Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2019 16:52
Bakı. Trend:
Noyabrın 30-da Naxçıvan şəhərində “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu məqsədlə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Akerin başçılıq etdiyi, Assosiasiyanın üzvlərindən Ali Hancerlinin, Nurhan Günsevin, Nik Nvolisanın daxil olduğu nümayəndə heyəti noyabrın 30-dan dekabrın 2-dək Muxtar Respublikada səfərdə olublar.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Şuranın sədr müavini Umud Rəhimoğlunun, İdarə Heyətinin üzvləri – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin də qatıldıqları tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.
Sonra qonaqlar Heydər Əliyev Muzeyində olublar. Burada onlara muzeydəki eksponatlar, Heydər Əliyevin həyat yolunun müxtəlif istiqamətlərinə dair ətraflı məlumat verilib. Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.
Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi ilə yaxından tanış olmuş konfrans iştirakçıları universitet televiziyasına müsahibə veriblər. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə isə gənclərə müasir dövrdə medianın fəaliyyət tərəflərindən ətraflı söhbət açılıb, dünyada Mətbuat Şurası institutunun missiyasının önəmli cəhətlərinə nəzər salınıb. Burada həmçinin MŞ İdarə Heyətinin üzvü Rəşad Məcidin yeni çapdan çıxmış kitablarının imza günü də keçirilib.
***
Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilmiş “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusundakı beynəlxalq konfransı Muxtar Respublika Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli açaraq bildirib ki, Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da kütləvi informasiya vasitələrinin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Ötən illər ərzində mediaya göstərilən dövlət qayğısı nəticəsində muxtar respublikada peşəkar jurnalist ordusu formalaşıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. O bildirib ki, Assosiasiya 1992-ci ildə ABŞ-ın müxtəlif ştatlarının, Türkiyənin, Hindistanın, Pakistanın, Banqladeşin, Nigeriyanın, Nepalın, Tanzaniyanın və digər ölkələrin jurnalistlərinin birgə yaratdıqları təşkilatdır. 2003-cü ildə təsis edilmiş Azərbaycan Mətbuat Şurası 2005-ci ildən həmin qurumun üzvüdür. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının məqsədi üzv ölkələrdə, habelə dünyada söz və ifadə azadlığı ilə bağlı məsələləri diqqətdə saxlamaqdan, bununla əlaqədar hökumətlərə tövsiyələr ünvanlamaqdan ibarətdir. Qurum həmçinin jurnalist peşəkarlığının forma və xüsusiyyətlərini də təhlil edir, mövcud istiqamətdəki standartların tədbiqinə dəstək olur. Ə.Amaşov çıxışında həmçinin vurğulayıb ki, 2019-cu il üçün Assosiasiyanın toplantısı Bakıda keçirilib. Həmin tədbirdə ümumilikdə 40-dan çox nümayəndə iştirak edib. Toplantı çərçivəsindəki müzakirələrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın Mətbuat Şurasının da assosiasiyaya inteqrasiyası ilə əlaqədar ideya yaranıb. “Çox şadam ki, biz bu gün bu ideyanı keçirdiyimiz konfransla gerçəkləşdiririk.
Tədbirin təşkilinə göstərdəiyi dəstəyə, həssas münasibətə görə Naxçıvan Muxtar Respublikasının ali rəhbərliyinə təşəkkürümüzü bildiririk”, - deyən Ə.Amaşov konfransın qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olacağına inamını ifadə edib.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəbəri Melek Sule Aker bildirib ki, informasiyanın getdikcə daha qlobal mahiyyət daşıdığı dünyamızda söz və ifadə azadlığı kimi dəyərlərin qorunması çətin prosesə çevrilməkdədir. Çətinlik bir tərəfdən internetin verdiyi imkanlardan sui-istifadə ilə bağlıdırsa, digər yandan sahənin özünün dinamik xarakteri nəzərə çarpır. Belə durumlarda müəyyən birliklərin bu kimi məsələləri gündəmə gətirməsi, beynəlxalq ictimaiyyətin diqqətini çəkməsi son dərəcə vacibdir. Ümumdünya Mətbuat Şuraları Assosiasiyası da məhz bu mərama xidmət edən qurumdur. M.S.Aker rəhbərlik etdiyi assosiasiyanın gələcəkdə Naxçıvan Mətbuat Şurası ilə sıx əməkdaşlıq şəraitində çalışması üçün konfansın mühüm zəmin yaratdığını dilə gətirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxışına rəhbərlik etdiyi media qurumunun texniki imkanları barədə geniş məlumat verməklə başlayıb. O bildirib ki, Naxçıvan teleradiosu 19 saat televiziya, 19 saat radio verilişləri yayımlayır və gələcəkdə mövcud göstəricinin artırılması planladırılır. Bunun üçün hər cür texniki imkanların olduğunu vurğulayan S.Tahirli çıxışında telekanalın təqdimat xüsusiyyətlərinə nəzər salıb. Rəngarəngliyin media peşəkarlığı ilə çulğalaşmasının Muxtar Respublikada jurnalist fəaliyyətinə verilən dəyərin nümunəsi kimi dəyərləndirib.
Naxçıvan Muxtar Respublikasının Mətbuat Şurasının sədri Rövşən Hüseynov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açaraq diqqəti təşkil olunan müxtəlif yaradıcılıq müsabiqələrinə, jurnalistika və söz sənəti ilə əlaqədar hazırlanmış nəşrlərə yönəldib. O, jurnalistika sahəsindəki tendensiyaların öyrənilməsi və tətbiqi baxımdan Ümumdünya Mətbuat Şuraları Assosiasiyası ilə əməkdaşlığın önəmini vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin və toplantıdakı ayrı-ayrı şəxslərin çıxışlarında bildirilib ki, Naxçıvanda maddi-texniki bazanın gündən-günə gücləndirilməsi buradakı KİV-lərin fəaliyyətinin müasir dövrün tələbləri səviyyəsində qurulması üçün geniş imkanlar açıb. Nəticədə Naxçıvan media qurumlarının saytları fəaliyyətə başlayıb və qısa zamanda geniş oxucu və izləyici kütləsi qazanıb. Hazırda Muxtar Respublikanın günün tələbləri səviyyəsində yenilənən onlayn media orqanları sosial şəbəkələr üzərindən geniş təbliğat qurur. Belə yanaşma Naxçıvan barədə operativ, dəqiq və qərəzsiz informasiyaların sürətlə yayılmasını təmin edir.
Konfransın sonunda Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı Əməkdaşlıq Memorandumu imzalanıb.
***
Dekabrın 1-də Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvləri Naxçıvanın tarixi ənənələrə malik "Şərq qapısı" qəzetinin və eyni adlı nəşriyyatın, həmçinin Naxçıvan Dövlət Televiziyasının və "Nuhçıxan" İnformasiya Agentliyinin fəaliyyəti ilə tanış oldular.
Buradakı görüşlərdə əsas diqqət sözügedən media qurumlarının kadr potensialı ilə təminatına yönəlib. Məlumat verilib ki, Naxçıvan MR Ali Məclisi sədrinin göstərişinə əsasən Naxçıvan Dövlət Universitetinin məzunlarının konkret sahələr üzrə işə götürülməsi həyata keçirilir. Mövcud prosedur jurnalistika sahəsi üzrə də tətbiq olunur və effektiv nəticələr verir.
Görüşlərdə sözügedən KİV-lərin maddi-texniki imkanları, yayım keyfiyyəti, iş strukturu barədə qonaqlara ətraflı məlumat verirlib, praktikada rast gəlinməkdə olan məqamlar qabardılıb. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvləri Naxçıvan TV-də proqrama qatılaraq səfərləri ilə bağlı məlumat verib, təəssüratlarını bölüşüblər.
Zəngin səfər proqramı ilə yadda qalan konfrans çərçivəsində qonaqlar həmçinin Muxtar Respublikanın tarixi-mədəni abidələri, görməli yerləri ilə də tanış olublar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin