Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2024 09:40
İngiltərədə keçirilən parlament seçkilərində iqtidarda olan Mühafizəkarlar Partiyası çox böyük fərqlə məğlub oldu, Leyboristlər Partiyası 14 il aradan sonra tarixi qələbə qazandı.
Sonxeber.net xəbər verir ki, bu sözləri Axar.az-a Böyük Britaniyada keçirilən parlament seçkilərinin nəticələri barədə danışan Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Alim Mühafizəkarlar Partiyasının seçkidəki məğlubiyyətinin səbəblərindən danışıb:
"May ayında yerli idarəetmə orqanlarına keçirilən seçkilərdən sonra parlament seçkilərinin nəticələrinin belə olacağı proqnozlaşdırılırdı. Ancaq heç kim aradakı fərqi belə təsəvvür etmirdi. Rişi Sunak da çıxışında bu faktı təsdiqlədi. Avropadakı son seçkilərə nəzər yetirdiyimiz zaman ifrat sağçıların hakimiyyətə gəldiyini müşahidə edirik. Çünki burada qaçqın, qeyri-qanuni miqrasiya və iqtisadi problemlər daha çox nəzərə çarpır. Əslində Britaniyada da eyni problemlər var idi və Sunak onları həll edəcəyi ilə bağlı xalqa vədlər vermişdi. Ancaq Britaniyada əsas problem və narazılıqlar iqtisadiyyatla bağlıdır. Çünki London AB-dən ayrılandan sonra ölkənin iqtisadi vəziyyətinin daha yaxşı olacağını düşünürdü. Lakin hələ ki, verilən vədlər tam reallaşmayıb və sərbəst iqtisadi sistem oturuşmayıb. Mühafizəkarların dövründə işsizlik 5 faizə qalxdı. Leyboristlər də səhiyyə sahəsindəki islahatları və digər məsələlərə önə çıxararaq qalib oldu".
Akyar hazırki beynəlxalq vəziyyətdə yeni hökumətin qarşısında çətin vəzifələrin dayandığını bildirib:
"İqtidar dəyişikliyinin ölkənin xarici siyasətinə təsiri barədə isə hələ danışmaq tezdir. Ancaq Sunakın yerinə gələn Starmeri siyasi baxımdan keçmiş baş nazir Toni Bleyerə bənzədən də çoxdur. Ona görə də iqtisadi və xarici siyasət sahəsində ABŞ-la bir hərəkət edəcəyini, İsrail və Ukraynanı dəstəkləyəcəyini, Cənubi Qafqaz siyasətini də eynilə davam etdirəcəyini demək mümkündür. Lakin bu, Starmerin partiya daxilində mövqelərinin zəifləməsinə və müsəlmanlar yaşayan bölgələrdə səs itirməsinə gətirib çıxara bilər. Hər halda qarşıda Starmeri çətin günlər gözləyir. O, əhaliyə verdiyi vədləri yerinə yetirilməli, aktiv xarici siyasət aparmalı, bütün bunları edərkən balansı da saxlamalıdır".
Qeyd edək ki, artıq Keyr Starmer Britaniyanın yeni baş naziri kimi fəaliyyətə başlayıb.