Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 11:36
Bakı. Tural Səftərov - Trend:
Məşhur bir Roma misalı var, deyir əgər mübarizə aparırsansa bəlkə məğlub ola bilərsən, amma mübarizə aparmırsansa artıq məğlubsan.
Bütün dünyada müxalifət seçkilərin mümkün qədər tez gəlib çatmasını arzulayır ki, tez hakimiyyətə gələ bilsin. Təbii ki, özünə güvənən müxalifət. Bizim müxalifət isə özünə güvənə bilmir, ona görə də uşaq kimi cığallıq etməklə məşğuldur. Rüsvayçı məğlubiyyətə uğrayacaqlarını dəqiq bildikləri seçkidə niyə iştirak etsinlər ki?
Demokratik cəmiyyətin əsas atributlarından biri sağlam müxalifətin olmasıdır. Seçkilərdə müxtəlif siyasi qüvvələrin iştirakı, öz qələbəsini təmin etmək üçün səylər göstərməsi təbiidir. Amma burada söhbət sağlam düşüncəli, hadisələrə obyektiv yanaşan, müxalifətçiliyi dövlətçiliyə zidd addımların atılmasında görən qüvvələrdən gedir. Bir düşürgədə ki, tutduqları mövqeyə görə müxtəlif qruplar mövcuddur, düşünürəm ki, orada sağlam ab-havadan, düşüncədən danışmaq da gülüncdür.
"Milli Şura" deyilən qurum 5 ildən artıqdır ki, ictimai fikrə özünü "demokratiya carçısı" kimi sırımağa çalışır. İctimaiyyət isə ən yaxşı halda 100-150 nəfərlik, o da yaxın qohumlardan ibarət bu zəlil qurumun sərsəmləmələrindən artıq bezib.
Bu qurum yarananda müxalifətin vahid mövqeyinin məhsulu kimi təqdim edilirdi. Hansı vahid birlikdən söhbət gedir? Digər partiyalar seçkiyə gedir. "Milli Şura" neynir? 100-150 nəfərlə boykot deyə nazlanır. Əlləri xarici "dayday"larının cibindən də çıxıb. Bəzi xarici qüvvələr dağıdıcı müxalifətin içində illərlə yaşayan mənəmlik azarından xəbərdardır və bilirlər ki, Azərbaycanın əleyhinə təbliğat aparmaq üçün onlara cüzi miqdarda pul təklif etmək kifayətdir.
Özləri 27 il bundan öncənin nostalji hissləri ilə yaşadıqları üçün elə düşünürdülər ki, xalq da həmin xalqdır. İqtidarda olarkən ölkəni bərbad vəziyyətə salan, səriştəsizlikləri və dövlətçilik sahəsində naşılıqları ilə Azərbaycanı vətəndaş müharibəsi, bölünmək təhlükəsi qarşısında qoyanlar bu gün utanmadan ədalətdən, Vətənə sədaqətdən, insan hüquqlarından danışırlar. Vaxtilə insanlara çətin anlar yaşadan AXC iqtidarında təmsil olunan Əli Kərimli hələ o illərdə ictimaiyyət tərəfindən boykot edilərək hakimiyyətdən uzaqlaşdırıldığını unudub. Unudurlar ki, yaxın keçmişdə baş verən xəyanətlərin səbəbkarları kimi onlar çoxdan siyasət meydanından siliniblər.
Ancaq xalq bu gün reallıqların əsas iştirakçısı kimi ölkədə gedən abadlıq-quruculuq işlərinin hansı səviyyədə olduğunu çox yaxşı görür və düzgün dəyərləndirir. İnsan amilinə yüksək dəyər beynəlxalq səviyyədə təqdir olunur. Cənab Prezident bütün çıxışlarında bəyan edir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Bütün dövlət məmurlarından xalqın problemləri ilə yaşamağı, onlara dəstək göstərməyi tələb edilir.
Hadisələrin gedişatı bir daha təsdiqləyir ki, xalqın radikal qüvvələrə cavabı dəyişməzdir, hər zaman “yox” cavabı ilə onların siyasi meydandan uzaqlaşmalarını istəyir. Reallıq odur ki, qeyri-səmimi boykotla "Milli Şura"nın perspektivindən danışmaq gülüncdür. Seçki prosesində məğlubiyyətini əvvəlcədən hiss edib boykot çağırmaq ümumilikdə müxalifətin yoxluğu deməkdir. Boykotu əsas fəaliyyət istiqaməti seçməkdənsə, daimi uğursuzluqlarını düşünsələr, daha yaxşı olar. Etiraf heç zaman gec deyil.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin