Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 16:10
"Ali məktəblərə qəbul üçün hazırlanan yeni imtahan modeli XXI əsrin tələb olunan bacarıqlarının ölçülməsini özündə ehtiva edir. Bu modeldə tələb olunan riyazi və məntiqi təfəkkür, mətnlə işləmək, yazı qabiliyyəti və digər bacarıqların ölçülməsi olduqca vacibdir".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, imtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil: "Biz uzun illər ərzində imtahanlar barəsində danışarkən əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət etmişik. Təbii ki bu, çox vacib və əhəmiyyətlidir. Eyni zamanda qeyd etməliyik ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər.
Ona görə də bu gün əmək bazarında tələb olunan bir sıra bacarıqlara diqqət yetirdikdə tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, riyazi təfəkkür, kreativlik və bir sıra bu kimi kompetensiyalara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var. Təhsil Nazirliyi son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq edib".