Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 09:45
Bakı. Trend:
9 saylı Binəqədi ikinci seçki dairəsində səsverməyə gələn vətəndaşlar öz iradələrini sərbəst şəkildə ifadə edirlər. Məntəqələrdə seçicilərin şəffaf və demokratik səs vermələri, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Trend-in məlumatına görə, dairə seçki komissiyasının sədri Həsən Bayramov bildirib ki, səhər saat 8-dən qanunvericiliyin tələbinə uyğun olaraq, məntəqələr açılıb və fəaliyyətə başlayıb. Məntəqələrin açılışında beynəlxalq və yerli müşahidəçilər də iştirak ediblər. 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə 37 seçki məntəqəsinin 6-sı Binəqədi (7879 seçici), 31-i isə M.Ə.Rəsulzadə (41627 seçici) bələdiyyəsini əhatə edir. 49 min 506 seçicinin 929 nəfəri ilk dəfə səs verən gənclərdir. Dairədə 80-100 yaşlı seçicilərin sayı 786 nəfərə yaxındır. Bir seçicinin yaşı isə 100-dən yuxarıdır. Bir neçə məntəqədə veb-kamera quraşdırılıb. Məntəqələr zəruri avadanlıqla təmin edilib, səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmçinin bütün məntəqələrdə panduslar quraşdırılıb. Səhər saatlarından etibarən məntəqələrdə fəallıq müşahidə olunur, səsvermənin bütün prosedurlarına riayət edilir. İndiyədək dairəyə hər hansı qanun pozuntusu ilə əlaqədar müraciət daxil olmayıb.
7 saylı seçki məntəqəsinin sədri Sevda Məmmədovanın verdiyi məlumata görə, səsvermə prosesində seçicilərin fəallığı müşahidə olunur. Burada seçki prosedurlarına əməl olunur. Seçicilərə bülleten verilməzdən əvvəl sol əlin baş barmağının üstü xüsusi cihazla yoxlanılır. Əgər barmaqda mürəkkəb yoxdursa, seçiciyə səsvermə bülleteni təqdim olunur və məntəqəyə daxil olmasına icazə verilir. Bütün bunları müşahidəçilər izləyirlər.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.
Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.
Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.
Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin