Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tural Gəncəliyev: Dilqəm və Şahbazın ailə üzvlərinə qovuşmasını istəyirik

Tural Gəncəliyev: Dilqəm və Şahbazın ailə üzvlərinə qovuşmasını istəyirik

Tarix: 27 Dekabr 2019 12:00

Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan tərəfə təhvil verilməlidir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı dövlətimizin və Xarici İşlər Nazirliyinin konkret mövqeyi var:

"Hamının-hamıya prinspi tətbiq olunmalı və girovluqda olan şəxslər dəyişdirilməlidir. Bu da beynəlxalq hümanitar hüququn prinsipidir. Qaldı ki, onların ailə üzvləri ilə görüşü, səfərlərlə bağlı məsələyə, biz Dilqəm və Şahbazın işğal olunmuş ərazilərdə girovluqdan azad olunmasını və ailə üzvlərinə qovuşmasını istəyirik. Buna görə də Ermənistanın işğalçı qoşunları onları azad etməlidir. Çünki həmin şəxsləri iradəsinin əleyhinə saxlayırlar və dədə-baba torpaqlarına getdiklərinə görə, qanunsuz həbs ediblər. Əsas məsələ odur ki, Dilqəmlə Şahbaz azad olunmalıdır. Bununla bağlı Azərbaycan dövləti bütün tədbirlər həyata keçirir, biz də iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə bu məsələləri qaldırırıq".

Qeyd edək ki, ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BQXK-nın Bakı nümayəndəliyindən bildirilib ki, saxlanılmış şəxslərlə bağlı bütün məsələlər tərəflərlə konfidensial ikitərəfli dialoq formasında müzakirə olunur:

"Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçilik fəaliyyəti çərçivəsində tərəflərin razılığı əsasında, onlara saxlanılmış şəxslərin öz ailələri ilə əlaqələrinin keyfiyyətinin artırılmasında dəstək göstərməyə hazırdır. Komitə mandatı çərçivəsində saxlanılan şəxslərə baş çəkir, həmin şəxslərin saxlanılma şəraitini, onlarla rəftarı yoxlayır və ailələri ilə əlaqə yaratmağa dəstək göstərir".

Qeyd edək ki, son günlər Ermənistan kütləvi informasiya vasitələrində Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi haqda danışıqların aparılması ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Tural Gəncəliyev Dilqəm Şahbazın ailə üzvlərinə qovuşmasını istəyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ