Tarix: 20 Dekabr 2019 15:36
“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov Qol.az-a müsahibə verib. - Son vaxtlar istər sponsor məsələsi, istərsə də qazanılan ardıcıl qələbələr yəqin ki, komandanın əhval-ruhiyyəsinə təsirsiz ötüşməyib.
- Əlbəttə, mən lap əvvəldən başlamaq istəyirəm. Çempionatın ilk oyununda “Sumqayıt”la qarşılaşmada yaxşı çıxış etmişdik. Sonrakı oyunlarda bir qədər eniş oldu. Düzdür, məğlub olurduq. Sonradan artıq yavaş-yavaş komandaya yeni oyunçular da gəldi. Mən həmişə müsahibələrimdə deyirdim ki, komanda yenidir, bir qədər vaxt vermək lazımdır, komanda gənc oyunçular və yeni gələn legionerlərdən ibarət idi. Onlardan eləsi var idi ki, az oynamışdı, bəzi futbolçular aşağı liqalardan gəlmişdi. Ona görə də heyətin uyğunlaşması üçün vaxt lazım idi. Zaman keçdikcə komandanın özünə gəldiyini görürdük. İlk vaxtlarda komanda qol da vura bilmirdi. Qol vurmaq çətinliyimiz var idi. İndi çox rahat və baxımlı qollar vururuq. Biri var necə gəldi qol vurasan, amma biz indi yaxşı qollar vururuq. Məşqçinin verdiyi tapşırıqlara uyğun hərəkət edirik. O bizə necə məqamlardan qol vurmaq lazım olduğunu bildirir, biz də elə həmin təlimatlara uyğun qollar vururuq. Kənardan belə görünməyə bilər. Amma sırf məşqçinin verdiyi tapşırıqlara uyğun qol vururuq.
- Mövsümn əvvəlindəki uğursuzluq sırf qeyd etdiyin amillərlə bağlı idi, yoxsa komandaya yeni nəfəs lazım idi? Nəzərə alaq ki, Elmar Baxşıyevin gəlişindən sonra “Qəbələ” ilk qələbəsini qazandı və sabit oyun sərgilədi.
- Heyət eyni olaraq qalır. Hər məşqçinin futbola öz yanaşması var. İstər-istəməz yəqin nələrsə dəyişildi. Əsas odur ki, komandaya vaxt lazım idi və son 2 ayda adaptasiya baxımından komanda düzəldi. Futbolçular adaptasiya dövrünü keçdi, ona görə də yaxşı oldu.
- Son vaxtlara qədər söz-söhbət yayılmışdı ki, “Qəbələ”nin vəziyyəti yaxşı deyil, klub dağıla bilər. Bu hal komandaya pis təsir edirdi, yoxsa vəziyətin düzələcəyi haqda məlumatınız var idi?
- Yəqin ki, mənfi təsiri olsaydı, belə yaxşı oynamazdıq. Komandada professional oyunçular çıxış edir. Elə şeyə fikir versəydik, oyunumuzda çox eniş olardı. Amma əksinə, fikrimcə, uşaqlar daha həvəslə, ürəklə çalışdı. Allaha şükür ki, bunun da bəhrəsini gördük. Həm kluba yeni sponsor gəldi, həm nəticələrimiz yaxşı oldu. Sponsor futbolçunun problemi deyil, onun işi futbol oynamaqdır. Rəhbərliyimiz o işlərlə məşğul olurdu. Sağolsunlar ki, sponsor tapdılar. Bu, onların öhdəliyinə düşən məsələ idi. Bizə iclaslarda deyilirdi ki, siz çıxın futbolunuzu oynayın. Futbolçuya nə lazımdır? Hər qalib gəldiyin oyundan sonra bonusunu verirlər, aylıq maaşın vaxtı-vaxtında karta oturur. Həmin vaxt sən rəhbərliyə heç bir irad bildirə bilməzsən. Hər şey yüksək səviyyədə yerinə yetirilir. Bizə futbol oynamaq qalırdı. Ona görə də biz bu işlə maraqlanmırdıq. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yeni sponsor da gəlib. O söz-söhbətlər bizi narahat etmirdi. İnanırdıq ki, bu cür klubun dağılmasına heç kim icazə verməz.
- Son iki kubok matçında “Qəbələ” 6 qol vurub, Premyer Liqanın son 2 turunda 1 qələbə, 1 heç-heçə qeydə alınıb. Bunu artıq oyununuzdakı sabitliyin göstəricisi hesab etmək olar?- Bir insan yaxşı işlər edəndə onun bəhrəsini görür. İnsan əziyyət çəkməlidir, döyüşməlidir ki, nəticəsi olsun. Nəticə olanda insanda ruh yüksəkliyi də olur. Növbəti oyunlarda da yaxşı oynayıb qələbə qazanmaq istəyirsən. Qələbə qazananda biz də həvəslənirik. Düşünürsən ki, bu komandaya qalib gələ bilirəmsə, niyə digər komandaları məğlub edə bilməyim? Bu, həm əziyyətimizin bəhrəsidir, həm də özünə inamdır. Komandada inam artdı. Komanda ayıldı ki, hamı ilə oynamaq olar, hamını udmaq olar. Özünə inanmaq lazımdır. Allaha şükürlər olsun ki, son vaxtlarda komandada özünəinam yüksək səviyyədədir.
- “Qəbələ” son matçlarda hücum futbolu oynayır. Əslində komandanın oyun üslubu belə olsa da, Premyer Liqanın ilk turlarında bunu görmürdük. - Bu, baş məşqçi Elmar Baxşıyevin bizə tapşırığıdır. Baş məşqçimiz Qəbələdə “Sabah”a 3:0 qalib gəlmişiksə, səfərdə müdafiə futbolu oynayın, hesabı qoruyun, 4 qol buraxmayın” kimi tapşırıqlar vermirdi. Oyuna çıxanda da dönə-dönə, 20 dəfə deyir ki, bizim futbolumuz hücum futboludur. Burada baş məşqçinin də işini demək lazımdır. Hücum futbolu məşqçinin bizə əsas tapşırığı idi. Ancaq hücum futbolu. Müdafiəyə oturmaq barədə tapşırıq olmayıb. Yəni deyilməyib ki, filan komandayla oynayırıq və bu komanda çox güclüdür, müdafiəyə oturaq.
- Ötən mövsüm “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kuboku qazandı. Bu dəfə şanslarınızı necə qiymətləndirirsən? Hər halda Avroliqaya vəsiqə qazanmaq üçün kubokda cəmi iki rəqibi keçməyiniz kifayət edir. Premyer Liqada isə daha çətin görünür.- Sözün düzü, turnir cədvəlində aşağı pillələrdəyik. Amma bizdən də aşağıda da komanda var. Bununla belə, hazırda turnir cədvəlində vəziyyət elədir ki, ardıcıl 2 qələbə qazansaq, 4-cü yerə qalxa bilərik. Bizim məqsədimiz həm çempionatda, həm də kubokda irəliləməkdir. Hər şey öz əlimizdədir. Son vaxtlar göstərdiyimiz futbolu qış fasiləsindən sonra da davam etdirsək, istəyimizə çatarıq.
- Qış fasiləsindən söz düşmüşkən, yəqin ki, bu, yaxşı tempdə irəliləyən “Qəbələ” üçün heç yerinə düşmədi.- Bunu zaman göstərəcək. Mən də istəməzdim ki, bu cür formada olduğumuz bir vaxtda çempionat dayansın. Ancaq bu, bizim əlimizdə deyil. Fasilədən sonra bundan da yaxşı futbol oynamağa çalışacağıq.
- Həmişə qış fasiləsində "Qəbələ" digər klublarımızdan daha çox futbolçu alır. Bu mövsüm qış fasiləsində buna ehtiyac var?
- Bizdə komanda normaldır, hər şey yaxşıdır. Ancaq desəm ki, futbolçuya ehtiyacımız yoxdur, yalan olar. Ən azından heyətdə hansısa futbolçu zədələnəndə biz bundan korluq çəkirik. Hər futbolçunu əvəz edən oyunçu lazımdır. Düşünürəm ki, bizim futbolçu kasadlığımız var. Düzdür, bu sual baş məşqçiyə verilməlidir. Bununla belə, futbolçu kimi bildirirəm ki, bütün klubların güclənməyə ehtiyacı var.
Ramiq AĞAMƏMMƏDOV