Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Bu halda, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması mümkün deyil

İlham Əliyev: Bu halda, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması mümkün deyil

Tarix: 6 Iyun 2024 20:54

Mən Qazaxıstan tərəfinin Azərbaycan ilə Ermənistan arasında danışıqlara imkan yaratmaq təşəbbüsünə görə minnətdarlığımı bildirirəm. Biz bunu dərhal böyük minnətdarlıqla qarşıladıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib.

"Bildiyiniz kimi, danışıqlar prosesi müəyyən nəticələrlə davam edir. Demək olmaz ki, biz bütün məsələlərdə razılığa gəldik. Amma yəqin ki, belə qısa müddətdə bunu gözləmək çətin olardı. Çünki 28 ildir ki, ATƏT-in Minsk qrupu bir santimetr belə irəli getməyib, 28 il ərzində bir məsələ də razılaşdırılmayıb. Ona görə də indi, il yarımdan sonra bütün məsələlərin razılaşdırılacağını gözləmək, təbii ki, bir qədər sadəlövhlük olardı. Ancaq vacibdir ki, proses olsun, onun dinamikası olsun və bir çox məsələlər razılaşdırılsın. Amma yenə də deməliyəm ki, bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır.

Bizim heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiamız olmayıb və yoxdur. Onların bizə qarşı ərazi iddiaları var idi. Məhz onların konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir.

Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar. Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir.

Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik. Həm də, bilirsiniz, daha sonra deməliyəm ki, sırf praktiki baxımdan, hətta xəritəyə baxın, Ermənistan orada hansı yeri tutur, Türkiyə hansı yeri tutur. Sadəcə olaraq, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir. Yaxud, 2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir.

Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik", - Prezident İlham Əliyev qeyd edib.

Milli.Az


Etiketlər:  İlham Əliyev Bu halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması mümkün deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ