Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 12:24
Bu gün akademiyanın qarşısında tamamilə yeni vəzifələr dayanır. Hazırkı şəraitdə akademiyanın elmi potensialının inkişafı üçün islahatlara ehtiyac var.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında deyib.
Onun sözlərinə görə, bu vəzifə də dünya elminin inkişafı meyllərindən, ölkənin intellektual modelə əsaslanan inkişaf istiqamətindən irəli gəlir.
Akademik qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası dövlət başçısı tərəfindən həyata keçirilən çoxşaxəli islahatlara elmin dəstəyini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirməlidir.
O əlavə edib ki, Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas hədəflərindəndir. Dövlətin gələcək hərbi, siyasi, iqtisadi, mədəni gücü elmi potensialla bağlıdır.
R.Mehdiyev qeyd edib ki, Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi elm sahəsinin inkişafı üzrə də ulu öndər Heydər Əliyevin siyasətini davam etdirir:
"Bu gün inkişafın əsas lokomotivi elm və innovasiyadır. Bu mənada akademiya bütün başlanğıcların lideri olmalıdır. Bu baxımdan "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı"nın qəbul edilməsi bir tərəfdən müasir dövrün qlobal çağırışları, digər tərəfdən ölkənin sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşır".