürürlər. Çox təəssüf ki, pozitiv nümunələr neqativ nümunələrə uduzur. Sosial verilişlərdən tutmuş, bir çox verilişlərə qədər - bəzi verilişlər istisna olmaqla- yaxşı təbliğat və nümunə deyil. O nümunəyə baxıb müsbət keyfiyyəti də götürə bilər, mənfini də". 

Milli.Az


Etiketlər:  Sosial şəbəkə qəhrəmanları meydan sulayır səbəb


RƏYLƏR