Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 12:08
Son 30 ildə Böyük Qafqazda sel ocaqlarının yayılması sahəsi 15-20% artıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, Böyük Qafqazın cənub yamacında yerləşən çay hövzələrində sel ocaqlarının sahəsi 1961-1990-cı illərin məlumatları ilə müqayisədə orta hesabla 15-20% artıb.
Bu artım əsasən, Şin, Kiş, Dəmiraparan və Girdiman çaylarında müşahidə edilir. Bunun əsas səbəbi kimi sistemsiz otarma, meşələrin qırılması, turizm və iaşə obyektlərinin tikintisi, yol-inşaat işləridir: "Müəyyən edilib ki, çay hövzələrində selə qarşı qurğuların olmaması və yaxud çox zəif olması və lazımi səviyyədə qurulmaması səbəbindən sellər böyük ziyan vurur. Buna misal olaraq, 2015-ci ilin iyul ayında Bum çayında baş verən seli (nəticədə Qəmərvan kəndində bəzi evlər palçıq kütləsinin altında qalıb), 2016-cı ilin iyul ayında Kiş çayında (nəticədə Kiş kəndinin Şəki şəhəri ilə bağlayan körpü tamamilə uçmuş, ətrafdakı istirahət mərkəzləri qalın palçıq qatının altında qalıb), 2016-cı ilin sentyabr ayında Dəmiraparan çayında (nəticədə Qəbələ şəhərində olan bir-neçə istirahət mərkəzini palçıq kütləsi basıb), 2018-ci ilin iyun ayında Göyçay çayında baş verən seli (selin nəticəsində Qalaçıq və ətraf kəndləri rayon mərkəzi ilə birləşdirən körpü və Göyçay şəhərini ətraf kəndlərlə birləşdirən körpü üçmuşdur) qeyd etmək olar".