Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir

Azərbaycan Prezidenti: Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir

Tarix: 15 Noyabr 2019 19:09

Bakı. Trend:

Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib: "Çox şadam ki, Şimali Qafqaz respublikalarının dini liderləri Azərbaycanda tez-tez qonaq olurlar. Artıq uzun illərdir ki, biz görüşür, söhbət edir, dinlərarası dialoq, təhsil, Qafqazın dini liderlərinin qarşılıqlı əlaqələri ilə bağlı mühüm məsələləri müzakirə edirik. Hesab edirəm ki, bizim görüşlərimiz və fikir mübadilələri Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bizim görüşlər və sıx qarşılıqlı əlaqələr çox uğurla inkişaf edən və artıq çoxdan bəri strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya-Azərbaycan münasibətlərinin mühüm amilidir.

Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə mənim çoxsaylı görüşlərim bizim dostluq, mehriban qonşuluq əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır. Bu yaxınlarda - ötən ay mən Rusiya Prezidentinin dəvəti ilə Soçidə “Valday” Diskussiya Klubunun işində iştirak etdim və həmin səfər çərçivəsində Rusiya Prezidenti ilə də görüşümüz oldu. Biz münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər saldıq və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyini bir daha gördük. Əlbəttə, Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir. Hamıya yaxşı məlumdur ki, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır. Biz, sadəcə, atalarımızın, babalarımızın ənənələrini davam etdirir, əlaqələrimizi möhkəmlədir, bununla da Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk. Dəfələrlə dediyimiz kimi, Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki, orada yerli xalqlar əsrlərboyu yaşayır, qurur, yaradırlar, memarlıq abidələri yaradırlar və gələcəyə inamla baxırlar. Əlbəttə, hesab edirəm ki, Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır. Şadam ki, siz bu Sammitdə iştirak edirsiniz. Sammit həm də qlobalmiqyaslı hadisədir. Mənim fikrimcə, bu qəbildən olan və bu səviyyədə təmsil olunmuş Sammit dünya arenasında nadir hadisədir. Əlbəttə, Zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin iştirakı və onun dünən səslənən çox müdrik kəlamları bu tədbirə xüsusi əhəmiyyət verir. Lakin onu da qeyd etməliyəm ki, Rusiya nümayəndə heyəti 70-ə yaxın ölkədən olan nümayəndə heyətlərinin ən böyüyüdür. Əlbəttə, dünən Sammit masası arxasında bizim qardaşlarımızı, Şimali Qafqazın dini liderlərini görmək çox xoş idi. Bu insanlar öz respublikalarında, bütün Qafqazda və Azərbaycanda çox böyük nüfuz sahibləridir. Sizi yaxşı tanıyırlar, sizə hörmət edirlər və biz sizə fəaliyyətinizə görə təşəkkür edirik. Sizin sözləriniz xalqlarınızın nümayəndələrinin qəlbində əks-səda doğurur. Siz inkişafa, sabitliyə, sülhə və təhlükəsizliyə çağırırsınız. Azərbaycanda biz bunların hamısını çox yüksək qiymətləndiririk. Əlbəttə ki, bizim möhtərəm şeyximiz Allahşükür Paşazadə ilə sizin münasibətləriniz əməkdaşlığımızın çox mühüm amilidir. Dünən biz möhtərəm şeyxə təntənəli şəraitdə bir çox ölkələrin yüksək mükafatlarının, Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeninin, digər dövlətlərin ordenlərinin təqdim edilməsinin şahidi olduq. Bu, şeyxin təkcə bizim regionda deyil, həm də dünyada nüfuz sahibi olmasını göstərir. Möhtərəm şeyx bizim böyük sərvətimizdir. O, dünya səviyyəli dini liderdir. Biz həmişə onunla ünsiyyətdə olarkən, o cümlədən dünən də sizin barənizdə, sizin münasibətləriniz barədə də danışdıq. Nə yaxşı ki, münasibətlərin belə formatı yaranıb. Əlbəttə, belə bir gündə mən çox mühüm bir missiyanı yerinə yetirmək istərdim. Bir neçə ay bundan əvvəl mənim Fərmanımla İsmayıl Əliyeviç Berdiyev Azərbaycanın yüksək ordeni – “Dostluq” ordeni ilə təltif edilib. Bu orden öz fəaliyyətləri ilə xalqlarımız arasında dostluğun möhkəmlənməsinə töhfə verən xarici ölkə nümayəndələrinə təqdim edilir. Odur ki, bu gün görüşümüzü məhz sizə bu yüksək mükafatı təqdim etməklə başlamaq istərdim".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Prezidenti Qafqazda qarşılıqlı fəaliyyət əməkdaşlıq dinlərarası dialoq məsələləri həm Rusiya həm Azərbaycan üçün vacibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ