Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 22:42
Son zamanlar uşaqlar arasında qızdırma ilə müşahidə olunan viruslar yayılıb. Valideynlər belə qızdırma hallarının günlərlə davam etdiyini, həkimlərin isə gözləməyi məsləhət gördüyünü bildirib.
Sonxeber.net bildirir ki, məsələ ilə bağlı tanınmış pediatr Vaqif Qarayev medicina.az-a açıqlama verib. O bildirib ki, keçməyən qızdırma yoxdur, keçib gedir. Daimi qalan qızdırma olmur:
"Uşaqlardakı bu hallar mövsümlə bağlı virus infeksiyalarıdır. Təkcə bizdə deyil dünyanın bütün ölkələrində bu mövsümdə viruslara rast gəlirik. Tibdə kəskin resprator xəstəlik deyilən anlayış var. Bu da yuxarı tənəffüs yollarını zədələyən saysız-hesabsız müxtəlif viruslardır.
Qrip isə xüsusi viruslar tərəfindən törədilən, son dərəcə ağır gedişatlı və vaxtilə yüz milyonların həyatına son qoyan ağır virus infeksiyasıdır. Yəni qripdə virus infeskiyası olsa da törədicisi başqadır. Qripin A,B, C adlanan növləri var. Ən aqressivi A növüdür. Hazırda eşitdiyimiz donuz qripi, quş qripi kimi xəstəliklərdə A növünün mutasiya olunmuş halıdır. Nəzərinizə çatdırım ki, viruslar demək olar ki günbəgün mutasiyaya məruz qalırlar, genetik dəyişirlər".
Pediatrın sözlərinə görə, kəskin respirator virsuların çoxu qripdən daha yüngül formada keçir. Dərman müalicəsinə daha tez tabe olanları var ki, hətta vaxtında müdaxilə edilsə ağırlaşma olmur.
Bəs uşaqları bu viruslardan necə qoruyaq?
Vaqif Qarayev bildirib ki, sadə addımlarla uşaqları belə viruslardan qoruya yaxud da qarşısını ala bilərik:
"İlk növbədə xəstə uşaq qətiyyən bağçaya, məktəbə getməməlidir. Çünki, həm özü gec sağalacaq, ağırlaşmalar olacaq, həm də virusu yayıb digər uşaqları yoluxdurmuş olacaq. Burada valideynin məsuliyyəti daha böyükdür. Bundan əlavə, insanın ən çirkli yeri onun əlləridir. Xəstəlik törədici viruslar əllərdə toplanır. Ona görə də, uşaqların əlləri tez-tez yuyulmalıdır. Valideynlər bunu uşaqda vərdiş yaratmalıdır ki, özləri gedib əllərini yusunlar. Hətta uşaq bayıra çıxmasa, evdə olsa belə. Uşaqların gündəlik menyusu meyvə-tərəvəz, ət məhsulları ilə zəngin olmalıdır. Uşaqlar üçün ət çox vacibdir. Həmçinin, uşaq təmiz havada olmalıdır. Əgər ciddi zərurət yoxdursa uşaqlar insanların sıx toplaşdığı yerə getməməlidir.
Həkimə gedənə qədər, qızdırma salıcının ilkin dozasını vermık lazımdır. Uşaqların yaşına və çəkisinə uyğun. Bu çox vacibdir. Lakin südəmər uşaqlara qətiyyən həkimsiz qoymaq olmaq. Onlarda ağırlaşma ehtimalı çoxdur. Özbaşına antibiotik qəbulu qadağandır. Antibiotik qızdırma dərmanı deyil. O tamam başqa dərmandır və viruslara təsir etmir. Ona görə uşaq öskürəndə, istiliyi olanda antibiotik alıb içirmək olmaz. Valideynlər indi daha çox həkimlərlə online əlaqə qurub, öskürək dərmanı soruşub uşağa içirirlər. Öskürəyin də formaları var. O əslində qoruyucu refleksdir, hansı ki, bronx öz-özünü təmizləməlidir. Amma boğulma, tənginəfəs olur və bəlğəmi çıxara bilmirsə o zaman artıq vəziyyət təhlükəlidir. Orada biz öskürək siroplarından həkim müdaxiləsilə istifadə etməliyik".