Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 21:06
Son zamanlar uşaqların evdən qaçması, itkin düşməsi ilə bağlı xəbərlərin sayı artıb. Xüsusilə də yetkinlik yaşına çatmayan uşaqlar bu siyahıda üstünlük təşkil edir.
İtkin düşən və tapılan uşaqların bir çoxu isə psixoloq və hüquq-mühafizə orqanlarına müraciətində, söhbət zamanı ailəsinə, evinə qayıtmaq istəmədiyini deyir.
Baş verənlərə səbəb ən çox valideyn-övlad münasibətlərinin qaydasında olmaması, şiddət və zorakılıqlara məruz qalmaları olur.
Sığınacaqlara yerləşdirilən uşaqların çoxu da elə evdən qaçanlardır.
Doğrudur, valideyn məsuliyyətsizliyi, səhlənkarlığı səbəbindən itən azyaşlıların da sayı az deyil, lakin bu məsələnin bir başqa tərəfidir.
Balacaların evdən, öz doğma ailələrindən qaçma səbəbləri nədir?
Doğurdandamı yetkinlik yaşına çatmayan uşaqlar tanımadıqları yad bir cəmiyyəti özlərinə ailələrindən, evlərindən daha təhlükəsiz bilirlər? Onları qaçmağa vadar edən nə və ya kimdir? Yoxsa, bu, sadəcə uşaqlıqdır?
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, psixoloq Aytən Ələkbərovanın dediyinə görə, yetkinlik yaşına çatmamış uşaqlarda psixi, fiziki, mənəvi keyfiyyət və xüsusiyyətlərində özünü qiymətləndirmə çox mühüm rol oynayır.
Yetkinlik yaşına çatmayan uşaqların azadlığa daha çox meyilli olduğunu diqqətə çatdıran Aytən Ələkbərova, onların uyğunlaşa bilmədikləri mühitlərdən uzaqlaşdığını qeyd edir. Xaotik ailələrdə isə istər qız, istər oğlan uşaqları evdən qaçmaq üçün fürsət axtarır :
"Evdə valideynlərin düzgün qoymadığı təlim-tərbiyə məsələləri uşaqlara mənfi təsir edə bilir. Hər bir ailənin özünə uyğun tərbiyə metodu, dəyərləri var. Bəzən uşaqlar evdən qaçmağa, kənar şəxslərdə sevgi axtarmağa meyil edirlər. Bu hal daha çox xaotik ailələrdə özünü büruzə verir.
Məsələn, parçalanmış ailədə böyüyən azyaşlıları götürək. Xaotik ailələrdə istər qız, istər oğlan evdən qaçmaq üçün fürsət axtarır. Yəni tamamilə bütöv və əsl ailə modelindən fərqli bir mühit nəzərə alsaq, övladın evdən qaçması gözləniləndir. Müşahidə etsək, görərik ki, onların valideynlərinin ailəsində də bu cür xaotik mühit olub. Burda fərq ailələrin normal həyat tərzi və övladlarına qarşı münasibətidir. Valideyn uşağına irad tutarkən belə istifadə etdiyi sözlərə, üslubuna diqqət etməlidir. Uşaqları təhqir etmək qətiyyən olmaz. Çünki yaşından asılı olmayaraq heç kim təhqiri qəbul etmir.
Amma valideyn uşağına səhvini düzgün şəkildə bildirsə, uşaq da təklikdə bunu düşünəcək və öz səhvini qəbul edəcək. Çünki şüurlu qiymətləndirmə və özünə dəyərvermənin təməli bu yanaşmalardan gəlir.