Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2024 12:24
Sonxeber.net sportinfo.az-a istinadən "Kəpəz"də məşqçi işləmiş Əli İsmayılovla müsahibəni təqdim edir
"Kəpəz"in keçmiş futbolçusu, kapitanı, məşqçisi hazırda Gəncədə ictimai nəqliyyatda sürücülük edir.
Vaxtilə "Kəpəz", "Ədliyyə", "Bakılı", "Qəbələ", "Muğan", "Tərəqqi" kimi komandaların şərəfini qorumuş, sonradan "Qəbələ"də və "Kəpəz"də məşqçi işləmiş Əli İsmayılov bu gün avtobus idarə edir.
Sonuncu dəfə Yaşar Vahabzadənin dönəmində Gəncə təmsilçisində köməkçi-məşqçi kimi çalışmış 43 yaşlı mütəxəssis 2022-nin payızından bu yana futboldan uzaq düşüb.
Veteran futbolçuları diqqətdə saxladığımızdan, bu dəfə İsmayılovu arayıb, onunla müxtəlif mövzularda söhbət etdik.
- Futboldan uzaq düşmüsünüz deyəsən.
- Hə, qardaş, elədir. Sonuncu dəfə Yaşar Vahabzadənin dönəmində Premyer Liqada "Kəpəz"də köməkçi-məşqçi işləmişəm. O vaxtdan sonra yaxın buraxmırlar kluba.
- Niyə? Səbəb kimi nə göstərirlər?
- Dərdlərini özüm də bilmirəm. Klubun rəhbəri İlqar Nadiri bir neçə dəfə dəvət edib, görüşmüşük. U-19-a baş məşqçi təyin olunmaq söhbəti var idi. 3-4 dəfə gedib-gəldim alınmadı. Daha doğrusu, akademiyada mənə yer tapılmadı.
- Bəs, necə dolanırsınız?
- 2022-də bir az gözlədim, səbr etdim, başa düşdüm ki, alınan iş deyil. Çıxıb getdim Moskvaya. Orada dostlarım var, 1 ilə yaxın onların yanında işlədim. 2023-ün yayında Gəncəyə qayıtdım ki, bəlkə bu dəfə "Kəpəz"də iş tapılar mənə. Yayda neçə dəfə görüşüb-danışdıq, dedilər, diqqətimizdəsən, ilk imkanda sənə iş verəcəyik. Nə qədər gözlədim, axırda yer olmadığını dedilər. Odur ki, 2 ilə yaxındır futboldan uzağam. Başqa işlə məşğulam
- Bildiyimə görə sürücü işləyirsiniz.
- Bəli, Gəncədə şəhəriçi ictimai nəqliyyatda avtobus idarə edirəm. Dövlətin qarajıdır, ora sürücü kimi qəbul olunmuşam.
- Əvvəl də işləmişdiniz, yoxsa əlacsızlığın əlamətidir?
- Başqa variant yox idi. Ailəmi, uşaqlarımı dolandırmaq üçün buna məcbur oldum. Əlimdən maşın sürməkdən başqa iş gəlmir.
- Gündəlik gəlirlə işləyirsiniz, maaşla, yoxsa faizlə?
- Gündəlikdir. Sürücülərdə necədir, gündəlik işləyir, axşam cibindəki pula baxır. Xərcləri çıxandan sonra yerdə nə qalırsa, balalarına aparır.
- Hər gün nə qədər qazanc olur?
- Avtobus sürməklə nə qazanc olacaq? Çörəkpulu çıxır ancaq. Günə 20-25 manat. O da hər gün olmur. Ayın 15-17 gününü işləyirik növbə ilə. Vəziyyət həqiqətən çətindir. Amma nə edək? Ailə saxlamaq üçün məcburuq.
- Həyatda üzünü görmək istəmədiyiniz adamlardan avtobusa müştəri qismində minənlər olub?
- Elə bir şey yadıma gəlmir. Amma olsa belə, mən öz işimdən utanmıram. Hamının yanında da alnım açıqdır. Məşqçi yoldaşlarım, futbolçu tələbələrim, azarkeşlər - hamısı minib-düşür. Gəncə nə boydadır ki? Maşallah, hamı bir-birini tanıyır. Soruşurlar ki, niyə buradasan, niyə futboldan uzaqdasan? Vəziyyəti başa salıram.
- Vaxtilə qolunuzdakı kapitan sarğısı ilə komandanı arxanızca aparırdınız, indi sürücü kimi sərnişinləri mənzil başına çatdırırsınız. Ağır gəlir?
- Əlbəttə. Şəhərdə hamı tanıyır, futbolçu, məşqçi kimi görüblər, indi avtobus sürürəm. Sağ olsunlar, soruşurlar, maraqlanırlar, hörmət edirlər. Anadan olan gündən ayağı ota dəyməyən bəzi insanlar futbolda məşqçilik edir, ömrünün yarısını yaşıl meydanlara həsr edən adam sürücülük edir. Tək mən deyiləm. Vidadi Rzayev, Mustafa Əsədov və digərləri.
- Keçmişi futbolla bağlı olmayanların bu gün "Kəpəz"də məşqçi işlədiyini demək istəyirsiniz.
- Böyük qruplarda C kateqoriyası ilə baş məşqçi işləyənlər də var, "Kəpəz"lə yanaşı başqa yerdə fəaliyyət göstərib maaş alanlar da. Amma 3 il Yaşar Vahabzadənin yanında köməkçi işləyib, bir dəfə də olsun heç kimlə problem yaşamayan Əli İsmayılova iş tapılmır. Yaşar müəllim gedəndən sonra mənə başqa gözlə baxırlar. Görünən budur.
- Gəncə veteranlarının çoxu hazırkı rəhbərlikdən narazıdır. Nədir bunun səbəbi? Boş yer var, işləməyə imkan vermirlər, yoxsa öz adamlarını işlə təmin edirlər?
- Çempionat sona yaxınlaşır, inanmıram indi boş yer olsun. Amma mövsümün əvvəlində imkan olur. Çünki məşqçilərin müqavilə müddəti başa çatanda bütün yerlər boşalır. Rəhbərlik istədiyini saxlaya, istəmədiyini uzaqlaşdıra bilər. Həmin vaxt düzgün qərarlar verilməyib. İşləyənlə işləməyəni ayırd etmək, iki yerdə çalışanı müəyyənləşdirmək, kateqoriyaya görə üstünlük vermək lazım idi. Özümü çıxıram, mənim kimi nə qədər adam var. Hər birinin də özünə görə doğrusu var.