Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Axşam yatdım, səhər oyananda “Gülnar” oldum” - FOTO

“Axşam yatdım, səhər oyananda “Gülnar” oldum” -  FOTO

Tarix: 1 May 2024 11:05

"Ömrümdə sıxıcı, çətin, əziyyətli və xoşbəxt günlərim olub. Lakin yenə də bu yaşıma qədər nə isə etməyə,  nümunəvi olmağa çalışmışam. Sənətimdə birdən-birə sıçramamışam. Pillə-pillə qalxmışam. Bu da hər kəsin gözü qarşısında olub".

Sonxeber.net bildirir ki, bunu oxu.Az-a müsahibəsində 65 illik yubileyini qeyd edən Xalq artisti Firəngiz Mütəllimova deyib.

Müsahibəni təqdim edirik:

-  Firəngiz xanım, necəsiniz? İşləriniz necə gedir?

- İşlərim şükür Allaha ki, qaydasındadır. Hər şey yolundadır. Bir iş tapşırılanda çalışıram ki, layiqincə yerinə yetirim. Həmişəki kimi iş başındayam. Teatra gedib, gəlirəm.

- Bu gün sizin doğum gününüzdür. Bu münasibət ilə öncə sizi təbrik edirik. Necə keçirəcəksiniz? Sadə keçirməyi sevirsiniz, yoxsa təmtəraqlı?

- Bəli, doğum günümdür. Lakin mənim əsil doğum günüm aprelin üçündədir. Aprelin üçü Şuşa şəhərində anadan olmuşam. Amma atam-anam sənədimi Ağcabədi rayonundan gec alıblar. Atam orada işləyib. Mənə görə aprelin üçü də, mayın biri də əziz gündür.

Doğum günümü adətən doğmalarımla sadə şəkildə keçirirəm. Təmtəraqsız qeyd edirəm. Həmişə mənə evdə sürpriz edirlər. Açığı hələ ki, məlumatsızam.

- Firəngiz xanım,  65 illik ömrünüzü necə qiymətləndirirsiniz?

- Ömrümdə sıxıcı, çətin, əziyyətli və xoşbəxt günlərim olub. Lakin yenə də bu yaşıma qədər nə isə etməyə çalışmışam. Hər zaman nümunəvi olmağa çalışmışam. Sənətimdə birdən-birə sıçramamışam. Pillə-pillə qalxmışam. Bu da hər kəsin gözü qarşısında olub.

Ən azı ailəmin və tamaşaçımın sevgisini qazana bilmişəm. Çalışmışam həmişə sadəliyimlə seçilim. Hər zaman hara necə lazımdırsa, elə geyinmişəm. Şükür Allaha bütün əziyyətlərimin bəhrəsini görürəm, yəqin ki, görəcəyəm də.

Bu həyata imtahan verməyə gəlirik. Şükür olsun ki, Allahım mənə istedad verib. Seçilənlərdən edib, şans, sənətə sevgi, gülər üz verib. Hər birinə görə Allah şükür edib, təşəkkürüm edirəm. Allahın aldığı və verdiyi hər şeyə görə minnətdaram.

- Keçmiş günlər yəqin ki, yada düşür. Necə deyərlər, yada düşər xatirələr. Dünənə qayıtsaydınız nələr edərdiniz?

- Keçmişi unutmaq olmur. Nə qədər desələr də ki, keçmişi unudun, gələcəyə baxın, bu günlə yaşayın. Belə olmur. Hər dəfə keçmişi xatırlamamaq olmur. Əlbəttə keçmişə qayıtmaq istəyərdim. Bütün ailə üzvlərimin sağlam olduğu günlərimizə qayıdardım. Keçmişə sırf ailəmə görə qayıtmaq istərdim.  Heç nə etməzdim. Valideynlərimə qarşı sevgimi daha da artırardım.

- Dünənizi bu gününüzə dəyişərdiniz?

- Bu sual mənə yaddır. Heç yaxın deyil. Hər yaşadığım gün Allahın mənim alnıma yazdığı taleyimdir. Bu yaşa çatıramsa, min şükür. Elə kəs yoxdur ki, tam xoşbəxt və ya tam bədbəxt ola. Allah dərd verəndə dərman da verir. 2013-cü ildə ağır beyin əməliyyatı keçirmişəm. Baxmayaraq ki, ayağımda zəiflik var. Ona da min şükür edirəm.

- Yaş artdıqca bəzi sənət adamlarında komplekslər yaranır. Bəs siz də?

- Yox, məndə kompleks yaranmır. Daxilən yaşımı hiss etmirəm. Üzdən yaş getdikcə hiss oluna bilər. Çünki qırışlar artır. Birdən özümü daxilən çox gənc hiss edirəm. Yaşımı unuduram. Birdən də elə olur ki, çox yaşlı hiss edirəm. Həyatdır. Allah bizə elə sevincli günlər nəsib etsin ki, o sevinc üzümüzə vursun. Hələ ki, kompleks hiss etmirəm.

- Efirlərdə son zamanlar az-az görünürsünüz, səbəbi nədir?

- Bir ildir ki, efirlərə çıxmıram. Qardaşım qəfildən ötən il dünyasını dəyişdi. Məndən iki yaş balaca idi. Onunla bir sinifdə oxumuşam. 10 il bir partada oturmuşuq. Bakıda bir oxumuşuq. O mənə çox pis təsir edib. O başqa idi. Mən itkimi tez bir zamanda unuda bilmədim. Depressiyaya düşdüm. Özümə gələ bilmirdim. Efirə çıxmıram. Seriallara çəkilmədim. Sağ olsunlar, təkliflər də gəldi. Çağırırlar, çıxmıram. Hələ də həvəsim yoxdur. Hələ ki, görünmürəm. Bəlkə 1-2 aya çıxdım. Dəqiq bilmirəm.

- Çoxsaylı teatr və televiziya tamaşalarınız olub. İndi onları izləyəndə hansı hissləri keçirirsiniz?

- Televiziya tamaşalarıma baxanda və ya aktyor dostlarım elə səhnəciklər göndərir ki, ləzzətlə izləyirəm. O vaxt Novruz və Yeni il bayramlarında səhnəciklərə çəkilirdik. Ləzzətlə baxıram. Deyirəm nə yaxşı ki, çəkilmişəm. Hamısı tarixdir. Eləsi var ki, indi olsa, çəkilməzdim. Mən Azərbaycan televiziyasında ən çox televiziya tamaşaları qızıl fondu olan aktrisayam. Çoxlu tamaşalarım var. 

- Yaradıcılığınızla bağlı tamaşaçıları hansı yeniliklər gözləyir?

- Hələ heç nə deyə bilmərəm. 2023-cü il Heydər Əliyevin 100 illiyi,  Milli teatrımızın 150 illiyi oldu. Bununla əlaqədar Azərbaycanın dörd böyük rayonunda "Qarabağnamə" tamaşası qastrollarında oldum. Mingəçevir, Lənkəran, Gəncə və Şəkidə. Çox uğurlu keçdi. Şükür Allaha, Azərbaycan rayonlarında teatrları sevirlər. Böyük sevgi ilə qarşıladılar. Yeni tamaşalar haqqında nə isə deyə bilmərəm. Yeni rollar ilə tamaşaçıların görüşünə gələ biləcəyəm.

- Sizcə, indi film sektorunda vəziyyət nə yerdədir? Bu, sizi qane edirmi?

- Filmə az çəkilmişəm. Açığı filmə bağlı deyiləm. Son vaxtlar film təklifləri olub. İstəməmişəm. Tarixi film olsa, çəkilərəm. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası çəksə, ssenarisinə baxıb, çəkilərəm. Sonuncu dəfə "Qala" filminə çəkilmişəm. Tərəf müqabilim də Rasim Balayev olub. Ondan sonra çəkilməmişəm. Film sektoru haqqında heç nə deyə bilmirəm. Filmlərə baxmıram. Bəlkə də baxsaydım, rəy deyərdim.

- Sizə təklif edilib, oynamadığınız rol olub?

- Bəli, elə rol olub ki, oynamamışam. Elə rol olub ki, tamaşa oynayıb, oradan çıxıb, başqa tamaşada baş rol canlandırmışam. Adların çəkmirəm. Sənət sirridir. Sevmədiyim rol da olub, sevə-sevə oynamışam. Ən sevdiyim rolları daha çox oynamışam.

- "Gülgəz" obrazının sırf sizin üçün yazıldığını demisiniz.

- "Gülgəz" obrazını İlyas bəy demişdi ki, sənə görə yazmışam. Çox gözəl rol idi. Monoloqum var idi. Hər şey kinolent kimi gözümün qabağından keçdi.

- Bu gün rejissor çatışmazlığı olduğu deyilir. Sizcə o dövrün rejissorları ilə indikilər arasında nə kimi fərqlər var?

- Azərbaycanın tanınmış bütün rejissorları ilə işləmişəm. Hər rejissorun özünəməxsusluğu var. Narazılığım olmayıb. Normal rolumu oynamışam. Hər rejissor müxtəlif mövqedə işləyir. Məqsədi və fikri başqadır. Ana xətti başqadır. Çox rejissorla işləmək yaxşıdır. İndi də gənc və istedadlı rejissorlar var. İş prinsipləri fərqlidir. İnşallah öz imzaları ilə tarixdə qalacaqlar.

- Şuşaya getmək ən böyük arzunuz idi. Şuşanıza qovuşdunuz. İndi ən böyük arzunuz nədir?

- Şuşa ən böyük arzum idi. Düz 30 il həsrətini çəkdim. Hara gedirdimsə, Şuşanı fikirləşirdim. Yuxularımda evimizi görürdüm. Mənim üçün əlçatmaz, həsrətində olduğum varlığa çevrilmişdi. Mən ora gedəndə sanki beş yaşında körpə qoymuşdum. Oxşaya-oxşaya getdim. Min şükür. Heç kəs həsrət yaşatmasın. Elə böyük arzum yoxdur. İndi ən böyük arzum ailə üzvlərimin canının sağlığı, ölkəmizin əmin-amanlıq və sülh içərisində olmasıdır.

- Ən sevdiyiniz rolunuz hansıdır?

- Rollarımı çox sevirəm. Ən maraqlı gələni isə "Bizim qəribə taleyimiz" tamaşasında "narkoman Mələk" obrazı idi. Tam fərqli obraz idi. O mənə obraz kimi çox maraqlı gəlirdi. Onu çox ürəklə oynamağa çalışırdım. Lap ləzzət alırdım. Bütün rollarımı sevmişəm. İstədiyim rolları canlandırmışam. Obrazları oynayanda hər zaman ləzzət almışam.

- Firəngiz xanımı Firəngiz Mütəllimova edən obraz hansıdır? Yəni sizi məşhurlaşdıran?

- Teatra ilk gəlişim 1980-ci il oktyabrın 4-də Sabit Rəhmanın "Əliqulu evlənir" tamaşasında "Qumral" obrazı olub. İlk səhnəyə gəlişim uğurlu olub. Daha sonra ardıcıl rollar almışam. Baş rollarda daha çox oynamışam.

Amma əsas məni tanıdan Aslan Qəhrəmanovun "Səni axtarıram" tamaşasında "Gülnar" obrazı olub. Tərəf müqabilim istedadlı aktyor Yaşar Nuri idi. O tamaşa televiziyada yayımlandı. Bir gün axşam yatdım, səhər oyananda "Gülnar" oldum. İndi də "Gülnar" deyənlər var. O da Allahın şansı idi. Üzümə qapı açıldı.


Etiketlər:  Axşam yatdım səhər oyananda Gülnar oldum FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ