Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 14:30
2017-ci ilin sonunda dünyada “Zanco Tiny T1” adlı ən kiçik mobil telefon təqdim edilmişdi. İndi həmin telefonun yenilənmiş versiyası təqdim edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Tiny T1” telefonunun çəkisi 13 qr təşkil edirdi, amma yenilənmiş “Tiny 2” aparatının çəkisi 31 qr-dır. Cihaz yalnız vizual olaraq dəyişməyib, həm də bir sıra mühüm dəyişikliklər edilib. Birincisi, akkumulyatorun tutumu “Tiny T1” ilə müqayisədə 300 milliamper/saat artırılaraq 500 milliamper/saat olub. İkincisi, cihaz indi “Bluetooth” modulu ilə təchiz edilib və “3G” şəbəkələrində işləyir.
İstehsalçı platforma kimi enerjiyə qənaətcil “MediaTek MT6276A” çipinə üstünlük verib. İnformasiyanın göstərilməsi üçün 128x96 piksel təsvir ölçülü 1 düymlük TFT displey quraşdırılıb. “Tiny 2” aparatı, həmçinin 0,3 meqapiksellik kamera və işıqlandırıcı ilə təchiz edilib. Hətta tutumu 32 QB-dək olan yaddaş kartlarının dəstəklənməsi nəzərdə tutulub, qurğunun daxili yaddaşı 128 MB, əməli yaddaşı isə 64 MB-dır. Yenilənmiş model MP3 və MP4 formatında audiofaylları səsləndirməyə imkan verir.
“Zanco Tiny T2” telefonunun qiyməti 79 dollardır.
Emil Hüseynov