Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 12:52
Bakı. İlhamə İsabalayeva - Trend:
"Nəsimi ili" ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində əkin aparılacaq ərazilərin xəritələnməsi həyata keçirilib.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev “Caspian Ecology” - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin açılış mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, monitorinq qrupları xəritə vasitəsilə həmin ərazilərə baxış keçirəcəklər:
"Bundan başqa, payız mövsümü ərzində 1000 hektar ərazidə meşə salınacaq. Həmçinin yayda meşə yanğınına məruz qalmış əraziləri payız əkin mövsümündə bərpa etməyi nəzərdə tutmusuq. Burada çəpərlər çəkiləcək, meşələrdəki toxumlardan yanmış və yenidən bərpa olunmuş ərazilərə səpiləcək".
Nazir müavini əlavə edib ki, Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin keçirildiyi 10 il ərzində bu sərgidə 500-dən artıq şirkət iştirak edib.
O bildirib ki, ekologiyanın bu və digər problemlərinin həll edilməsi istiqamətində ayrı-ayrı şirkətlər sərgidə qabaqcıl texnologiyaları nümayiş etdirirlər:
"Builki sərgidə Azərbaycan da daxil olmaqla 10 ölkədən şirkət iştirak edir, 15 şirkət isə bu sərgiyə ilk dəfə qatılıb. Sərgidə iştirak edən şirkətlər Böyük Britaniya, Fransa, İtaliya, Almaniya,Türkiyə, Rusiya və digər ölkələri təmsil edir. Bizim üçün prioritet sahələrdən biri də atmosfer havasının mühafizəsidir. Azərbaycanda su ehtiyatları az olduğuna görə sərgidə işlənmiş suların təkrar istifadəyə verilməsi ilə bağlı texnologiyalar nümayiş edilir. Digər prioritet məsələlərdən biri Xəzərin mühafizəsində önəmli rol oynayan çirkab suların təmizlənib dənizə axıdılmasıdır. Bununla bağlı qabaqcıl şirkətlər müasir texnologiyaları nümayiş etdirirlər".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin