Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada “5” alanlar: Juninyo rekordu təkrarlayıb - TƏHLİL

Avropada “5” alanlar: Juninyo rekordu təkrarlayıb - TƏHLİL

Tarix: 9 Mart 2024 17:06

Olavio Juninyo "Qarabağ"ın heyətində 5-ci avrokubok qoluna imza atıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, braziliyalı hücumçu bununla da Azərbaycan rekordunu təkrarlayıb.

Söhbət bir mövsümdə vurulan qol sayından gedir. 28 yaşlı sambaçı debüt mövsümündə Ağdam klubunun bombardirinə çevrilib. O, bir avrokubok mövsümündə 5 qol vuran 7-ci futbolçumuzdur.

Hücumçudan artıq yarımmüdafiəçi
Azərbaycan futbolu tarixində avrokubok mövsümündə 5 qol vuran ilk oyunçu Əfran İsmayılovdur. O, həm də bunu bacaran yeganə azərbaycanlıdır. Yarımmüdafiəçi olsa da, hücumçulardan artıq məhsuldarlıq göstərən İsmayılov 2010/11 mövsümündə Avropa Liqasında 5 qol vurub. Sonradan onun rekordu dəfələrlə təkrarlansa da, Əfranın orta məhsuldarlığına hamı, o cümlədən Juninyo həsəd aparmalıdır. İsmayılov 6 matç keçirdiyi mövsümdə 5 dəfə fərqlənib.

Qrup görməyən sonuncu rekordçu
Mövsümdə 5 qol vuran ikinci futbolçu da "Qarabağ"ın üzvü olub. Reynaldo Silva 2013/14 mövsümündə Avropa Liqasında bunu bacarıb. O, Azərbaycan klublarında belə çox qol vuran ilk legioner kimi yadda qalıb. Braziliyalı futbolçu da Əfran kimi qrup mərhələsinə çıxmayan komandada fərqlənib. Həmin il qrupun bir addımlığında dayanan "Qarabağ"ın qol silahı cəmi 7 oyunda 5-ə çatıb. Həm Əfran, həm Reynaldo komandaları qrupa çıxsaydı, daha çox fərqlənə bilərdi.

Yeganə
Bir mövsümdə avrokuboklarda 5 qol vuran futbolçulardan yalnız biri "Qarabağ"da oynamadan buna nail olub. Bu, "Qəbələ"də qısa müddət parlayan Teo Uiksdir. O, 2016/17 mövsümündə Avropa Liqasında 12 matçda 5 qola sevinib. Liberiyalı həm təsnifat, həm qrupda oynayıb 5 qol vuran ilk futbolçudur. Amma onun bütün qolları qrupa qədər vurulub.

Dördüncü üçün 4 il gözlədik
Azərbaycan klubunda 5 avrokubok qolunu vuran 4-cü oyunçu Teodan 4 il sonra bunu bacarıb. "Qarabağ"la Konfrans Liqasında parlayan Kadi Borqes 2021/22 mövsümündə 5 qol vurub. O, təsnifatda 2, qrupda 3 dəfə fərqlənib. Bunun üçün braziliyalıya 14 matç lazım olub.

Fərqli "beş"lə beşinci
Avropa mövsümündə 5 qol vuran beşinci futbolçu Ovusu Kvabena olub. "Qarabağ"ın legioneri buna ötən mövsümdə imza atıb. O, əvvəlki illərin bombardirlərindən fərqlənib. Ovusu bir deyil, iki turnirdə oynamaqla 5 qol sevinci yaşayıb. Kadi kimi 14 oyuna çıxan Kvabena Çempionlar Liqasında 2, Avropa Liqasında 3 dəfə sevinib.

Ardıcıl 3-cü mövsüm
Son iki mövsümdə olduğu kimi 2023/24 futbol ilində də Avropada 5 qol vuran tapılıb. Bu, hələ Juninyodan əvvəl gerçəkləşib. Onun komanda yoldaşı Redon Cica artıq 5 qol vurub. Albaniyalı bütün qollarını Çempionlar Liqasında vurmaqla rekorda imza atıb. O, qitənin ən nüfuzlu klub turnirində Azərbaycan təmsilçisində mövsümə ən çox qol vuran oyunçudur. Ümumilikdə isə Redon bu mövsümdə 11 dəfə şans qazanıb.

İlk dəfə mövsümdə ikisi
5-ci qolunu vuran Juninyo daha bir ilkə səbəb olub. İlk dəfə bir mövsümdə iki futbolçu "5"ə çatıb. Cicanın rekordunun təkrarlanması ilə son 3 mövsümdə bunu bacaranların sayı 4-ə yüksəlib. Juninyo iki turnirdə oynasa da, 5 qolu da Avropa Liqasında vurub. O, buna ümumilikdə 14-cü avrokubok matçında nail olub.

Qeyd edək ki, həm Juninyo, həm də Cica "Bayer"lə 1/8 finalın səfər oyununda mütləq rekord etmək imkanına malikdir. Leandro Andrade ilə Yassin Benzia isə 5 qol vuranlara çatmaq üçün bir dəfə fərqlənməlidir.

Milli.Az


Etiketlər:  Avropada 5 alanlar Juninyo rekordu təkrarlayıb TƏHLİL


RƏYLƏR