Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2025 23:44
23:42
Azərbaycan millisinin futbolçusu Mahir Emreli növbəti dəfə komandasını dəyişəcək.
Sonxeber.net Futbolinfo.az-a istinadən xəbər verir ki, Almaniyanın "Nürnberq" klubunun formasını geyinən 27 yaşlı hücumçu orada da çox qalmayacaq.
Ötən ilin yayında Zaqreb "Dinamo"sundan II Bundesliqa klubuna keçən forvard məşqçilər korpusunun ümidlərini doğrutmur. Üstəlik, Emrelinin komanda yoldaşları ilə münasibəti də ürəkaçan deyil. "Nürnberq" rəhbərliyi onu qış fasiləsində də yola sala bilərdi. Lakin hücum xətti üçün düşünülən futbolçular alınmadığından, Mahir mövsümün sonuna qədər komandada qalacaq.
Almanlar millimizin üzvü ilə yayda yolları ayırmağı planlaşdırır. Hücumçunun "Nürnberq"lə müqaviləsi mövsümün sonuna qədər olsa da, klubun sözləşməni daha bir il uzatmaq hüququ var. Ancaq nürnberqlilər bu imkandan yararlanmayacaqlar və Emreli azad agent kimi komandanı tərk edəcək.
Qeyd edək ki, Mahir Emreli son 4 ildə ardıcıl olaraq "Legiya", "Dinamo" (Zaqreb), "Konyaspor" və "Nürnberq"də legioner həyatı yaşayıb.
-----------
20:10
Almaniya mediasında yayılan xəbərlərə görə, Mahir Emreli oynadığı "Nürnberq" klubundan ayrıla bilər. Belə ki, Maqdeburq şəhərinin eyniadlı futbol klubu ilə fevralın 8-də baş tutmuş qarşılaşmadan öncə "Nürnberq"in azərbaycanlı hücumçusunun həmkarları ilə mübahisə etdiyi barədə xəbər yayımlanıb. Bundan sonra Mahir Emrelinin komandadan ayrılmaq qərarına gəldiyi barədə iddialar ortaya çıxıb.
Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Mahir Emrelinin meneceri Elnurə Emreli 27 yaşlı hücumçunun yeni təkliflər aldığını bildirib.
"Hazırda başqa klublardan təklif var. Mahir bu təklifləri dəyərləndirdikdən sonra yekun qərar qəbul edəcək. Ən yaxşı təklif göndərən komanda ilə razılaşacağıq".
Qeyd edək ki, Mahir Emrelinin "Nürnberq" klubu ilə müqavilə müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq.