Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2024 14:36
Yaxşı olardı ki, bu cür tədbirdə qeydiyyatdan keçmiş Azərbaycandan cəmi 2 təşkilat yox, bir neçə təşkilatımız iştirak etsin
Sonxeber.net bildirir ki, bu fikirləri Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli söyləyib.
"Yəqin ki, paylaşmalarımdan bilirsiniz ki, keçən həftə Sahib Məmmədovla birgə BMT-nin Cenevrədə yerləşən İnsan Hüquqları Şurasınin 55-ci sessiyasında canlı olaraq iştirak etdik. Hər birimiz 2 dəfə canlı olaraq Plenar sessiyalarda Azərbaycanda aktual hesab edilən, beynəlxalq aləmin məlumatlandırılması vacib olan məsələləri geniş dövlət qurumları, beynəlxalq qurumlar, xarici və milli qeyri-hökümət təşkilatları qarşısında qaldırdıq. Ölkəmizdən BMT Komitələrində nadir sayda təmsil olunan üzvlərdən Nadir Adilovla bir neçə dəfə görüşdük. Dəyərli məsləhətləri ilə bölüşdü bizimlə.
Lakin bir məsələni öz aramızda qeyd edirdik ki, nə yaxşı olardı ki, bu cür tədbirdə qeydiyyatdan keçmiş Azərbaycandan cəmi 2 təşkilat yox, bir neçə təşkilatımız iştirak etsin. Bu cür təşkilatların sayı artmalıdır. Təşkilatlarımız BMT-nin Nyu York, Vyana, Cenevrə ofislərində akkreditasiyadan keçməli, ECOSOC yanında məşvərətçi statusa yiyələnməlidirlər.
Biz tənqid edəndə, həm də təklif veririk. İnşallah bu sahədə marağı, insan resursu, bilikləri olan təşkilatlarla QHT Agentliyi ilə birgə prosedurlarla bağlı praktik məşğələlər keçmək fikrindəyəm. Təmənnasız. Sahib müəllim də, Umud Mirzayev müəllim də bu cür təlimlər keçir. Axı niyə Asiya, Afrika, dünyanın bir çox ölkələrini təmsil edən QHT-lər bu məsələlərdə aktiv olurlar, biz isə yox. Məncə bu yanaşma ilə bağlıdır.
Mən heç kimi tənqid və ya tərif etmək fikrində deyiləm. Amma əminəm ki, cənab Prezidentin elan etdiyi Yeni reallıqlara uyğün Yeni Dövr hər bir sahəyə aid olduğu kimi, vətəndaş cəmiyyəti sahəsinə də aiddir. Mən ümid edirəm ki, yaxın gələcəkdə QHT Agentliyinin qrant proqramının nəticələrin elanı mənim əminliyimi bir daha möhkəmləndirəcək.
QHT-lər tərəfindən verilən layihələr təkcə maliyyələşməsi və ya imtina edilməsi barədə qərar vermək üçün təhlil olunmur. Layihələr ona görə məsul şəxslər tərəfindən geniş və tam olaraq, bir neçə istiqamətdə təhlil olunur ki, indiki dövr üçün ümumi QHT-lərin vəziyyəti, potensialı (və ya bəzən potensialsızlığı) aydın olsun və Yeni dövr üçün buna görə strateji hədəflər seçilsin.
İndiyədək bir neçə beynəlxalq təşkilatlarda layihələrin qiymətləndirilməsi üzrə ekspert qismində cəlb olunmuşam. Bu baxımdan təxminən layihələrin ümumi vəziyyətini təxmin edə bilərəm.
"Əminəm ki, bu dəfə layihələr elan olunandan sonra keyfiyyət baxımından irəliləyiş olacaq. Kim isə ola bilər köhnə qaydada qranta yiyələnəcəyini düşünürsə, yanıla bilər. Məncə bir çox QHT-lər öyrəşdikləri "komfort zonasından" çıxmalı olacaqlar. Yalnız "Komfort zonasında" çıxmaqla, hər bir insan uğur qazana bilər! Kimsə "komfort zona"sından çıxmaq istəmirsə, o zaman günah özündədir", - o fikrini tamamlayıb.