Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 13:15
"iAppleBytes" kanalının ekspertləri "iOS" əməliyyat sisteminin təzə yenilənməsinin əvvəlki nəsil "iPhone" smartfonlarının məhsuldarlığına müsbət təsir göstərməsini sübut ediblər. Müqayisəli testlə blogerlərin "YouTube" kanalında tanış olmaq mümkündür.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, mütəxəssislər eksperiment məqsədilə "iPhone Xr", "iPhone 8" və köhnə "iPhone 7", "iPhone 6s" və "iPhone SE" modellərini "iOS 13.3" əməliyyat sisteminədək yeniləyərək "Geekbench" saytında test ediblər. Məlum olub ki, təxminən bütün qurğular sürətlə işləməyə başlayıb. Məsələn, "iPhone Xr" modelinin məhsuldarlığı 3646 baldan 3732 baladək, "iPhone 7" smartfonunun isə 1933 baldan 2323 baladək artıb.
Sonra blogerlər tərəfindən "iOS 13.3" sisteminin qurğuların avtonom işləmə vaxtına təsiri yoxlanılıb. Məlumata görə, testdə iştirak edən dörd smartfonun üçü daha çox işləməyə başlayıb. Məsələn, 2016-cı ildə buraxılan "iPhone 7" modelinin avtonomluğu təqribən 40 dəqiqə artıb.
Mütəxəssislərin sözlərinə görə, sistemin yenilənməsi bir sıra hallarda, əksinə, qurğuların məhsuldarlığını azaldır və avtonomluğuna mənfi təsir göstərir. Adətən problemlər işləmə sürətinə köhnəlmiş prosessorun və çox işlənmiş akkumulyatorun təsir etdiyi köhnə "iPhone" modellərində müşahidə edilir.
Ümumistifadəli "iOS 13.3" versiyası aktual əməliyyat sistemini dəstəkləyən bütün smartfonlar üçün dekabrın 10-da buraxılıb. Yeni əməliyyat sistemi ilə yanaşı, "Apple" şirkəti köhnəlmiş "iPhone" və "iPad" qurğuları üçün nəzərdə tutulan "iOS 12.4.4" sistem yeniləməsini təqdim edib.
Nizam Nuriyev