Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 19:51
"Aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyır".
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə nitq söyləyərkən deyib.
Prezident İlham Əliyev qeyd edib:
"Bizim idman sahəsində ən böyük nailiyyətimiz keçən Yay Olimpiya Oyunlarında qazanılmış qələbədir. Medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görülmüşdür. Bu, tarixi qələbədir və bu, təsadüfi qələbə deyil. Çünki ondan bir il əvvəl - 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında ikinci yerə qalxmışdır. Ona görə idman sahəsində qazandığımız uğurlar təsadüfi xarakter daşımır. Konseptual şəkildə ardıcıl işlər görülür, veteran idmançılara diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən mükafatlandırılırlar. İdman mütəxəssisləri çox gözəl şəraitdə işləyirlər, idmançılar üçün də bütün şərait yaradılıb. Onların təlim-məşq toplanışları, beynəlxalq yarışlarda iştirakı və idmanla məşğul olmaları üçün yaxşı şərait yaradılıb. Hazırda bizim ancaq bölgələrdə 45 Olimpiya İdman Mərkəzimiz var. Bu il bir mərkəz Beyləqan şəhərində mənim iştirakımla açılıbdır. İki Olimpiya İdman Mərkəzi açılışa hazırdır - Yardımlı və Tərtər rayonlarında. İki Olimpiya Mərkəzinin tikintisi davam etdirilir - Goranboy və Neftçala şəhərlərində. Yevlax şəhərində Olimpiya Mərkəzinin layihələndirmə işləri başa çatıb və əminəm ki, yaxın zamanlarda onun inşası başlanacaq. Beləliklə, biz demək olar ki, hər bir rayonda müasir idman kompleksi istifadəyə verərək idmançılar üçün şərait yaratdıq. Bu, həm gənc idmançıların idman bölmələrində hazırlıq keçmələri, həm də şəhər və rayon sakinləri üçün gözəl imkandır.
Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdir. Mən ümid edirəm ki, biz buna nail olacağıq. Çünki başqa sahələrdə mənim tövsiyələrim artıq həyatda öz əksini tapır. Bəlkə də indi siz yaxşı xatırlayırsınız ki, rayon mərkəzlərində və kəndlərdə yeni xəstəxanaların, tibb ocaqlarının açılışı zamanı mən dəfələrlə eyni məsələyə qayıdıb tövsiyə edirdim ki, hər bir vətəndaş ildə bir dəfə tibbi müayinədən keçsin və bilsin, onun sağlamlığı, səhhəti nə yerdədir. Əgər hər hansı bir xəstəliyin ilkin təzahürləri varsa dərhal müalicə alsın və sağalsın. Bütün şəhərlərdə, rayonlarda müasir, özü də ən yüksək dünya standartlarına cavab verən tibb mərkəzlərimiz yaradılandan sonra artıq bu prosesə daha çox meyil göstərilir. Ondan sonra biz bunu mütəşəkkil qaydada icra etməyə başladıq. Artıq bir neçə ildir ki, böyük maarifləndirmə və təbliğat işləri apararaq vətəndaşların pulsuz müayinədən keçmələri üçün imkanlar yaratdıq. Bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən keçibdir. Orada müayinədən keçən vətəndaşların əgər hər hansı bir xəstəliyi olarsa, dərhal müalicə edilir. Əgər rayon şəraitində buna imkan yoxdursa, Bakıya göndərilir və beləliklə, insanlar öz səhhətini qoruyurlar. Biz buna nail olmuşuq və deyə bilərəm ki, Azərbaycan bəlkə də dünyada dövlət tərəfindən bütün vətəndaşlara tibbi müayinədən keçmək şəraitinin yaradıldığı nadir ölkələrdən biridir. Əminəm ki, mənim hər bir insanın fiziki imkanlarına uyğun olaraq idmanla məşğul olması barədə tövsiyəm də həyatda öz əksini tapacaq. Onda hər bir insan görəcək ki, bunun nə qədər böyük faydası var.
Bizim idman şöhrətimizi yüksəklərə qaldıran görkəmli idmançılarımıza da tövsiyə edirəm ki, onlar da bu maarifləndirmə işlərində fəal iştirak etsinlər. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri, klublar idmanın kütləviliyini təmin etsinlər. Bilirsiniz ki, çoxdandır mənim təşəbbüsümlə biz ictimai istirahət zonaları yaradırıq. Artıq parklar, bağlar şəhəri olan Bakı bu baxımdan dünyada qabaqcıl yerlərdədir. Baxın, son vaxtlar Bakı şəhərində nə qədər ictimai istirahət zonaları yaradılıb. Sovet vaxtından qalan bütün ənənəvi parklar ən yüksək səviyyədə yenidən quruldu. Vaxtilə dağılmış, guya fəaliyyət göstərən, əslində, ekologiyamıza ziyan vuran sənaye müəssisələrinin yerində bir çox yeni parklar salındı. Sonra mənim göstərişimlə bu ictimai parklarda açıq havada idman qurğuları quraşdırılmağa başlanmışdır. İndi "Abad həyət" proqramı icra edilir. Artıq Bakı şəhərində onlarla həyət abadlaşdırılıb. Orada idman meydançaları, o cümlədən trenajorlar quraşdırılıb. İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanlar var. Uşaqlar, böyüklər orada futbol, başqa oyunlar oynayırlar, trenajorlarda məşq edirlər. Bu, kütləvi xarakter almalıdır. O halda millətimiz sağlam olacaq.
Ona görə görkəmli idmançılara müraciət edərək onları bu işə dəvət edirəm. Bizim mətbuat orqanları gərək bu sahədəki fəaliyyətini gücləndirsinlər. Düzdür, bizim bəzi televiziya kanallarında aerobika, başqa fiziki fəallıqla bağlı verilişlər var. Bu verilişlərdə vətəndaşlara göstərilir ki, idmanın hansı növünü, hansı hərəkətləri ev şəraitində edə bilər. Amma hesab edirəm ki, bu, kifayət deyil. İdman kütləvi xarakter almalıdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, - halbuki bu da vacibdir, - ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin. İdmanla məşğul olan insanlar, buradakı idmançılar bunu öz həyatlarında görürlər. Baxmayaraq ki, iş qrafikim çox gərgindir, mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram. Bəlkə Azərbaycanda məndən çox işləyən adam yoxdur, ancaq buna baxmayaraq, vaxt tapıb idmanla müntəzəm məşğul oluram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyəm budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaqdır, idman kütləviliyi ilə bağlı geniş proqram tutulacaqdır.
İndi bizim böyük şəhərlərdə idman komplekslərimiz var, ancaq kənd yerində bu, yoxdur. Düzdür, bəzi kəndlər şəhərlərə yaxın yerləşir və orada yaşayan uşaqlar, yeniyetmələr idman komplekslərinə gedə bilirlər. Ancaq bəzi ucqar kəndlər var. Ona görə kənd idmanının inkişafı üçün xüsusi proqram tərtib edilməlidir, buna diqqət verilməlidir. Ucqar kəndlərdə yaşayan uşaqlar bəzi hallarda bilmirlər nə ilə məşğul olsunlar. Orada o bölgəyə uyğun olan formada idman qurğuları tikilməlidir, yarışlar keçirilməlidir, rayon yarışları. Nə üçün bizdə rayon yarışları keçirilmir? Hesab edirəm ki, bu, böyük boşluqdur, böyük qüsurdur. Rayon idman yarışları keçirilsin. Bu, həm idmanın inkişafına xeyir verər, həm də idmanın kütləviliyini təmin edər. Ona görə idmanla məşğul olan bütün qurumlara mənim tapşırığım bundan ibarətdir".