Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi açıqlanıb - SİYAHI

Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi açıqlanıb - SİYAHI

Tarix: 27 Dekabr 2019 19:52

Baş nazir Əli Əsədov "Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi"nin təsdiq edilməsi haqqında qərar imzalayıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Məlumat bazasının məhdudluğu, aqrar sığorta sahəsində tariflərin hesablanması üzrə metodologiyanın, kənd təsərrüfatı sığortası üzrə sığorta risklərinin və dəymiş zərərlərin qiymətləndirilməsi təcrübəsinin və sahə üzrə xarici və daxili təkrarsığortaçılarla əməliyyatların yetərli səviyyədə olmaması, kənd təsərrüfatı sığortası üzrə zərərliliyin yüksək olması, həmçinin beynəlxalq təcrübədə əksər ölkələrin tam miqyasda sığortalanmaya mərhələli şəkildə keçməsini nəzərə alınaraq aqrar sığorta sisteminin tətbiqinin ilkin mərhələsində bir sıra risklərin aqrar sığorta təminatına alınması məqsədəuyğun hesab edilir. Bununla əlaqədar olaraq təklif edilənlərin aqrar sığorta təminatına daxil edilməli sığorta riskləri kimi götürülməsinin zəruriliyi aşağıdakı amillərlə bağlıdır:

Təbii fəlakətlər: zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu.

Zəlzələ - Yer kürəsinin qabığında və ya onun yuxarı mantiyasında gedən tektonik hərəkətlər səbəbindən böyük enerji yaradır. Bu enerji çevik seysmik dalğalar şəklində Yer kürəsinin qabığında yayılır və onun səthində parçalanma proseslərinə və dağıntılara səbəb olur. Zəlzələnin gücü torpaq səthinin yırğalanma intensivliyi (0-dan 12-yə qədər ballarla) ilə ölçülür.

Zəlzələ bir çox hallarda ağır fəlakətli nəticələrə - müxtəlif binaların və mühəndis tikililərinin dağılmasına, insan itkisinə, kütləvi yanğınlara, elektrik və qaz şəbəkələrinin zədələnməsinə, istehsalat qəzalarına, bina-tikililərin dağılmasına və uçmasına görə yolların bağlanmasına, çay axınlarının məcrasının dəyişməsinə görə yaşayış məntəqələrinin su basmasına gətirib çıxarır.

Kənd təsərrüfatında isə zəlzələ toxum, yem, hazır məhsul anbarlarının, mal və quş tövlələrinin dağılmasına, həmçinin suvarma, kultivasiya, gübrələmə, heyvanlara qulluq və tarlalarda bitkilərin becərilməsi kimi kənd təsərrüfatı işlərinin dayanmasına, heyvandarlıq və quşçuluq komplekslərində baxımsızlıq, heyvanların tələf olması və digər fəsadlara səbəb olur.

Azərbaycan Respublikası ərazisi bütövlüklə 7 ballıq zəlzələ rayonu hesab edilir. Abşeron yarımadası, Dağlıq Şirvan (xüsusilə Şamaxı), Şəki-Zaqatala zonası, Kiçik Qafqazda isə Gəncə şəhəri və onun cənub ətraf əraziləri 8 ballıq zəlzələ rayonuna aid edilir.

Torpaq sürüşməsi - dağ yamaclarında, o cümlədən çay, dəniz və göl sahilləri boyu yüksələn dağ yamaclarında ağırlıq gücünün təsiri ilə dağ qayalarının və torpaq kütlələrinin sürüşmə ilə hərəkət etməsi prosesidir. Sürüşmə zamanı yerini dəyişmiş qruntun həcmi çox böyük ola bilər. Sürüşmə yaşayış evlərinin və mühəndis obyektlərinin (yollar, körpülər, magistral boru kəmərləri, elektrik ötürücü xətlər və sair) dağılmasına və ya zədələnməsinə, insanların xəsarət alması və ya həlak olmasına səbəb ola bilər.

Kənd təsərrüfatında isə sürüşmə xüsusilə dağ yamaclarında tikilmiş ferma, anbar sahələrinin, həmçinin yamaclarda salınmış bağ və tarlaların, suvarma sistemlərinin sıradan çıxmasına gətirib çıxarır.

Azərbaycanda aktiv sürüşmə zonaları İsmayıllı, Ağsu rayonunun dağlıq hissəsini, Şamaxı rayonunu və şimali-şərq yamacını, Xızı, Quba və Qusar rayonlarını, həmçinin Böyük Qafqazın şərq qurtaracağında yerləşən Abşeron yarımadasını əhatə edir.

Qasırğa - dağıdıcı gücə malik və uzun müddətli sürəti 32 metr/saniyədən çox olan küləkdir.

Son illərdə Azərbaycanda qasırğalar daha tez-tez baş verir. Abşeron yarımadasında küləyin sürəti 41, Zərdabda 38, Neftçalada 35, Gəncədə 35-40 metr/saniyəyədək müşahidə edilir. Zərdabda, Mingəçevirdə 33-36 metr/saniyə gücündə qasırğa müşahidə olmuşdur. Son illərdə Gəncədə, Bakıda saniyədə 40 metr sürəti olan qasırğalar da baş vermişdir.

Azərbaycanda qasırğalar daha çox ölkənin qərb hissəsində, xüsusilə Gəncə-Qazax zonasında qeydə alınır. Ağdaş, Göyçay, Zərdab rayonlarında da qasırğaların baş verməsi halları müşahidə edilir.

Kənd təsərrüfatında qasırğaların fəsadları təsərrüfat tikililərinin uçması, bağlarda meyvələrin tökülməsi, ev heyvanlarının qırılması və sair hadisələr hesab olunur.

Fırtına - dənizdə güclü dalğa yaradan, quruda dağıntılara səbəb ola bilən sürəti 20 metr/saniyədən çox olan güclü küləkdir.

Kənd təsərrüfatında bu təbii fəlakət prosesləri səbəbindən yaranmış mənfi hallara kənd yaşayış məntəqələrinin və hidrotexniki qurğuların dağılması və ya onların sıradan çıxması, sahilboyu ərazilərin su basması, heyvanların həlak olması kimi və sair hadisələr daxildir.

Azərbaycanda son illərdə fırtınalar Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında, Abşeron yarımadasında müşahidə edilir.

Dolu - Azərbaycan dünyanın ən çox doluvurmaya məruz qalan ölkələrindən biridir. Təbii vilayətlərdə dolu hadisələri əsasən aprel-iyun aylarında (73-86%), daha sonra isə sentyabr-oktyabr aylarında müşahidə olunur.

Böyük Qafqazın cənub yamacında şimal-şərq yamaca, Kiçik Qafqazın cənub hissəsində şimal-şərq hissəyə nisbətən daha çox dolu düşür. Mərkəzi Aran və Lənkəran rayonlarında dolu hadisələrinə az təsadüf olunur. Dolunun əsas hissəsi 500-1500 metr hündürlüklər arasında müşahidə edilir. Böyuk Qafqazda (20%-li təminatda) dolulu günlərin sayı 2-7, 80%-li təminatda isə 1-2 gündür. Bu kəmiyyətlər Kiçik Qafqazda, müvafiq olaraq 1-6, 0,5-1,5, Naxçıvanda 2-9, 1-4, Lənkaran rayonunda isə 1-3, 0,7-0,8 gün təşkil edir.

Dolu riski kənd təsərrüfatında isə bitkilərin zədələnməsi və ya məhv olması, meyvələrin tökülməsi, heyvanların zədələnməsinə və digər ağır nəticələrə gətirib çıxarır. Eyni zamanda dolu riski bəzi bitkilərin nəinki məhsuldarlıq, hətta keyfiyyət itkisinə də səbəb olur.

Yanğınlar.

Quraqlıq illərində təbii (meşə və ya çöl) yanğın olduqca yayılmış təbiət hadisəsidir və təsərrüfata böyük ziyan vurur.

Yanğının yaranmasının əsas səbəbi alovlandırıcı və partlayıcı maddələrə qarşı məsuliyyətsizlik, şimşək, nasaz elektrik xətləri, quraqlıq səbəbindən temperaturun artması ilə ot və quru bitkilərin öz-özünə yanmasıdır.


Etiketlər:  Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi açıqlanıb SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ