Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2025 16:16
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayı ilə bağlı xüsusi təqviminə görə, bu gün ilk Qədr gecəsini yaşayacağıq. Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə (18 mart) təsadüf edir.
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) də Qədr gecələri olacaq.
Qədr gecələtinin fəzilətindən danışan QMİ-nin sədr müavini Bəxtiyar Nəcəfov Modern.az-a bildirib ki, Ramazan ayının ən gözəl anları həmin gecələrdir:
"Ramazan ayında üç Qədr gecəsi var. Onlar Ramazanın 19-na, 21-nə, 23-nə keçən gecələrə təsadüf edir. Allahın rəhməti o gecələrdə yerə şamil olub. Özəlliklə bu gecələrdən birində "Qurani-Kərim"in Məhəmməd Peyğəmbərə nazil olduğu ehtimal edilir. Onun üçün də bu gecələrin fəziləti çox böyükdür. Bu gecələrdə əhya saxlamaq - oyaq qalmaq, müəyyən zikrlərdən istifadə etmək, namaz qılmaq, mümkün qədər gecənin fəzilətindən bəhrələnmək lazımdır. Oruc tutan şəxs bu saatları gözləyir ki, Qədr gecələrindən istifadə etsin. Quranda buyurulur ki, bu gecədə Göy aləmindən Yer aləminə Allahın mələkləri hasil olur. Onlar bəndələrin etdiyi ibadətləri sübhə qədər Allah məqamına qaldırırlar".
B.Nəcəfov bildirib ki, əgər şəxs Əhya saxlamağa niyyət edibsə, bu da yəqin ki, qəbul olunar:
"Əhya sözünün mənası diri, oyaq qalmaq deməkdir. Əgər oyaq qala bilməyibsə, bu günah deyil, amma savab əməldən də bir az arxada qalır. Qədr gecələrindən birində əhya edib digərlərində etməmək də günah sayılmır. Oyaq qala bilsə, daha yaxşıdır, amma qala bilmirsə, bu da günah sayılmır".