Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2024 09:28
Böyük Britaniyada keçirilən parlament seçkilərində Leyboristlər Partiyası qələbə qazanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin nəticələrə görə, müxalif partiya İcmalar palatasında 650 yerdən 326-sını qazanıb.
2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyası isə hələ ki 71 yer qazanıb. Hazırda səslərin hesablanması davam etdirilir və Bakı vaxtı ilə 10:00-da başa çatmalıdır.
Buna baxmayaraq, Britaniyanın hazırkı Baş naziri Rişi Sunak məğlubiyyətini etiraf edib və leyboristlərin nümayəndəsi Kir Starmeri qələbəsi münasibəti ilə təbrik edib.
"Leyboristlər Partiyası seçkilərdə qalib gəldi. Kir Starmeri qələbə münasibətilə təbrik etmək üçün ona zəng etdim", - deyə Sunak qeyd edib.
Onu da qeyd edək ki, bu gün səhər Britaniya Kralı III Çarlz qalib gələn partiyanın liderini qəbul edəcək. Qəbul zamanı Starmerə yeni hökuməti formalaşdırmaqla bağlı göstəriş veriləcək. Bunun ardınca, o, Dauninq-stritdəki iqamətgaha yollanacaq və yeni Baş nazir olaraq xalqa müraciət edəcək.