Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2024 11:18
"Nəhayət dünya idman aləminin 4 il gözlədiyi XXXIII Yay Olimpiya Oyunları start götürdü. Dördillikdə ölkəmizi təmsil etmək hüququ qazanan 48 idmançımız Parisdə 15 idman növündə 17 proqram üzrə yarışır".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov iyun ayını dəyərləndirərkən deyib.
O, "Nazirin Nöqteyi-Nəzəri"ndə bildirib ki, Azərbaycan idmançıları ilk dəfə ərazi bütövlüyü tam bərpa olunan suveren ölkənin təmsilçiləri kimi Olimpiya Oyunlarına yola düşüblər: "Olimpiya komandamız üçün xüsusi dizaynla hazırlanmış geyim formasında da məhz suverenliyimizin bərpasının simvoluna çevrilmiş xarıbülbül əks olunub. Qeyd edim ki, komandamızın yeni geyim dəstləri Olimpiya Oyunlarında ən yaxşı formalardan biridir. Ümumiyyətlə, həm öncədən, həm də Oyunlar müddətində Olimpiya komandamız üçün biz tərəfdən hər bir şərait yaradılıb. İdmançılarımızın yoladüşmə, yerləşmə, məşq və yarış rahatlıqları öncədən yaratdığımız işçi qrupu tərəfindən tam həll edilib. Əsas məqsədi iştirak olan Olimpiya Oyunlarında hər bir ölkənin idmançıları bayrağını yüksəltmək, himnini səsləndirmək üçün mübarizə aparır. Cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyevin Olimpiya çempionu olmaları sayəsində idmanımızda yeni tarix yazıldı. Hər iki cüdoçumuzun - Hidayətin və Zelimin son 2 ay ərzində dünya və Olimpiya çempionu titulu qazanmaları böyük nailiyyətdir. Bu münasibətlə Olimpiya çempionlarımızı, Azərbaycan Cüdo Federasiyasını, ümumiyyətlə idman ictimaiyyətimizi təbrik edirəm. Daha bir uğur Olimpiya Oyunlarının cüdo proqramında Azərbaycanın Yaponiyadan sonra ikinci yeri tutmasıdır. Digər növlərdə idmançılarımız Olimpiadada çıxışlarını davam etdirir, növbəti qələbələr üçün əzmlə mübarizə aparırlar".
Nazir Olimpiada müddətində ilk dəfə olaraq Parisdə Azərbaycan Olimpiya Evinin fəaliyyət göstərməsinə də diqqət çəkib: "Burada müxtəlif ölkələrin və beynəlxalq idman təşkilatlarının nümayəndələri üçün qəbullar təşkil olunur. Bu, Azərbaycan idmanının, ölkəmizin Olimpiya Hərəkatının təbliği baxımından çox önəmli addımdır. Fransaya səfərim çərçivəsində UNESCO-nun təşkilatçılığı ilə idman nazirlərinin "Change the Games" beynəlxalq forumunda çıxış etdim. Çıxışım zamanı ölkəmizin idman nailiyyətləri barədə geniş məlumat verdim. Tədbir çərçivəsində UNESCO rəhbərliyi ilə, eləcə də digər ölkələrdən olan bir çox həmkarlarımla çoxlu ikitərəfli görüşlər keçirdim. Həmçinin Qambiya və Çad ilə idman və gənclər sahəsində əməkdaşlıq memorandumları imzaladıq".
Qayıbov vurğulayıb ki, idmanın təbliği baxımından medianın inkişafı mühüm əhəmiyyətə malikdir: "İdman jurnalistlərimizin Olimpiada təcrübəsi qazanması üçün də yenilik etdik. İlk dəfə olaraq, 20 media nümayəndəsini Paris Yay Olimpiya Oyunlarına ezam etdik. Bu həm onlar üçün böyük təcrübə, həm də Olimpiya Oyunlarında idmançılarımızın yanında olması, yarışları geniş tərkibdə işıqlandırması, idman uğurlarımızın təbliği baxımından əhəmiyyətlidir. Daha bir əlamətdar tarixi - Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyini də Olimpiadanın açılışı ilə eyni gündə, iyulun 26-da qeyd etdik. Ümummilli liderimizin 30 il öncə uzaqgörənliklə yaratdığı nazirlik bu gün ölkə rəhbərliyinin tövsiyələri əsasında həm gənclər, həm də idman sahələrində dövlətin siyasətini layiqincə icra etməyə çalışır. Yubiley münasibətilə nazirliyin kollektivini, bu sahədə çalışan hər kəsi təbrik edir, bizimlə əməkdaşlıq edən bütün dövlət və idman qurumlarına, idman federasiyalarına minnətdarlığımı bildirirəm. Ənənəyə uyğun olaraq, ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə növbəti görüşümüz oldu. İdman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat verdilər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışdılar".
Nazir bildirib ki, ötən ayın əlamətdar hadisələrindən birinin də Azərbaycanın iki idman kompleksinin - Milli Gimnastika Arenası və Heydər Əliyev adına İdman-Konsert Kompleksinin Rusiyada təşkil edilən ən yaxşı idman qurğuları müsabiqəsində fərqlənməsi olub: "Bu, ölkəmizdə idman infrastrukturuna dövlət tərəfindən göstərilən diqqətin bəhrəsidir. Milli idman oyunlarına - etno idmana son illərdə təkcə ölkəmizdə deyil, bütün dünyada diqqət artmaqdadır. Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə növbəti dəfə təşkil edilən Milli Yaylaq Festivalında milli idman növlərinə böyük maraq var idi. Bundan başqa, nazirliyin ənənə halını almış layihələrindən olan "Sağlam həyat" günləri də festival iştirakçılarının marağına səbəb oldu. Dövlət qurumlarının əməkdaşları arasında keçirdiyimiz müxtəlif turnirlər də maraqlı olması ilə yanaşı, həm də əhəmiyyətlidir. Bu ay təşkil etdiyimiz badminton, stend atıcılığı və nərd yarışları müxtəlif qurumların əməkdaşları tərəfindən maraqla qarşılandı. İdmanın kütləviliyini artırmaq və sağlam həyat tərzinin təbliği baxımından bu cür yarışlar çox faydalıdır".
Qayıbov bildirib ki, bölgələrə səfəri çərçivəsində Gəncədə "AF fitnes" zalının açılışında iştirak edib fəaliyyəti ilə maraqlanıb, məşqçi-mütəxəssislərlə söhbət edib: "Mingəçevir şəhərində keçirilən "Sağlam gələcək" layihəsinin yekununda iştirak etdim və layihəni uğurla başa vuran uşaqları təbrik etdim. Göygöl şəhərində gənclərlə də görüşdüm. Yüksək əhval-ruhiyyədə keçən görüş zamanı müxtəlif mövzularda fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, iki aydan bir idman federasiyalarının nümayəndələri ilə görüşürük. Sayca 15-ci olan budəfəki görüşümüzdə son vaxtlar görülmüş işləri və qarşıda duran vəzifələri birlikdə müzakirə etdik. İyul ayında keçirdiyimiz Kollegiya iclasında isə bir sıra qərarlar qəbul etdik. Həmçinin 2024-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı səsvermə ilə təsdiqləndi. Regional gənclər və idman idarələrinin rəisləri, Olimpiya İdman Komplekslərinin, Gənclər Evlərinin direktorları, uşaq-gənclər idman məktəbləri (UGİM) və digər tabe təşkilatların rəhbərləri ilə növbəti görüşümüzü keçirdik. Görüşdə gənclər və idman sahələrində görülən işləri, gələcək fəaliyyət məsələlərini müzakirə etdik. Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri də məlum oldu. Seçilmiş 7 nəfəri təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram".