Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''ChatGPT'' istifadəçilərinə pis xəbər

''ChatGPT'' istifadəçilərinə pis xəbər

Tarix: 20 Iyun 2025 12:32

Massaçusets Texnologiya İnstitutunun (MIT) Media Laboratoriyası tərəfindən aparılan yeni araşdırma göstərir ki, ChatGPT kimi süni intellekt alətlərindən istifadənin tənqidi düşünmə və beyin fəaliyyəti üzərində mənfi təsirləri ola bilər. Araşdırmanın nəticələri xüsusilə gənc istifadəçilər üçün narahatedici siqnallar verir.

Sonxeber.net xəbər verir ki, tədqiqat çərçivəsində Boston bölgəsindən olan 18-39 yaşlı 54 iştirakçı üç qrupa bölünüb: biri ChatGPT, digəri Google Axtarış, üçüncüsü isə yalnız beyin fəaliyyəti ilə esselər yazıb. Hər bir iştirakçı SAT formatına uyğun olaraq müxtəlif mövzularda esse yazmalı olub. Tədqiqat zamanı EEG (elektroensefaloqrafiya) ilə iştirakçıların beyin fəaliyyəti izlənib.

Araşdırma göstərib ki, ChatGPT istifadə edən qrupda neyron, dil və davranış səviyyələrində davamlı aşağı performans müşahidə olunub. Zaman keçdikcə bu iştirakçılar daha da passivləşib, esse tapşırıqlarını tamamilə ChatGPT-yə həvalə edərək, "kopyala və yapışdır" üsuluna üstünlük veriblər.

İngilis dili müəllimləri tərəfindən qiymətləndirilən esselər orijinal ideyalardan uzaq, təkrar və "ruhsuz" kimi xarakterizə olunub. Beyin fəaliyyəti də bu müşahidələri təsdiqləyib - alfa və teta dalğaları zəif, diqqət və yaddaş fəaliyyəti aşağı olub.

Google Axtarışdan istifadə edən iştirakçılar isə daha aktiv və məmnun görünmüş, beyin dalğalarında da daha güclü əlaqə müşahidə olunmuşdur. Ən yüksək sinir əlaqəsi və yaradıcılıq isə yalnız beynindən istifadə edən qrupda qeydə alınıb.

Araşdırma zamanı iştirakçılardan bir esse üzərində yenidən işləmələri istənilib. ChatGPT qrupuna bu dəfə alətsiz işləmək tapşırılıb, və nəticədə onların fikirləri xatırlamadıqları və zəif beyin dalğaları göstərdikləri məlum olub. Bu da məlumatların dərin yaddaşa inteqrasiya edilmədiyini göstərir.

Araşdırmanın müəllifi Nataliya Kosmyna bu nəticələrin gənc beyinlər üçün risk daşıdığını deyir:

"Bu texnologiyalar rahatlıq təklif etsə də, onların tənqidi düşünmə və yaddaş üzərində uzunmüddətli təsiri haqqında düşünməliyik."

Uşaqlar və yeniyetmələrlə çalışan psixiatr Dr. Zişan Xan bildirir ki, məktəb tapşırıqları üçün süni intellektə güvənən uşaqların sayı artır. Onun sözlərinə görə, bu meyil emosional və zehni inkişaf baxımından uzunmüddətli təsirlər yarada bilər.


Etiketlər:  ChatGPT istifadəçilərinə xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ