Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib

Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib

Tarix: 10 Dekabr 2019 15:32

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) BMT-nin Ölkə ofisi ilə birgə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin yekunlarına həsr olunmuş tədbir keçirib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə Ombudsman Səbinə Əliyeva və BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İshaqzai iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə iştirakçıları təbrik edib, bu əlamətdar günün əhəmiyyəti barədə ətraflı məlumat verib.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyi diqqətə çatdırılıb.
Bildirilib ki, bu il BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı xanım Mişel Baçeletin “Gənclər - insan hüquqlarının müdafiəsində fəal ol” çağırışı cəmiyyətimizin fəal üzvlərindən olan gənclərimizin insan hüquq və azadlıqlarının müdafiəsi işində daha da yaxından iştirak etməsini özündə ehtiva edir.

Ombudsman vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin 8 iyul 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması haqqında Layihə Sənədi təsdiq edilmişdir. Hazırda layihə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-in) təbliği, DİM üzrə Gənc Səfirlərin seçilməsi və DİM üzrə Könüllü Milli Hesabatların hazırlanmasında gənclərin iştirakı, Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması kimi istiqamətlərdə uğurla davam etdirilir.

Müvəkkil gənclərin hüquqi cəhətdən maarifləndirilməsinin, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinin insan hüquq və azadlıqlarının müdafiəsini daha da səmərəli təmin etmək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, əhalinin müstəlif sosial qruplarının, o cümlədən yetkinlik yaşına çatmayanların, əlilliyi olan şəxslərin, gənclərin hüquqlarının daha da səmərəli təmini istiqamətində dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığının əhəmiyyətini önə çəkib.

Tədbirdə Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri elan olunub və mükafatlandırılıblar.

Jurnalistlər Hakıyeva Səadət (Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC), Əfəndiyev Pünhan (“Üç nöqtə” qəzeti) I yerə, Əliyev Seymur (Moderator.az saytı), Əliyev Azad (“Həftə içi” qəzeti) II yerə, Nəbili Emin (Ucnoqta.az saytı) və Əlifov Nazim (“Savalan” qəzeti) III yerə layiq görülüb, sertifikatlar və pul mükafatları alıblar.

Qeyd olunmalıdır ki, bu ilki uşaq rəsm müsabiqəsinə Bakıdan və regionlardan olmaqla 333 uşağın 350-dən çox rəsm işi təqdim olunub və peşəkar rəssam tərəfindən qiymətləndirilib.

Rəsm müsabiqəsinə qoşulmuş, Bakının və respublikamızın müxtəlif rayonlarını təmsil edən uşaqlar Aslanova Sofiya, Əliyeva Zəhra I, Zalova Leysan, Zeynallı Aynur II, Ələkbərov Fuad və Kərimli Yusif III yerləri tutublar, onlara sertifikatlar və pul mükafatları təqdim edilib. Rəsmləri fərqləndirilən 20 məktəbli isə həvəsləndirici sertifikatlarla təltif olunublar. Qaliblər sırasında məcburi köçkün ailələrindən olan, paytaxt və bölgələrdəki ümumtəhsil məktəblərini, uşaq-gənclər inkişaf mərkəzlərini, təsviri sənət qalareyalarını təmsil edən istedadlı uşaqlar var. Müsabiqəyə təqdim edilən bütün rəsmlər mövzularının aktuallığı və işlənmə texnikasının rəngarəngliyi ilə diqqəti cəlb edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ombudsman dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ