Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 07:56
Rüstəm Şəfiyev: "Səfərin 3 günü qəpiksiz qaldıq"
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
Dostları deyirlər ki, Yeni ildə onu Bakıda tapmaq olmur. Hər Yeni ildə hansısa ölkəyə səfər edir. "Bir dəfə Yeni ili evdən uzaqda keçirdinsə, növbəti 7 ili də evdə qeyd etməyəcəksən" deyiminə də inanır. Çünki öz təcrübəsində bunu yaşayıb. 10-12 ildən sonra nəhayət ki, bu il Yeni ili öz evində qarşılayacaq. Müsahibimiz gənc səyyah Rüstəm Şəfiyevdir.
- Maraqlıdır, ilk Yeni il səfəriniz nə vaxt olub və necə yadınızda qalıb?
- İlk Yeni il səfərim hardasa 10-12 il öncəyə təsadüf edib. Dostlarla birlikdə Gürcüstana getmişdik. İlkliyi ilə yanaşı, yadımda qalmağına səbəb olan başqa faktor da oldu. Qatarla səyahət edirdik. Gömrükdə anlaşılmazlıq oldu və bütün pullarımızı götürdülər. Dedilər ki, qayıdanda hamısı qaytarılacaq. Dekabrın 31-i Gürcüstana çatanda, əlimizdə qara qəpik də yox idi. İş günü də deyildi ki, bankla Azərbaycandan bizə pul göndərsinlər. Yeni il səfərinin ilk 3 günü qəpiksiz qaldıq.
- 3 gün az müddət deyil. Harda qaldınız, nə yeyib-içdiniz?
- Səhər, günorta və axşam yeməyi verən bir otel tapdıq. Onlara vəziyyəti izah etdik. Bəxtimiz gətirdi ki, bizə inandılar. Dedik ki, Azərbaycana qayıdan kimi pulu ödəyəcəyik. Bu şərtlə bizi otelə götürdülər. 3 günü, eləcə yola verdik. Amma o səfər mənim üçün təcrübə oldu.
- İndiyə qədər neçə ölkədə olubsunuz?
- Təxminən 74 ölkədə. Hər ölkəyə getdiyimdə də, çalışıram ki, bir neçə şəhəri gəzim.
- Dostlarınız deyirlər ki, Yeni ildə sizi Bakıda tapmaq olmur. 74 ölkənin neçəsinə Yeni ildə gedibsiniz?
- Neçə il ard-arda Yeni ili səfərlərdə keçirmişəm, ona görə belə deyirlər. Hardasa 10 ölkəyə səfərim Yeni ildə olub. Adətən, Milad bayramı ərəfəsində səfər edirəm. Çünki Milad bayramını Amerikada, Avropanın bir çox ölkələrində çox maraqlı keçirirlər. Ötən il Milad bayramını Dubayda keçirdim, çox fərqli gəldi. Milad bayramında da səfər edəndə, çalışıram ki, bir ölkə ilə kifayətlənməyim, bir neçəsinə gedim. Almaniyaya gedəndə Çexiyaya da səfər etmişdim. Şəhərin köhnə meydanında Yeni il yarmarkası var idi. Çox gözəl idi.
- Deyirlər ki, bir Yeni ili evdə keçirmədinsə, 7 il evdə olmayacaqsan. Bu deyimə inanırsınız?
- Bəli, inanıram. Məndə hətta 7 deyil, 10 olub (gülür).
- Ard-arda 10 il Yeni ili səfərlərdə keçirməyinizin səbəbi nədir?
- Bunun iki səbəbi var. Həm Yeni ildə istirahət günləri daha çox olur, həm də Amerika və Avropa ölkələrində bu bayrama daha çox diqqət yetirilir. Lakin ötən il Milad bayramında özüm üçün yenilik etdim və Dubaya getdim. Dubay isti ölkədir. Gündüz vaxtı 20-25 dərəcə isti var idi, ancaq şəhərin mərkəzində hər yerdə süni qar yaratmışdılar. Gəzə-gəzə qartopu oynaya bilərsən. Ona görə, belə səfərlər edirəm. Bizdə Yeni ili qeyd etmək istəyənlər, adətən dekabrın 30-u Gürcüstana gedirlər. Mən də bir-iki Yeni ili orda keçirmişəm. Maraqlıdır, amma o qədər də yox. Ona görə, sonra qərara gəldim ki, Avropa ölkələrinə getsəm, daha maraqlı olar.
- Bu səfərlər, adətən neçə günlük olur?
- 10-12 gün. Bir şəhərdə olacaqsansa, təbii ki bu müddət çoxdur. Heç olmasa, 3 şəhəri gəzmək lazımdır. Mən də getdiyim ölkənin bir neçə şəhərində oluram, qonşu ölkələrə də səfər edirəm.
- Birinci Yeni il səfəriniz dostlarla olub. Bəs sonra?
- Demək olar ki, tək səfər etmirəm. Hər dəfə kiminləsə gedirəm. Ən azından yanımda şəkil çəkən olsun (gülür). Təbii ki, hər kəslə də səyahət etmək olmur. Ortaq maraqlarımız olan adamlarla səyahətə çıxıram. Elə adam var ki, gedəndə oteldən kənara çıxmaq istəmir. Yemək yeyir, otağa qayıdır, yaxud yüngülvari gəzir. Yəni getdiyi ölkə və şəhərin fərqli yerlərini görməyə çox da maraq göstərmir. Müəyyən qədər gəzmək ona bəs edir. Mən isə səhər oteldən çıxıram, axşam 10-11-dən sonra qayıdıram. Bütün gün şəhəri piyada gəzirəm. Ona görə, piyada gəzməyi sevən adamlarla səyahət etmək mənim üçün daha uyğundur.