Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 07:54
Bu gün Azərbaycanda da müşahidə ediləcək Günəş tutulmasına adi gözlə baxmaq olmaz.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, saat 06:30-da ilin növbəti təbiət hadisəsi - Günəş tutulması başlayacaq.
Günəşin tam tutulma hadisəsi saat 07:37-də olacaq, saat 09:34-də maksimuma çatacaq, saat 10:58-də isə tam tutulma bitəcək. Proses saat 12:06-da yekunlaşacaq.
Təbiət hadisəsini Asiya, Avstraliya, Səudiyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda izləmək mümkün olacaq.
Direktor müavini deyib ki, Azərbaycanda qismən Günəş tutulması hadisəsi müşahidə ediləcək. Bakıda Günəş tutulmasını səhər saat 08:03-dən 08:52-yə qədər - səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq: "Həmin zaman Günəşə baxılarsa, onun sağ tərəfinin tutulmağa başlanıldığını görmək olar. Günəş tutulmasını adi gözlə müşahidə etmək mümkün deyil. Çünki Günəşin diskini adi gözlə müşahidə etmək çox təhlükəlidir. Günəş tam tutulduqda isə bu təhlükə daha da artır. Bunun üçün xüsusi eynəklərdən istifadə etmək lazmdır. Nəzərə almaq lazındır ki, adi vaxtlarda da Günəşə baxmaq mümkün olmur. Ay Günəşin qarşısından keçən zaman ondan uzaqlaşdıqca Günəşin işıqlı yeri gözə çox kəskin təsir edə bilər. Tutulma zamanı qəfil ziddiyyət - qaranlıq, daha sonra işıqlı hissə yarandığı üçün bu, gözü hətta kor edə bilər".
X.Mikayılov əlavə edib ki, Günəş, eləcə də Ay tutulmaları havanın temperaturunun dəyişməsinə və iqlimlə bağlı digər proseslərin baş verməsinə heç bir təsir göstərmir:
"Bu tutulmalar Günəş və Ayın hərəkəti ilə bağlı olan adi astronomik təbiət hadisələridir. İl ərzində bir neçə dəfə Günəş və Ay tutulmaları baş verir".