Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 19:08
"Səbail"in futbolçusu Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Sabah"a 1:3 hesabı ilə məğlub olduqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.
- Bilirdik ki, bizi çətin oyun gözləyir. "Sabah"a da, bizə də xal lazım idi. Ancaq evdə oynadığımız üçün üstünlük bizdə idi. Pis çıxış etdiyimizi deməzdim. Xüsusilə ikinci hissədə yaxşı oynamışdıq. Qol da vura bildik. Təəssüflər olsun ki, hesabı sona qədər qoruyub, saxlaya bilmədik.
- Həlledici məqamda qol vurdunuz, amma sona 8 dəqiqə qalmış böyük üstünlüyü əldən verdiniz. Buna nə səbəb oldu?
- Matçın axırına yaxın qol vurduq, sonra da qapımızda 3 top gördük. Bilmirəm ki, diqqətsizlik oldu, yoxsa birinci qoldan sonra futbolçularımız qələbə qolunu vurmaq istəyirdilər, rəqib də bizi əks-hücumda yaxaladı. Futboldur, belə şeylər tez-tez olur. Ancaq nəticə çıxarmaq lazımdır. 7 dəqiqəyə 3 qol buraxmaq bizə yaraşmır.
- Deyəsən, son dəqiqələrdə çatdırmırdınız. Siz özünüz də kənardan yorğun görünürdünüz. Yəni, belə tez yorulmuşdunuz?
- Ola bilər. Amma oyuna həmişəki kimi hazırlaşmışdıq. Amma çox yorğun olduğumuzu deməzdim. Ola bilər ki, kənardan elə görünsün. Məncə, 90 dəqiqə oynamağa gücüm var idi.
- "Sabah" bu gün sizdən çox güclü idi?
- Güclü idi, deməzdim. Epizodlarımız çox oldu, amma istifadə edə bilmədik. Məncə, "Sabah"dan yaxşı çıxış etdik. Xüsusi ilə də ikinci hissədə daha üstün oynadıq. Amma yaxşı oyuna görə xal vermirlər də.
- Əsas futbolçularımızdan Ağabala Ramazanov və Mirabdulla Abbasovun iştirak etməməyinin nə qədər təsiri oldu?
- Ağabala və Mirabdulla bizim aparıcı oyunçularımızdandır. Onların yoxluğu bəlkə də hiss olunub. Amma deməzdim ki, onların yerində oynayan futbolçular pis çıxış etdilər.
- Adilin qırmızı vərəqə alması nəticəyə nə qədər təsir etdi? Çünki o, oyundan kənarlaşandan sonra 3 qol buraxdınız.
- Düzdür, meydançada 10 nəfərlə qaldıqdan sonra qolları buraxdıq. Yenə deyirəm, bununla əlaqəli deyil. Məncə, diqqətsizlik oldu.
- "Səbail" getdikcə zirzəmiyə yuvarlanır. Bu matç daxil olmaqla artıq 8 oyundur ki, qələbə qazanmırsınız. Nə baş verir? Bəlkə, heç nə baş vermir, sadəcə ümumiyyətlə, alınmır?
- Nə isə baş verdiyini deməzdim. Əvvəl necə idisə, indi də hər şey elə davam edir. Yaxşı çıxış etdiyimiz oyunlar da oldu. Sadəcə qələbə qazana bilmirik. Bir qalibiyyətlə bu qara zolaqdan çıxa bilərik. Bir qələbə çatışmır ki, komanda özünə gəlsin.
- Öz karyeranız haqda nə fikirləşirsiniz? Növbəti mövsümdə davam edəcəksiniz?
- Gücüm qalsa, edərəm.
- Necə düşünürsünüz, gücünüz var?
- Hələ ki var.