Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2024 15:30
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) keçiriləcək oyundan əvvəl mətbuat konfransı baş tutub.
Sonxeber.net xəbər verir ki, təcrübəli mütəxəssis öncə oyun barəsində fikirlərini bildirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb:
"Çox keyfiyyətli komandaya qarşı oynayırıq. Oyun sistemi olaraq, fərdi oyunçuların bacarığı olaraq belədir. Bizim üçün vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, sabahkı matçda diqqətli olaq. Bu çox vacibdir. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək, uğurlu nəticə əldə edək".
- Marko Veşoviç və Mateus Silvanın hazırlıq durumu imkan verir ki, ilk dəqiqələrdən meydana çıxsınlar?
- Pis deyil. Hər iki futbolçunun hazırlığı yaxşı səviyyədədir. Bu gün və sabah tam qəti qərar verəcəyik ki, onlar əsas heyətdə olacaq, ya yox. Ümumi hazırlıqlarından bu günə razıyam.
- Fransa klubu maddi və mənəvi çökmüş komandadır. Bu faktlar sizin qələbə qazanmaq üçün şanslarınızı artırır?
- Heyətləri ilə maraqlanmışıq. Oyunlarına da baxmışıq, təhlil etmişik. Öz heyətimiz də bəllidir. Kimin meydanda olması bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var. Rəqibə gəldikdə, böhran oldu və ya olmadı, biz qələbə üçün hazırlaşırıq. İstənilən rəqibə qarşı belədir. Bunlar hamısı söz-söhbətlərdir. Belə böyük klubların maliyyə böhranını yoluna qoymaq üçün ciddi problem görmürəm. Hər il istənilən böyük klubda belə söz-söhbətlər gəzir. Belə hallarda onlar 1-2 oyunçusunu başqa kluba satır, problemi həll edirlər. Oyunçularının dəyəri yüksəkdir. Bugünkü matça bu fikirlərlə yanaşmaq bizlər, sizlər üçün doğru olmaz. Məğlub olanda da fikirlər olur ki, belə problemi olan kluba qalib gələ bilmədilər. "Lion" illərin klubudur. Belə problemlər sadəcə söz-söhbətlərdir.
- Rəqibin "Lion" olduğunu nəzərə alsaq, hansısa xüsusi gedişat olacaq? Yoxsa, digər oyunlara necə hazırlaşmısınızsa, bu oyuna da eyni yanaşma olacaq?
- Biz həmişə çalışmışıq ki, öz oyunumuzu yaxşılaşdıraq. Həm məşqdə, həm də oyunda. İlk silahımız bu olmalıdır. Öz bacardığımızı daha keyfiyyətli şəkildə yerinə yetirək. Amma istənilən rəqibin üstün cəhətlərinin qarşısını almalıyıq. Hər komandanın üstün cəhətləri var. Sadəcə bir neçə detal, element var ki, digər rəqiblərə qarşı necədirsə, bu rəqibə qarşı da o detallarda diqqətli olmalıyıq. Hər matçda oyunun gedişində 1-2 dəyişiklik olur. "Lion"un üstün keyfiyyətini nəzərə alaraq, detallara fikir verməliyik. Hücum planımızda da çox yox, 1-2 əlavə düşüncələr olacaq. Həyata keçəcək ya yox, oyunun gedişatından asılıdır. Hazırlığın çox hissəsini öz oyunumuzun, düşüncələrimizin üzərində qururuq.
- "Lion"u hansı xüsusi keyfiyyətlərə görə təəccübləndirəcəksiz?
- Rəqib haqda çox məlumat verməyi xoşlamıram. Sadəcə futbolçularıma məlumat verirəm. Bayaq dedim ki, çox keyfiyyətli komandaya qarşı oynayacağıq. Bizim ən böyük gücümüz kollektiv oyuna üstünlük verməkdir. Həm hücumda, həm də müdafiə xəttində. Çünki bu gün komponentlərə baxsaq, "Lion" bizdən üstün görünür. Daha yaxşı liqada oynayır, daha böyük klubdur. Amma bizim Avropada böyük təcrübəmiz var. Bundan istifadə edərək, belə komandalara qarşı düzgün oynamağa çalışmışıq. Kollektiv şəkildə çalışacağıq ki, lazım olan nəticə üçün meydanda ən doğrusunu edək.