Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Normand dördlüyü'': Paris görüşünün qalibi kimdir?

''Normand dördlüyü'': Paris görüşünün qalibi kimdir?

Tarix: 18 Dekabr 2019 18:15

Sonxeber.net newtimes.az-ın yazısını təqdim edir:

Fransanın paytaxtında Ukraynadakı münaqişənin həlli yollarının müzakirə edilməsini ekspertlər birmənalı müsbət hal sayırlar. Uzun sürən fasilədən sonra müzakirələr formatının yenidən bərpa olunması irəliyə doğru atılan addım kimi qiymətləndirilir. "Dördlük" ölkələrinin (Rusiya, Fransa, Almaniya, Ukrayna) sammitindən sonra Ukrayna və Rusiya prezidentləri üzbəüz görüşüblər. Onların təkbətək görüşü bir neçə dəqiqə çəksə də, maraqlı nəticələrlə yadda qalıb. Müəyyən məsələlərdə razılıq əldə edilib. Bu isə onu göstərir ki, əgər tərəflər daha çox danışsalar, razılıqların sayı və miqyası da arta bilər. Bundan başqa, ekspertlərin rəyinə görə, Ukrayna bu görüşdən məğlub ayrılmayıb. Kiyev bir çox məsələlərdə öz marağına uyğun razılığa gəlinməsinə nail olub. Paralel olaraq, separatçı rejimlərlə bir masa arxasında oturmayacağına görüş iştirakçılarını inandırıb. Bundan başqa, bir sıra istiqamətlərdə, məsələn, atəşkəsin təmin edilməsi və əsirlərin dəyişdirliməsində Rusiya ilə Ukrayna razılığa gəliblər. Bütün bunların fonunda "Normand formatı" liderlərinin Paris görüşünün qlobal geosiyasət aspektində analizinə ehtiyac duyulur.

Dialoqa doğru: Moskva-Kiyev xəttində yeni məqam

Ukraynada münaqişənin həll edilməsinin Avropa və Rusiya üçün nə qədər önəmli olduğunu sübut etməyə ehtiyac yoxdur. Artıq 5 ildir ki, Ukraynanın şərqində qan tökülür. Milyonlarla insan evindən didərgin düşüb. 2,5 milyon insan vətənini tərk edib, yerdə qalan 2,5 milyon isə həm səfil gündədir, həm də hər gün həyatları təhlükə altına düşür. Ukrayna isə bir dövlət olaraq özünü səfərbər edə bilmir. Krım və Donbas məsələlərinin həll edilməməsi onun geosiyasi mövqeyinə ciddi zərbə vurmaqla yanaşı, iqtisadiyyatı da bataqlığa sürükləyir, təhlükəsizliklə bağlı qayğılar yaradır.

Bütün bunlara görədir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya dövlət başçısı ilə dialoq axtarışları maraqla qarşılanmışdı. Lakin Ukraynada siyasi qüvvələrin heç də hamısı prezidentin bu təşəbbüsünə müsbət yanaşmır. Bir sıra dairələr V.Zelenskinin ölkənin maraqlarını "satacağından" bəhs edirlər. Hətta Parisdə "Normand dördlüyü"nün görüşü keçirilərkən Kiyevdə və bir sıra başqa şəhərlərdə etiraz nümayişləri təşkil etdilər. İnsanları meydanlara toplayıb, V.Zelenskiyə qarşı şüarlar səsləndirdilər. Ekspertlər hətta hesab edirdilər ki, bu proses böyüyüb davamlı hərəkata çevriləcək. Lakin maraqlı hadisə baş verdi: nümayişləri təşkilatçılar dayandırdılar! Onlar V.Zelenskinin xəyanət etmədiyini bəyan etdilər. Eyni zamanda, nəzarəti əldən verməyəcəklərini də ifadə etdilər.

Hər nə desələr də, aydın görünür ki, V.Zelenski bu mərhələdə uğur əldə etdi. Ən azı, daxildəki siyasi qüvvələr onun "xəyanətkar" olduğunu sübut edə bilmədilər. Ekspertlər hesab edirlər ki, əslində, Paris danışıqlarında da Ukrayna prezidenti uduzmadı. O, Vladimir Putinlə danışıqlardan qalib də olmasa, ləyaqətlə çıxdı. Bəs faktlar nə deyir?

Ekspertlər hər şeydən öncə onu vurğulayırlar ki, V.Zelenski separatçı rejimlərlə bir masa arxasında oturmayacağını bəyan edib. Bundan başqa, əsirlərin dəyişdirilməsi və üç məntəqədə orduların bir-birindən aralanması haqqında razılıq əldə olunub. Əlavə olaraq, Rusiya prezidenti bəyan edib ki, Ukrayna istehsalçıları üçün qazın qiymətində 25 faiz endirim edə bilər. Şərt ondan ibarətdir ki, Ukrayna Rusiya ilə birgə işləməyə qərar versin. V.Zelenski isə Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin davam etdirilməsinə razılıq verib. Bununla sanki danışıqlarda ciddi nəticələr əldə edildiyi təəssüratı yaranır.

Ancaq danışıqlara daha geniş aspektdə nəzər saldıqda, mənzərənin xeyli fərqli olduğunu görürük. Öncə onu vurğulayaq ki, Emmanuel Makron yenidən liderlik ambisiyasını ortaya qoymağa çalışıb. Müzakirələrdən sonra keçirilən brifinqdə E.Makron bəyan edib ki, münasibətlərin istiləşməsindən danışmaq tezdir, lakin tərəflər diplomatik əlaqələri bərpa edirlər. Onlar atəşkəslə bağlı razılığa gəliblər. Ekspertlər E.Makronun bu barədə danışmasını onun Rusiyanın siyasətinə haqq qazandırması əlaməti olaraq şərh edirlər. Çünki E.Makron avropalı liderlərə Rusiya ilə danışmağın mümkün olduğunu çatdırmağa çalışır. İndi əlində yeni bir fakt var: "görürsünüz, mən təşəbbüs edəndə, Putin yola gəlir"!

Ekspertlər onu da vurğulayırlar ki, son illərdə Fransa ilə Rusiya arasında ticarət dövriyyəsi 49 faiz artıb. Almaniya üçün bu rəqəm 29 faiz təşkil edir. Üstəlik, Almaniya "Şimal axını" layihəsinə yaşıl işıq yandırıb. Bütün bunlar E.Makronun Rusiya strategiyasında haqlı olduğunu göstərən əlamətlərdir.

Məhz həmin səbəbdən də ekspertlər V.Zelenskinin V.Putinlə danışıqlarda şansının az olduğunu proqnozlaşdırırdılar. Gedişat bunun əksini göstərdi. Əslində, burada Rusiya diplomatiyasının ustalığını və uzaqgörənliyini vurğulamaq lazımdır. Hansı səbəblərdən?

Taktika və strategiya: Kremlin hədəfləri

Taktiki cəhətdən Ukrayna diplomatiyası uğurlu görünə bilər. Çünki bir neçə məsələdə Donbasda vəziyyəti yüngülləşdirə bilən razılığa nail olub. Atəşkəsin işə düşməsi ölkənin şərqində yaşayanların Ukrayna dövlətinə loyallığını artıra bilər. Əsirlərin dəyişdirilməsi isə bütövlükdə Kiyevin humanist imicini gücləndirə bilər. Bundan başqa, gələcəkdə seçkilərin sabit şəraitdə keçməsi üçün yaxşı şərait yarana bilər. Uzun illərdir davam edən silahlı toqquşmaya ara verilməsi isə bütövlükdə Donbasın normal vəziyyətə qayıtmasına xidmət edər. İnsanlar siyasi yolla problemlərin həll edilməsinə inana bilərlər.

Bunların fonunda Rusiya güzəştə gedən tərəf kimi görünür. Lakin qlobal geosiyasi kontekstdə Rusiyanın dünyadakı rolu baxımından ümumi mənzərə fərqlidir. Burada bir neçə faktoru vurğulamaq olar. İlk növbədə, Moskva bu addımı ilə Amerikanı Avropadan ayırmış olur. Yəni, Vaşinqton olmadan Fransa və Almaniya ilə Ukrayna məsələsində kompromis axtarışında ola biləcəyini ifadə edir. Eynilə Suriyada İran və Türkiyə ilə Amerikasız problemləri çözə bildiyi kimi. Deməli, Paris görüşü, faktiki olaraq, Yaxın Şərq strategiyasının Avropaya proyeksiyasının uğurlu olmasının əlamətidir.

Kreml Avropa ilə birlikdə Ukrayna məsələsini həll etməyə çalışmaqla Amerikanı siyasi pat vəziyyətində qoyur. Bunu Vaşinqton anlayır və güman ki, Ukrayna məsələsinə daha ciddi müdaxilə etməyə çalışacaq. Ancaq Donald Trampın impiçmenti məsələsi aranı qatır. İndi aydın olur ki, bu məsələnin qabardılması, əslində, ABŞ-ın özünün mənafeyinə zərər vurur. D.Trampın hakimiyyətdən getməsi məsələsinə aludə olan demokratlar ölkənin geosiyasi marağına zərbə vurublar. Hər bir halda, Parisdə müzakirə aparan tərəflər Amerikanın təsirindən danışmayıblar.

Bu vəziyyət həm də E.Makrona sərf edir. O, faktiki olaraq, Avropanın mühüm bir məsələsində Amerikanın kənarda qalmasına nail olub. Sonrakı gedişat hər şeyi daha aydın göstərəcək. Deməli, Fransa və Rusiya bir məsələdə ortaq mövqeyə gələ biliblər. Bunun davamlı olub-olmayacağını zaman göstərəcək. Lakin məsələ bununla məhdudlaşmır. Rusiya, əslində, Ukrayna məsələsinə görə Avropa ilə münasibətlərdəki bir sıra çətinlikləri aradan qaldırmış olur. Tərəflər bir-birinə etibar edə bilərlər. Aİ-Rusiya münasibətlərində əməkdaşlıq inkişaf edə bilər. Rusiya Ukrayna problemində Aİ-nin onun üzərinə gəlməsi prosesini zəiflətmiş olur. İndi Moskva ilə Brüsselin dialoquna yeni imkan yaranır. Bunun diplomatik üsullarla davam etdirilməsi, heç şübhəsiz, Moskvaya vaxt qazandıracaq. Eyni zamanda, qarşılıqlı əlaqələrdə buzları əridəcək.

Nəhayət, Moskva üçün çox əhəmiyyətli olan daha bir dəyişiklik baş verir. Kiyev indiyə qədər Kremlə düşmən kimi baxırdı. Onunla hər hansı danışığı inkar edirdi. Avropa da bundan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırdı. V.Zelenski bu prosesi dəyişmiş kimi görünür. V.Putin də yeni manevrlər üçün imkan əldə edir. İndi Moskva danışıqlar masası arxasında öz maraqlarını müdafiə edə bilər. Deməli, faktiki olaraq, qondarma Donetsk və Luqansk "xalq respublikalarının" mövcudluğu şəraitində Rusiya əks tərəflə danışıqlar aparmağa şans əldə edir. Bu da dolayısı ilə Kiyevin Donbasdakı prosesləri sülh yolu ilə həll etməyə meyilləndiyini göstərir. Təcrübə göstərir ki, bu yol uzun sürə bilər... O isə Rusiyaya sərf edir. Çünki Rusiya bununla sübut edir ki, hərbi yolla onu Donbasdan çıxara bilməzlər. Yəni danışıqlarda konkret güclü "kozır"ı vardır.

Beləliklə, Parisdəki müzakirələrdə strateji aspektdə Rusiya çox şeylərə nail olub. Moskva sakitcə göstərib ki, onunla bu məsələdə masa arxasına otursalar, müəyyən dividendlər götürə bilərlər. Bundan sonrasının necə olacağını təbii ki, proseslərin gedişatı göstərəcək. Ancaq Rusiyanın öz marağından bir addım da geri çəkilmədiyi göz önündədir. Bütövlükdə götürdükdə, bu, postsovet məkanında gərginliyin azalmasına xidmət edən bir hadisədir. Ukrayna da anlamağa başlayır ki, bu məkanda Rusiyasız məsələlər həll edilmir. Qərbin gücü də buna kifayət etmir. Deməli, ən yaxşısı Moskvanın özü ilə dil tapmaqdır.

Geosiyasi baxımdan bunlar əhəmiyyətli dəyişikliklərdir. Mümkündür ki, bu proses daha da dərinləşsin və sabit trendə çevrilsin. Ancaq hələlik bundan danışmaq tezdir. Qlobal geosiyasətin məntiqi elədir ki, istənilən an meydana yeni risklər çıxa bilər. O halda proseslərin qeyri-müəyyənliyi daha da artmış olar. O cümlədən Ukraynanın daxilində siyasi təxribatları da istisna etmək olmaz. Belə çıxır ki, Parisdə "dördlük" sadəcə kiçik bir addım atıb ki, sonrası hələ məlum deyil.


Etiketlər:  Normand dördlüyü Paris görüşünün qalibi kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ