Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2019 11:44
Bakı. Cani Babayeva - Trend:
Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb.
Trend-in məlumatına görə, estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edir.
Estafetə 9 komandadan, “Şahdağ”, “Odlar yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və Babək komandaları qatılıb.
Əvvəlcə komandaların paradı keçirilib və hər komandadan bir idmançı bu estafetdəki hədəf və məqsədlərindən danışıb.
Yarışları üç əsas hakim, Mehman Əliyev, Fərid Məmmədzadə və Natalya Bulanova, eləcə də doqquz köməkçi hakim izləyir. Hakimlərin adından Mehman Əliyev and içib.
Daha sonra xoreoqraf Ruslan Eyvazovun rəhbərliyi altında bütün komandaların iştirakçıları gimnastika hərəkətləri yerinə yetirib. Estafet iştirakçıları ilə yanaşı, tamaşaçılar da hərəkətləri təkrar edib.
Bundan sonra yarışlar başlayıb. Estafet iştirakçılarına öz bacarıqlarını göstərə bilmələri üçün oyunlar hazırlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin