Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2024 18:50
Azərbaycanın Xalq artisti, məşhur nağaraçı Natiq Şirinov novator kimi tanınır. O, nağaranın ölçüləri və ritmlərlə eksperimentlər aparır və müxtəlif ölkələrdə konsertlər verir.
Sonxeber.net xəbər verir ki, Oxu.Az-a müsahibəsində Natiq Şirinov öz yaradıcılıq yolundan, toylarda ifaya münasibətdən, ritm bəstəkarlığından danışıb. Müsahibəni təqdim edirik:
- Siz nağaranı necə seçdiniz? Musiqiyə necə gəldiniz?
- Mən nağaranı seçməmişəm. O məni seçib.
- Necə seçib?
- Bu dünyaya gəlmədən öncə Allah nağaranı mənim üçün seçib. Seçməsi asan idi, amma mənim nağaraya yolum çətin olub. Uşaq ikən evdə qazan qoymurdum qalsın, ritm vururdum. (gülür) Ağlım kəsmədən Allah nağaranı mənim üçün seçib, amma ağlım kəsəndən seçimi mənim ixtiyarıma buraxıb. Bundan sonra nağaranı sevib-sevmədiyimi zaman göstərib. Ona görə də hər şeyin həqiqi dəyəri zamanla bilinir.
- Neçə yaşınızdan nağara dərsinə getmisiniz?
- Yeddi-səkkiz yaşım olardı, Pionerlər evinə gedirdim. Müəllimim Azər Əliyev olub, "Cücələrim" ansamblında idim. Əvvəl böyük bacım Rubabə Şirinova əlimdən tutub aparırdı, sonra özüm gedib-gəlirdim. Düzdür, rəhmətlik atam, baxmayaraq ki, biz musiqiçi nəslindənik (hamı bilir ki, babalarım aşıq olublar) narazı idi, deyirdi, "oxumaq yaxşıdır, bu nağaranın axırı yoxdur". Sonra 6 nömrəli musiqi məktəbində təhsilimi davam etdirdim.
Aygün Bəylərin ilk nağaraçısı mən olmuşam, 1990-cı illərin əvvəlindən danışıram. Səkkiz-doqquz il birlikdə işləmişik. Sonra da müxtəlif ansambllarda çalışmışam, toylara getmişik. O illərdə bizdə toylardan başqa heç nə olmurdu. Konsertlərdə çıxış edərdilər Zeynəb Xanlarova, Rəşid Behbudov və s. 1999-cu ildə mən Asəf Zeynallıda (Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci - red.) Sevil Sarıyevanın konsertində onu müşayiət edəndə tarzən Ələkbər Ələkbərov muğamın bir hissəsini solo ifa etməyimi istədi. Mən bunu mümkünsüz bilirdim, ona görə də yaxşı ki, məcbur elədi - mən "Rast" muğamını vurğularla ifa etdim. Tamaşaçılar sırasında Alim Qasımov da var idi, o artıq dünyaca məşhur sənətkar idi. Konsert bitəndən sonra məni birlikdə işləməyə dəvət etdi. İlk məşqdən sonra pasportumun olub-olmadığını soruşdu. Xaricdəki konsertlərə gedəcəkdim, hətta solo ifalarım olacaqdı... 1999-cu ildən 2007-ci ilə qədər Alim müəllimlə çalışdım. Son səfərimiz Amerika Birləşmiş Ştatlarına oldu. Sonra gördüm ki, çatdıra bilmirəm, mənim öz ritm qrupum var idi.
- Ritm qrupunuz nə vaxt yarandı?
- 1996-cı ildə başladım, bir il sonra artıq var idi. Adını "Ümid" qoymuşdum, həmin il oğlum anadan olmuşdu. Sonra Türkiyədə də o adda qrup var idi deyə adını dəyişdim.
- Sizin öz məktəbiniz də var...
- Hə, özəl məktəbim var, Zeynalabdin Tağıyev adına Mədəniyyət evində yerləşir. 40 ildir ki, mən o binadayam. Uşaq olanda Yeni il şənliklərində nağarada çalırdım, kluba gedirdim. Oradan toylara aparırdılar... Mən doqquz yaşımdan toylara gedirəm. 20-21 yaşımda toyları buraxdım, getmədim. Çünki bilirdim ki, bunun sonunda nağaranı dünyaya çıxara bilməyəcəyəm. Toyda ifa edən mənim dostlarım var, sənətkarlar var. Xalq arasında sevilən insanlardır, öz dəst-xətləri var. Toy elimizin adətidir, dədə-babadan qoyulan bünövrədir. Sadəcə, olaraq toy sənəti dünya sənəti deyil. Toyda ifa edən musiqiçi dünyaya çıxa bilməz demirəm, mən də toydan çıxmışam, sadəcə, gərək onu buraxıb sırf sənətlə məşğul olasan, vaxtını ona sərf edəsən ki, sənətini dünyada qəbul etdirə biləsən. Toydan çıxmış bir musiqiçi kimi danışıram, mənim vaxtımda ritm anlayışı yox idi, bəstəkarlığı yox idi, iki saat konsert verəcək nağarada ifa edən solistlər yox idi...
- Yolunuz çətin idi, amma indi əlləriniz tarixə düşüb, demək olar.
- Mən bunları sevgidən eləmişəm, sonradan fikirləşmişəm ki, tarixə düşüm. Sabah nəslimiz fəxr etsin, nəvəm qürurla desin ki, mən Natiq Şirinovun nəvəsiyəm. Necə ki mən fəxrlə deyirəm ki, mən Aşıq İdrisin (1905-1943) nəvəsiyəm, hansı ki Göyçə mahalında Aşıqlar Birliyinin sədri olub. Babamın atası - Aşıq Şirin 1847-ci ildə anadan olub. Onun da atası Pullu Məhərrəm xeyriyyəçi idi, Göyçə mahalında Qızıl körpünü tikdirib.
- Bəs necə oldu ki, Hindistan ritmlərini öyrəndiniz?
- Alim müəllimlə ki dünyanı gəzirdik, musiqiçiləri, ritm ifaçılarını görürdüm. Bir gün Alim müəllimin məşqinə tabla çalan hindistanlı gəldi. Onun ifasını eşidəndə dəhşətə gəldim, hətta məni ağlamaq tutmuşdu. Dedim ki, mən bunu öyrənəcəyəm. Alim müəllimdən xahiş etdim ki, məni Hindistana göndərsin. (gülür) Sağ olsun, vasitəçi oldu, dostları kömək etdilər. Həmin vaxt Hindistanda zəlzələ baş verdi, ona görə də Moskvadakı Hindistan konsulluğunda ustad Ali Kahan mənə dərs dedi. Mən o dərslərə başlayanda bildim ki, bizim ritmlərin vəziyyəti nə gündədir, biz haradayıq, dünya harada. Mən gəlib danışanda inkar edənlər var idi, "dünənki uşaq gəlib bizə ağıl öyrədir, ritmdən dərs keçir" deyirdilər. İllər keçdi, indi hamı mənim bildiklərimi öyrənmək istəyir. Mənə gülənlər mənim kimi ifa etmək istəyirlər. Bu da məni sevindirir. Çünki mən həqiqətin arxasınca gedirdim. Çünki bəşəriyyətin ritminin ana vətəni Hindistandır, Misirdir, Afrikadır. Bu, sübut olunmuş faktdır.
Yaxşı musiqiçi olmaq istəyirsənsə, mütləq caz musiqisini bilməlisən, bir də hind ritmlərini. 360 ritm var. Hindistanlılar ritmlərini özünəməxsus şəkildə səsləndirirlər. Qayıdandan sonra mən də başladım ritmlərimizi səsləndirməyə, amma bizə məxsus.
- Ritm bəstəkarı kimə deyilir?
- Ritm bəstəkarı anlamını mən gətirmişəm sənətə. Bu o insana deyilir ki, dörd-beş dəqiqəlik böyük həcmdə simfonik əsər kimi orkestr solistləri arasında bölünə bilən kompozisiya yaza bilsin. Hesab edirəm ki, heç olmasa, üç əsər yazarsa, ona artıq ritm bəstəkarı adı vermək olar.
- Siz neçə əsər yazmısınız?
- Min beş yüz ritm yazmışam. O ritmlərdən ibarət 50-yə yaxın əsərim var. Musiqi ilə olanlar, tək ritmlər olanlar da. Əlavə də edim ki, 4/70 ölçüdə məndən başqa dünyada ritm yazan nadir tapılar. 4/24, 4/36, 4/54 ölçüdə də ritmlər yazmışam. Üç fərqli ölçüdə ritmi bir yerdə ifa etmək də, məsələn, 9/8, 6/8, 4/4, ilk bizdə olub... "Bir qəlbdə iki ruh" adlı kompozisiyamız var, ifaçı hər əli ilə fərqli ritmlər çalır. Onu da ilk biz etmişik.
- Siz nağaranın ölçüləri ilə də eksperimentlər edirsiniz, işıqlı nağara da yaratmısınız...
- Mən o işıqlı nağaranı görüntü üçün etməmişəm. Təbii dəridir deyə mən nağaranı tez-tez qızdırırdım ki, zil səs versin. Sonra ağlımıza gəldi və içinə işıq (lampa) quraşdırdıq, hələ tənzimlənməsini də etdik. Hamı da elə bildi ki, görüntü üçündür, başladılar təkrarlamağa. (gülür)
Azərbaycanın səkkiz növ zərb aləti vardı, indi 21-dir. On üç növ nağara mənə məxsusdur. İki nağaranı da bərpa edib səhnəyə gətirmişəm - saxsı nağara və qavaldaşı.
- Ən böyük nağaranızın diametri iki metrdir?
- Bəli, iki metrdir. Ondan da əvvəl 2 tonluq, 4x3 metr ölçüdə nağara icad etmişdik, mühərrikli, təkərli, möhtəşəm bir şey idi, içində 25 nəfər yerləşirdi... İnşallah, onu bərpa edərik.
Bunlar o 13 zərb alətinin sırasındadır. Bunlardan əlavə, dəyirmili bas nağara, tək üzlü bas nağara, yarım tək üzlü bas nağara, zəng bas nağara, qoşa bas nağara, böyük bas nağara, şəbəkə nağara, üçlük nağara, 1 metr diametrli nağara... Bizim ilklərimiz çox olub, ilk dəfə biz nağarada qatarın səsini, atışma səsini canlandırmışıq.
- Siz şou sevirsiniz, deyəsən, yarada bilirsiniz.
- Əsl sənət şousunu sevirəm, yalançını yox. Şou sözünü də sevirəm, o, əsl sənətkarlara aiddir. Habil Əliyevin çıxışları da şou idi, necə xarakter yaradırdı səhnədə! Əsl şoumen idi. Yoxsa elə bilirlər, ağlına gələni səhnədə etməklə şou olur. Bu gün insanlar gördüklərinə çox önəm verirlər, eşitdiklərinə yox: nağara göydə fırlansın, fişənglər partlasın... Kütlə sənətə dəyər verə bilmir, onu da edən xalqla elə biz özümüzük.
- Bəs sizin fonoqrama münasibətiniz necədir?
- Çox pisdir, lakin məcbur istifadə edirik. Amma biz yenə də canlı vururuq, fonoqram bilinmir. Uşaqlara deyirəm ki, o pulu halallıqla yeyə bilmərik, əllərimiz gərək ağrısın.
- Əllərinizi tez-tez müalicə etdirirsiniz. Niyə?
- 2004-cü ildə festivalların birində çıxış zamanı əlimə zərbə dəydi. Mənim nağaramın dəmirdən elementi var, necə coşqu ilə ifa edirdimsə, əlim gəldi dəmirin üstünə, iki barmağım qaraldı. Uşaqlara da dərs deyəndə tapşırıram ki, çalışın, sümüyünüzü zədələməyin. İndi hər il müalicə edirəm. Hava soyuq olanda ifa etməkdə çətinlik çəkirəm.
Nağarada ifa etmək asan deyil. Kiminsə əlini ülgüclə kəsib nağarada ifa etməsini xahiş edəsən, təri də axsın kəsiklərə, dözərmi?