Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2025 14:42
Fevralın 7-10-da Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə Qəbələdə ilk dəfə "Qış nağılı" Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
"Qış nağılı" 2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevənləri bir araya toplayacaq.
"Qış nağılı" Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış edəcəklər.
Çıxış edənlər:
Azərbaycandan Fərhad Bədəlbəyli, Emil Əfrasiyab, Murad Adlgözəlzadə, Nəzrin Aslanlı, Nigar Cəfərova, Yeganə Axundova, Yusif Eyvazov, musiqi kollektivlərindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Bakı Kamera Orkestri, Bakı Xoreografiya Akademiyasının şagird və tələbələri, "Qaytağı" İnstrumental Ansamblı, Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin "Eyforiya" Ansamblı, Böyük Britaniyadan Dmitri Sitkovetski, İtaliyadan Anastasiya Bartoli, Sergio Vitale, Polşadan "Glassduo" Ansamblı.
Proqram:
Qəbələnin müxtəlif mədəniyyət ocaqlarında maraqlı proqram təqdim ediləcək, vokal, kamera instrumental musiqi axşamları, balet tamaşaları təşkil olunacaq: Qara Qarayevin "Yeddi gözəl" baletindən, Niyazinin "Arzu" əsərindən, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından, Antonio Vivaldinin "İlin fəsilləri" silsiləsindən, Cakomo Puççinin "Turandot", Cüzeppe Verdinin "Traviata" operalarından, Pyotr Çaykovskinin "Şelkunçik" baletindən parçalar, eləcə də Edvard Qriq, Frederik Şopen, İohann Sebastyan Bax, Volfqanq Amadey Motsart və digər bəstəkarların müxtəlif musiqi kompozisiyaları.
Tamaşaçıların iştirakı:
Tamaşaçılar iTicket.az saytından ödənişsiz qeydiyyatdan keçməklə tədbirə qoşula bilər.