Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2024 14:15
"Bu gün həm rejissorlarımız, həm də yazarlarımız cılızlaşıb".
Sonxeber.net bildirir ki, bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Çingiz Əhmədov deyib.
Hər zaman komik obrazlarda görünən aktyor rejissorların onu yalnız bir ampluada görməsindən təngə gədiyini bildirib:
"Dramatik obrazlarda oynamağı çox sevirəm, amma rejissorlar məni sanki görmür. Teatrımızda Anarın "Adamın adamı" əsəri səhnələşdirilir. Çox aktual bir mövzudur. O dövrdə də adamın olmadısa, apar qaytar, indiki dövrdə də... "Qorxma mən səninləyəm" tamaşasında da oynayıram. Görək dəyişikliklər gözlənilir.
Vaxtilə Səyavuş Aslan da komik rollarda oynayıb, amma Akademik Milli Dram Teatrına gedəndən sonra necə gözəl dramatik obrazlarda oynadı. Yəni aktyor xəmir kimidir, onu yoğurmaq, bişirmək lazımdır. Hüseynağa Atakişiyevdən başqa elə bir rejissor görmürəm. Bir də Bəhram Osmanov sağ olsun ki, Qoqolun "Evlənmə" tamaşasında maraqlı bir obrazı canlandırdım. Bəhram məni o tamaşada büsbütün dəyişdi.
Bu gün həm rejissorlarımız, həm də yazarlarımız cılızlaşıb. Yaxşı ki, öz baqajım var. Allah qismət edib Əliağa Ağayev kimi ustadım olub. Nəsibə Zeynalova, Hacıbaba Bağırovdan nələrisə əxz etmişəm.
Etdiyim impravizələr tamaşaçı tərəfindən sevilirsə, xoşbəxtəm. Sevirəm aktyor dəyişsin. Dəyişməsə, bir ampluada qalsa, bu bədbəxtçilikdir. Əliağa əmi bir dəfə mənə dedi ki, sən özünü qoru, gələcəyin var, vaxt gələcək, korluq çəkəcəksiniz, deyəcəksiz heyf deyildi keçmiş dövrün aktyorları. İndi görürəm ki, düz deyirmiş. Teatra gələnlər var, amma vokalistlər. Bu gün komediya janrında oynayan aktyorlar tükənib, yoxdur daha".