Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2024 09:56
09:51
Ermənistanın İstintaq Komitəsi iyunda Qarabağ separatçıların sonuncu "rəhbəri" Samvel Şahramanyanın xidməti avtomobilinin müsadirə edilməsinin səbəbini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, komitə "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq bildirib ki, Şahramanyanın avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başladılan iş çərçivəsində müsadirə edilib.
Qeyd olunub ki, burada söhbət "Toyota Camry" markalı avtomobildən gedir.
Xatırladaq ki, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər. Buna cavab olaraq, Tavuş yeparxiyasının rəhbəri, müxalif "Vətən naminə Tavuş" hərəkatının lideri Baqrat Qalstanyan öz "Lexus" markalı avtomobilini Şahramanyana hədiyyə edib.
--------------
21.06.2024
Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, separatçıların sonuncu "rəhbəri" Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.
Ölkənin İstintaq Komitəsinin nümayəndəsinin jurnalistlərə verdiyi açıqlamaya görə, sözügedən avtomobil cinayət işi çərçivəsində müsadirə edilib. Bununla belə, məsələ ilə bağlı detallar açıqlanmayıb.
Vəkil Roman Yeritsyanın sözlərinə görə isə, onlara xidməti avtomobilin müsadirə edilməsi ilə bağlı məhkəmə qərarı təqdim edilməyib:
"Nümayəndəliyə gələn müstəntiq güc tətbiq etməyə, qapını sındırmağa və maşını müsadirə etməyə hazırlaşdıqları barədə məlumat verməyib".
Bildirilir ki, nümayəndəliyin mühafizəsindən məsul olan şəxs qapını açmağa səlahiyyəti olmadığını dedikdə, müstəntiq oraya xüsusi təyinatlıları çağırıb. Vəkil müstəntiqdən onun hadisə yerinə gəlməsini gözləmələrini istəsə də, buna məhəl qoyulmayıb.