Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 11:03
“Huawei” şirkəti “YouTube”, “Gmail” və digər “Google” servislərini tam əvəzləyəcək xidmətlər yaratmaqla bağlı planlarını açıqlayıb. Bu işdə Çin şirkətinə Hindistan proqram tərtibatçıları yardımçı olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Huawei” və “Honor” şirkətlərinin Hindistan filiallarının baş direktoru Çarlz Penqin sözlərinə görə, “Honor” Hindistanın 150 populyar mobil əlavə tərtibatçısını öz platformasına cəlb etmək və “Google” servislərini əvəzləyəcək xidmətlər hazırlamaq məqsədilə onlarla danışıqlar aparır. Şirkət onlardan smartfonlar üçün “Huawei” servisləri ekosisteminə daxil ediləcək proqramlar almaq niyyətindədir.
“Naviqator, messencer, ödəniş sistemi kimi əsas mobil əlavələr dekabrın sonunadək hazır olacaq”, – Ç.Penq qeyd edib.
Çin şirkəti təkcə Hindistan deyil, həm də Avropa mütəxəssisləri ilə əməkdaşlıq etmək niyyətindədir. “Huawei” nümayəndəsinin sözlərinə görə, şirkət hər regionda yerli istifadəçilərə 100-150 populyar mobil proqram təklif edəcək. Ekspertlərin fikrincə, “Huawei” bununla “Google” servisləri ilə rəqabət aparmağa çalışacaq.
“Huawei” mobil əlavə ekosisteminə dünya üzrə təxminən 1 milyon proqram tərtibatçısı daxildir. Konkret olaraq Hindistanda əlavənin ekosistemə inteqrasiyası üçün mükafatın məbləği 17 min dollar təşkil edəcək. Tərtibatçıların həvəsləndirilməsi üçün nəzərdə tutulan “Huawei” qlobal fondunun vəsaitləri 1 milyard dollara yaxındır.
Dekabrın 19-da “Huawei” nümayəndələri şirkətin növbəti qabaqcıl smartfonunun “Google” servisləri ilə təchiz edilmədən buraxılacağını təsdiq ediblər. Bununla yanaşı, “Huawei P40” smartfonu “Android 10” əməliyyat sistemi ilə təchiz ediləcək.
Nizam Nuriyev