Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Küçədə yaşayıb məsciddə yatan qızın çempionluq arzusu... - VİDEO

Küçədə yaşayıb məsciddə yatan qızın çempionluq arzusu... - VİDEO

Tarix: 17 Fevral 2024 19:00

Sosial şəbəkələrdə sığınacaqlarda məskunlaşan yüzlərlə uşağın, qadının hekayəsi, taleyi haqda məlumatlar paylaşılır. Azyaşlı olduqları üçün bəzən üzlərini görmürük, səslərindən olsa belə, kədərlərini hiss edirik. Ayrı ailələrdə doğularaq bir məkanda qalan bu uşaqların əsas təsəllisi bəlkə də elə tək olmadıqlarını bilməkləridir. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, onlardan biri də hələ 18 yaşı tamam olmayan Həcər Ələkbərovadır. 17 yaşlı bu qızın üzləşdiyi problemlər, həyata qarşı olan mübarizəsi sosial şəbəkədə hər kəs kimi bizim də diqqətimizi çəkdi. Uşaq və qadın sığınacağının paylaşdığı videoda 2019-cu ildə atasını itirdikdən sonra anası ilə problemlər yaşayaraq evdən ayrılan Həcər Ələkbərovanın arzusuna çatmaq üçün dəstəyə ehtiyacı olduğu vurğulanırdı.

Ağırlıqqaldırma növündə peşəkar idmançı olmaq istəyən, artıq müxtəlif nailiyyətləri də olan Həcərlə görüşdük, onunla çətinlikləri və arzuları haqda danışdıq. O, söhbətində 2 ay küçədə yaşamasından, həmin müddətdə ofisiant işləməsindən və idmançı olmaq istəyindən söz açıb.  

Ölkə üzrə gənclər arasında keçirilən ağırlıqqaldırma yarışlarında 2-ci yeri tutan Həcər idmana 15 yaşında başladığını dedi: "11 yaşlı qardaşımla birlikdə sığınacağdayıq. İdmana marağım isə qohumum dünya çempionu, pəhləvan İsrafil Məmmədov sayəsində yaranıb. 2 il əvvəl məni yanına çağırdı. Onun sayəsində məşq etdim, yarışlara hazırlaşdım. Beləliklə, idmana marağım yarandı. İstəyim odur ki, tanınmış idmançı olum, nailiyyətlərim çox olsun. Buna qəlbdən inanıram. Sığınacaqda idman üçün şərait yaradılsa da, peşəkar səviyyədə deyil. Burada məşqə davam etməyimə dəstək olurlar, yarışlara çıxmaq fikrim var. Qarşıda yarış var idi, amma gec xəbər tutduğum üçün sistem bağlandı. May ayında keçirilən yarışa hazırlaşıram".

Ailəsindən bəhs edən Həcər, anasının dəstəyini karyerası üçün önəmli sayır. Biz isə mövzunun həssaslığını nəzərə alaraq onu danışmaq istədiyi qədər dinləməyə üstünlük veririk: "Şərt bir evin olması deyil, şərt o evdə bir ailənin olmasıdır. Bəlkə də bacarardıq. İdmana atdığım ilk addımlarımda anamın dəstəyinin mənə yaxşı təsir göstərəcəyini düşünürəm. Anamla bir neçə gün əvvəl danışdıq, mənə dəstək olacağını bildirdi.

Elə olub ki, qardaşımla məsciddə qalmışıq. Nə yeməyimiz, nə içməyimiz olub. Həmin çətin anımda heç kəs yanımda yox idi. Buna görə də dəstək önəmli idi. Düzdür, mənim xarakterim çətin olub. Aqressiv idim, amma indi özümdə mənfi və müsbət cəhətləri ayırd etməyi öyrənmişəm. Sığınacaqda hər kəslə yaxşı yola gedirəm, mehriban münasibətdəyəm. Yaşadığım çətinliklərdə qardaşımla birgə olmuşam. O, 5-ci sinfi bitirdikdən sonra məktəbə getmədi. Yaxşı oxuyurdu, amma buna məcbur olduq. Onun da idmana marağı var. Öz çəkisinə görə müəyyən ağırlığı qaldırır. Böyüyəndə hərbçi olmaq istəyir".

Söhbətin gedişatından aydın olur ki, Həcər anasının yaşadığı Qazax rayonundan paytaxta gələrək onlarla birgə kirayə ev tutub yaşayacağına ümid edir. 

Müsahibimiz özünün sosial şəbəkədə paylaşılan videosundan sonra federasiyaların birindən zəng gəldiyini də qeyd edib: "Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev bizə zəng etdi. Dəstək olacağını, nə lazımdırsa edəcəyini bildirdi. İnanıram ki, onlar da mənə dəstək olacaqlar".

Həcər Qazax İqtisad Kollecində 1-ci kurs tələbəsidir, ancaq evdən çıxdığı üçün təhsilini dondurub: "Təhsilimi davam etdirmək niyyətim var idi, amma idmana marağım daha çoxdur. Bu səbəbdən təhsilimi dondurmuşam. Mənim üçün idmanın ağırlıqqaldırma növü birinci yerdədir. Marağım onadır, digər idman növləri haqqında düşünmürəm".

Milli.Az


Etiketlər:  Küçədə yaşayıb məsciddə yatan qızın çempionluq arzusu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ