Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müavini Cahangir Hacıyevi ittiham etdi: Qaytarılmayan böyük kreditlərə görə o günahkardır

Müavini Cahangir Hacıyevi ittiham etdi: Qaytarılmayan böyük kreditlərə görə o günahkardır

Tarix: 7 May 2019 15:56

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vaxtilə Cahangir Hacıyevin müavini olmuş Emin Mustafayev sabiq rəhbərini ittiham edib:

"Ona demişdim ki, bunlar risklidir. Qaytarılmayan böyük kreditlərə, veksel əməliyyatlarına görə Cahangir Hacıyev günahkardır. Bankda Aktivlərin və Passivlərin İdarə Olunması Komitəsinə də C.Hacıyev rəhbərlik edirdi. Birinci günlər Komitənin iclasları keçirilirdi. Orada veksel əməliyyatları müzakirə olunmurdu. Amma qərar verilirdi ki, veksel əməliyyatları reallaşdırılsın. Bu əməliyyatları əsasən, bankın törəmə qurumu olan Moskva filialı həyata keçirirdi. Bakıdan - baş ofisdən vəsait Moskvaya göndərilirdi, orda da şirkətlərə ödənilirdi. Uzun müddət bankda durum yaxşı deyildi, maliyyə çatışmazlığı vardı. Mərkəzi Bankdan, xarici maliyyə qurumlarından maliyyə cəlb edirdik. Bankın likvidlik problemi vardı. Buna baxmayaraq, veksel əməliyyatları həyata keçirilirdi. Əməkdaşlar da deyirdi ki, Cahangir Hacıyev göstəriş verib, bu əməliyyatlar rəsmiləşdirilsin. Bir çox böyük kreditlərin ayrılması üçün Kredit Komitəsinin razılığı olub, bu haqda qərarlar var. Komitəyə də mən rəhbərlik etmişəm.

E.Mustafayev deyib ki, o qərarlar da C.Hacıyevin göstərişilə verilib: "Bu gün məhkəmədə araşdırma aparılan şirkətlərə kreditlər Cahangir Hacıyevin göstərişilə verilib. Demişdi ki, Dünyamin Xəlilovun idarə etdiyi şirkətlərə kreditlər ayrılsın".

E.Mustafayev cinayət işində bəhs olunan "Cargill əməliyyatları" barədə də danışıb. Bildirib ki, "Cargill" Amerika şirkətidir, bir sıra başqa sahələrlə yanaşı, maliyyə kreditləşməsilə də məşğul olur:

"Bu şirkətlə əməkdaşlıqda sənəddə göstərilir ki, mal dövriyyəsi var, nəsə alınıb, amma əslində, heç nə olmur. Sadəcə, maliyyə verir. O vəsaitləri də Beynəlxalq Bank ödəyirdi. Riskli idi. Biz bu riskləri deyəndə Cahangir Hacıyev irad bildirirdi ki, bunu qadağan edən norma yoxdur. Vəsaitlər də xaricə gedir, qayıtmırdı. Cahangir Hacıyevə problemi deyəndə cavab verirdi ki, Dünyamin Xəlilovla danışın. O da deyirdi ki, Bakıda tikinti layihələri var, başa çatsın, ödəyəcək".

Şahid deyib ki, bankın Müşahidə Şurası 2009-cu ildə verdiyi bir qərara görə, 1.5 milyondan yuxarı kreditlərin ayrılması üçün Müşahidə Şurasının razılığı olmalıydı. Amma bir çox hallarda Müşahidə Şurasına həmin kreditlər haqda məlumat verilməyib.

Vəkillər E.Mustafayevə məhkəmədə dindirilən şahidlərin ifadəsi haqda məlumat veriblər. Şahidlər deyib ki, bank əməliyyatları barədə sistemdəki məlumatlara Müşahidə Şurası üzvlərinin sərbəst çıxışı vardı. Onlar istədikləri məsələ ilə bağlı mövqelərini ortaya qoya bilərdilər. Müşahidə Şurasının sədri də maliyyə nazirinin müavinidir. Vəkillər E.Mustafayevdən soruşub ki, C.Hacıyevin qanunsuz göstərişlərini görürdüsə, bəs niyə ona əməl etmək əvəzinə, vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməyib, illər ərzində onun vəzifədən çıxmasını gözləyib?

E.Mustafayev deyib ki, birbaşa İdarə Heyətinin sədrinə tabe olduğuna görə onun göstərişlərindən kənara çıxa bilməyib: "Amma özünə bildirirdim. Sonradan mən İdarə Heyətinin sədri vəzifəsini icra edəndə hüquq-mühafizə orqanlarına məlumat verdim".

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Müavini Cahangir Hacıyevi ittiham etdi Qaytarılmayan böyük kreditlərə görə günahkardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ