Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2024 18:40
"Sənətdə heç kəs mənə mane olmayıb. 16 yaşımdan toylarda oxumuşam. O vaxtı televiziyaya da çox sənətkarı dəvət etmirdilər. Səsi yoxlayıb efirə buraxırdılar. Bədii şuralar var idi. Amma mən ilk dəfə elə AZTV-də çıxış etmişəm. Konsert proqramları ilə qocalar evinə, hərbi hissələrə, uşaq evlərinə getmişəm. Bunu özümə şan-şöhrət bilmişəm. Başım qarışıb konsertlərə, toylara. Bəzi şeylər mənə qismət olmayıb. Bu sənətdə çox dərindən düşünsən dəli olarsan. Ona görə də dərindən düşünməyə ehtiyac yoxdur. Hara qədər getdin getdin. İndi sənət yoxdur, ancaq puldur. Pulun yoxdursa sakit otur yerində bax. Kimin pulu varsa qabaqdadır. Mən zəmanə ilə ayaqlaşa bilmədim"
Sonxeber.net bildirir ki, bunu moderator.az-a açıqlamasında ötən illərin ən məşhur müğənnisi Tahirə Muradova deyib. O daha sonra əlavə edib.
"İndi hər yetənə sənətkar deyirlər. Bu düzgün deyil. Sənətkarlar qalmayıb, qalıbsa da 3-4 nəfərdir. Oğurlanmış mahnı oxuyana da efirdə sənətkar deyirlər. Ayıbdır! Mən heç özümə sənətkar demirəm. Sadə müğənniyəm. Xalqın xalq artistiyəm. Allah Məmmədbağıra rəhmət etsin. Oxuyurdu ki, kimlərə qaldı dünya?! Dolub-boşaldı dünya! Dünyanın, həyatın işi budur. Gərək efirlərdə yaşlı müğənnilərə də yol versinlər. Onlar da sevinməlidir. Bu Allaha da xoş gedər. İnanın ki, sənətkar üçün adi efirə çıxmağın özü böyük bir sevincdir. Hərdənbir bizi də yada salsınlar. Nə olsun ki, biz yaşa dolmuşuq?! Bizi də dəvət edin! O vaxtı abır-həya, hörmət var idi. Bir-birini də tənqid edəndə öz aralarında danışırdılar, razılaşırdılar. O deyirdi, bu deyirdi! Müğənnilər arasında o vaxt belə şeylər görməmişəm" deyə sənətçi bildirib.
Tahirə Muradova deyir ki, şəraitsiz evdə yaşayır.
"Bir neçə aidiyyatı quruma, həmçinin Mədəniyyət Nazirliyinə müraciət etmişəm. Heç bir yerdən xəbər gəlməyib. Heç kəs heç kimə kömək etmir. 1 otaqda 5 nəfər adamla yaşayıram. Allaha yenə də şükür edirəm. Özümü elə aparıram ki, guya dünyanın xoşbəxtiyəm. Mədəniyyət Nazirliyi heç nə etmir! "İşinizə baxılacaq" deyə susurlar. Nə olar ki, mənə kömək etsinlər! Başqalarının evi var, yenə də ev alırlar. Sənətçi tanıyıram ki, 3 yerdə dövlətdən ev alıb. Mənə çatanda heç kəs kömək etmir. Təkcə Allahın ətəyindən yapışmışam. Hər şey vaxtında gözəldir. Bacım Mahrux Muradovaya prezident təqaüdü vermişdilər. Bir ay heç sevinmədi, dünyasını dəyişdi" deyə müğənni bildirib.