Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 11:57
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birinci kurs tələbələri paytaxtdakı dağ yəhudiləri sinaqoqunu ziyarət edib.
İnstitutdan Trend-ə verilən məlumata görə, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev tələbələrə Azərbaycanda yaşayan yəhudilər haqqında məlumat verib. O, yəhudilərin ölkəmizdə uzun əsrlər boyu digər xalqların nümayəndələri ilə çiyin-çiyinə yaşadıqlarını, onların Azərbaycanda məskunlaşmasının 2000 ildən artıq tarixi olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub.
M.Yevdayev Azərbaycanın tolerantlıq rəmzi olduğunu və burada bütün dinlərin nümayəndələrinə eyni münasibətin və qayğının göstərildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir. Digər konfessiyaların nümayəndələri kimi, yəhudi icmasının üzvləri də dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.
Daha sonra Aİİ tələbələrinin yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında sualları cavablandırılıb.
Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir. İnstitut tələbələrin Azərbaycanda mövcud müxtəlif dini ibadət ocaqlarını ziyarət etməsi, burada mövcud şərait, müxtəlif xalqların inanc və ibadət sistemi ilə əyani tanışlığı məqsədilə səfərlər təşkil edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin