Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kaş Firəngiz xanım ''Bəxt üzüyü 2''də çəkilməzdi, filmi görüb utandım”

''Kaş Firəngiz xanım ''Bəxt üzüyü 2''də çəkilməzdi, filmi görüb utandım”

Tarix: 3 Iyun 2024 09:45

"Balaca uşaq idim. Bəlkə də o vaxt 7-8 yaşım olardı. O zaman ancaq Dövlət televiziyası var idi. Televiziyada izlədiyim, uşaq ikən dinlədiyim iki ifaçı var idi. Sərxan Sərxan və Firəngiz Rəhimbəyova. Firəngiz Rəhimbəyovanın ifası eşidiləndə ekran qarşısında dayanıb ona baxardım. Firəngiz xanımın ifasında dəyərli bəstəkarımız Eldar Mansurovun "İnanıram sevgiyə" adlı mahnısı var. Bu mahnını çox sevirdim. Mətni anlamırdım, 7-8 yaşında uşaq sevgi mahnısından bir şey anlamayacaq. Amma musiqi, Firəngiz xanımın səsi o qədər gözəl idi ki, məni uzaqlara aparırdı. Mən deyərdim ki, həmin mahnı ilə onun vurğunu oldum"
 
Sonxeber.net bildirir ki, bunu moderator.az-a açıqlamasında Amerikada yaşayan tanınmış aparıcı Səxavət Nur deyib. O bildirib ki, Firəngiz xanımla illər sonra yaxın dostluqları başlayıb.
 
"İllər sonra Firəngiz xanımın Amerikaya getdiyini eşidib çox üzülmüşdüm. 90-cı illərin əvvəlləri idi. İstəyirdim ki, oxusun, elə bilirdim bir daha onu görməyəcəm. İllər sonra radioya gəldim. Çünki radio və televiziya mənim uşaqlıq arzum idi. Firəngiz xanımın mahnılarını efirimdə səsləndirirdim. 2001-ci ildə Firəngiz Rəhimbəyova Azərbaycana gəlmişdi. Bunu eşitdim və dərhal onunla əlaqəm saxladım. Onu efirimə dəvət etdim. Firəngiz xanımla enerjimiz tutdu, dostluğumuz başladı. Ondan sonra artıq Firəngiz xanımla tez-tez danışmağa, zəngləşməyə başladıq. Bir-birimizdən tez-tez xəbərimiz olurdu. Mən bir dost qazanmışdım. Çox güman ki, Firəngiz Rəhimbəyova da mənim timsalımda bir dost qazanmışdı. Bu görüşdən sonra yenə o Azərbaycana gəldi, bizim evimizdə qonaq olub, bütün ailəmlə tanış oldu. 2012-ci ildə Firəngiz xanım Nyu-Yorkda konsert təşkil etmişdi. İstədi ki, həmin konsertin aparıcısı mən olum. Biz onunla bərabər səhnəni paylaşdıq. 2014-cü ildə mən Amerikaya köçdüm. Bu dəfə onun ailəsində mən qonaq olub, həyat yoldaşı, ailəsi ilə yaxından tanış oldum. Düzdür, ikimiz də Amerika Birləşmiş Ştatlarında yaşayırdıq, amma aramızda böyük məsafə var idi. Nəticə etibarı ilə Amerikaya köçməyim bizi heç də yaxınlaşdırmadı, aramızda məsafə var idi. Təxminən 5 saatlıq yol idi. Mən Vaşinqton, o isə Los Anceles ştatında yaşayırdı. Tez-tez zəngləşib, məsləhətləşirdik. Sonuncu dəfə ad günündə onunla danışmışdım. Deyirdi ki, gələcək Vaşinqtona, evimdə qonaq olacaq. Belə oldu ki, ad günündən sonra da ölüm xəbərini eşitdim. Firəngiz xanım mənim xatirələrimdə gülərüz, mehriban, aydın qalıb. Düşünürəm ki, Firəngiz xanım dünyaya nə üçün gəldiyini anlamışdı. Hər bir insanın doğulduğu gündən bəri beynində dolaşan bir sual var ki, mən nə üçün doğulmuşam?! İllərlə biz bu suala cavab axtarmağa çalışırıq. Firəngiz xanım bu sualın cavabını tapmışdı. Həyatından da çox razı idi" deyə aparıcı bildirib.
 
Səxavət Nur Firəngiz Rəhimbəyovanın Azərbaycanı tərk etməsi ilə bağlı suala belə cavab verib.
 
"Açığı bu sualı Firəngiz xanımdan heç vaxt soruşmamışam. Filmdə olanda belə ondan soruşmadım ki, niyə Azərbaycanı tərk etdiniz? Bir çox səbəblər ola bilərdi. Amma bir şeyi əminliklə bilirəm ki, Firəngiz xanım Amerikaya ulduz olmaq üçün, Hollivud arzusu ilə gəlməmişdi. Çünki onunla bağlı addımlar da ata bilərdi. O Amerikaya sadə və sakit həyat yaşamaq üçün gəlmişdi. Həmişə deyirdi ki, burada mənim qohumlarım yaşayır, onlara yaxın olmaq üçün bura gəlmişəm. Bir çox səbəblər ola bilərdi, övladının gələcəyi üçün bəlkə də gəlmişdi. Əslində o qədər yaxşı anlayıram onun Amerikaya köçüb gəlməyini. Buna çox şey təkan ola bilər. Və yaxud hansısa şəxsi münasibətlər səbəb ola bilər. Dəyərli bir insanı itirəndən sonra onun yaşadığı yerdən uzaqlaşıb çıxıb getmək istəyirsən. Bunun üçün də ən çox sevdiyin sənətini də qurban verirsənsə bunun nə demək olduğunu mən daha yaxşı başa düşürəm. Bu sualı heç vaxt ona vermədim və o da heç vaxt danışmadı" deyə o bildirib.
 
Səxavət Nur bildirib ki, "Bəxt üzüyü-2" filmində çəkilməyini aktrisaya o tövsiyyə edib.
 
"Firəngiz Rəhimbəyova hər kəsin fikrində "Bəxt üzüyü" filminə görə aktrisa kimi qalıb. O professional musiqi ifaçısı idi. Deyərdim ki, 80-90-cı illərdə Azərbaycan estrada musiqisinin ən uğurlu ifaçılarından biri idi. Bunu onun köhnə ifalarına qulaq asanda da görmək olur. Bu qədər maraqlı bir ifaçı idi. Firəngiz Rəhimbəyovadan sonra gələn bir çox Azərbaycan estrada ulduzlarının onu təqlid etdikləri göz qarşısındadır. Mən deyərdim ki, estrada ifaçısı olaraq onun yaratdığı maraqlı bir obraz var idi. Sonra artıq "Bəxt üzüyü" filminə çəkilmişdi, aktrisa kimi özünü sınamışdı. Çox da uğurlu alınmışdı. Azərbaycan estrada musiqisini sevənlər Furəngiz Rəhimbəyovanı ifaçı kimi onsuz tanıyırdı. Böyük bir kütlə isə onu aktrisa kimi "Bəxt üzüyü" filmindən sonra tanıdı. Mən deyərdim ki, həqiqətən də çox uğurlu bir rol oldu. Hətta xatırlayıram, bir neçə il bundan əvvəl "Bəxt üzüyü" filminin 2-ci hissəsi çəkilərkən Firəngiz xanım mənimlə əlaqə saxladı. Dedi ki, belə bir təklif gəlib, "Bəxt üzüyü" filminin 2-ci hissəsi çəkilir, bilmirəm qəbul edim yoxsa yox?! Dedim ki, Firəngiz xanım, indi Azərbaycan dəyişib. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Azərbaycan kinosu, incəsənəti bir az durğunluq yaşadı. İndi artıq hər şey professional şəkildədir. Bizdə çox dəyərli, işini bilən insanlar var. Xüsusilə də kino sahəsində artıq yaxşı filmlər çəkilməyə başlayıb, məncə qəbul edin. O da bu təklifi qəbul etdi. Açığı mənimlə ssenarini də paylaşmışdı. Senari yaxşı səslənirdi. Film ekranlara çıxandan sonra mən utandığımdan bir müddət onunla danışmadım. Çünki ona həmin məsləhəti verdiyimə görə çox peşman olmuşdum. Kaşki "Bəxt üzüyü" filminin 2-ci hissəsi heç çəkilməzdi" deyə Səxavət Nur bildirib.


Etiketlər:  Kaş Firəngiz xanım Bəxt üzüyü 2də çəkilməzdi filmi görüb utandım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ