Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 14:12
Bakı. Trend:
Dekabrın 26-da Heydər Əliyev Mərkəzində “Azərbaycanım” müsabiqəsinə təqdim olunan fotolardan ibarət sərgi və qaliblərinin mükafatlandırılması mərasimi olub.
Trend-in məlumatına görə, “Regional İnkişaf” İctimai Birliyi və “Orxan Aslanov studiyası”nın birgə elan etdiyi müsabiqəyə 3000-dən çox foto təqdim edilib. Onların arasından seçilən 165 foto Heydər Əliyev Mərkəzindəki sərgidə nümayiş edilib.
Layihə ölkənin unikal təbiətini, qədim tarixini, zəngin mətbəxini, adət-ənənələrini, mədəniyyət və incəsənətini, insanların sosial həyatını fotolarla geniş ictimaiyyətə tanıtmaq, eləcə də gənclərin fotoqraflıq peşəsinə marağını artırmaq, istedadları üzə çıxarmaq və onların fərdi bacarıqlarının inkişafına dəstək məqsədilə həyata keçirilib.
Fotoqraf Orxan Aslanov çıxışı zamanı sərginin keçirilməsində Heydər Əliyev Mərkəzinə və “Regional İnkişaf” İctimai Birliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu ideya qeyri peşəkar fotoqrafları bir araya toplamaq üçün yaranıb.
Layihənin qaydalarına əsasən, birinci yerin qalibi Sənan Müşayev, ikinci yerin qalibi müsabiqənin “Instagram” səhifəsində fotoların bəyənilmə sayı və münsiflər heyətinin rəyi əsasında Süleyman Süleymanlı, üçüncü yerin qalibi isə sərgi zamanı keçirilən səsvermə nəticəsində Nicat Adıgözəlov müəyyən edilib.
Tədbirdə qaliblərə qiymətli hədiyyələr və diplomlar, fərqlənən iştirakçılara həvəsləndirici mükafatlar təqdim olunub.
Layihənin davamı olaraq regionlarda fotoqrafiya təlimləri və sərgilərin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqə noyabrın 18-dən dekabrın 18-dək davam edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin