Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 07:16
Bakı. Trend:
Misir polisi Türkiyənin "Anadolu" agentliyinin (AA) Qahirədə yerləşən ofisində reyd keçirib. Reyd zamanı əsassız olaraq agentliyin 4 əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı saxlanılıb.
Trend-in "AA"ya istinadən verdiyi məlumata görə, saxlanılanlar naməlum yerə aparılıb. Polis əməkdaşları agentliyin ofisinə yerli vaxtla təxminən saat 18:00-da daxil olublar. Onlar ofisdə təhlükəsizlik kameraları və interneti söndürüblər.
Bildirilir ki, ofisdə axtarışlar yanvarın 15-i səhər saatlarına qədər davam edib. Polislər agentliyin əməkdaşlarından şəxsiyyət vəsiqələri, mobil telefonlar və kompyuterləri toplayıblar, onların agentliyin mərkəzi ofisi və ailə üzvləri ilə əlaqə saxlama cəhdlərinin qarşısını alıblar.
Polis reyd başlayandan sonra hadisə yerinə gələn AA-nın Qahirə ofisinin vəkilinə məlumat verməkdən imtina edib. Vəkil ofisdən qovulub və sonra axtarış davam etdirilib.
Gecə saatlarında polis agentliyin əməkdaşlarından birini, Misir vətəndaşını sərbəst buraxıb. Bir Türkiyə vətəndaşı da daxil olmaqla agentliyin dörd əməkdaşı səhərə qədər ofisdə saxlanılıb. Səhər onlar naməlum yerə aparılıb.
Qeyd edilir ki, saxlanılanlar AA-nın meneceri Hilmi Balcı, Misir vətəndaşları Hüseyn əl-Kabbani, Hüseyn əl-Abbas və Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun (SETA) əməkdaşı Əbdülsalam Məhəmməddir.
Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Kəmaləddin Əruyqur vəziyyəti izləyir və Misir Xarici İşlər Nazirliyi səviyyəsində səylər göstərir.
Türkiyə Xarici İşlər Nazirliyi də Misirin Ankaradakı səfirliyi üzrə öz səylərini göstərir.
AA və Türkiyənin Qahirədəki səfirliyinin vəkilləri Misir səlahiyyətlilərindən agentliyin əməkdaşlarının hazırda olduqları yer barədə məlumat vermələrini tələb ediblər. İndiyənə qədər bu məlumatı əldə etmək mümkün olmayıb.
Anadolu agentliyinin baş direktoru Şenol Kazancı agentliyin heyətinin dərhal sərbəst buraxılmasını tələb edib: "Rəsmi Qahirənin KİV əməkdaşları ilə bağlı mövqeyi qəbuledilməzdir. Misir hakimiyyəti dərhal AA-nın Qahirə ofisinin əməkdaşlarını sərbəst buraxmalıdır".
Onun sözlərinə görə, AA vəziyyəti yaxından izləyir və agentliyin əməkdaşları sərbəst buraxılana qədər məsələni beynəlxalq mətbuatın gündəmində saxlayacaq.
Daha sonra AA-nın baş direktorunun müavini, baş redaktor Metin Mutanoğlu "TRT" telekanalının efirində çıxışı zamanı bildirib ki, agentliyin saxlanılan əməkdaşları Misirin prokurorluğu tərəfindən dindirilirlər.
Onun sözlərinə görə, Misir Daxili İşlər Nazirliyindən rəsmi Misir xəbər agentliyinə bildirilib ki, AA əməkdaşlarının saxlanılmasına səbəb "agentliyin Misirin maraqlarına qarşı fəaliyyətləri", həmçinin agentlik tərəfindən guya yalan məlumatların yayılması, "Misirin milli təhlükəsizliyinə təhlükə yaradması" və "xaricdə ölkənin mənfi imicinin formalaşdırması" olub.
Polislərin Qahirədə AA-nın ofisində reyd keçirməsini Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da pisləyib. Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar Türkiyə tərəfi "lazımi təmaslar" qurur.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun rəsmi Ankaranın Misir hakimiyyətinin Türkiyə KİV-lərinə qarşı düşmən mövqeyini pislədiyini vurğulayıb.
Türkiyə Ədliyyə Nazirliyi bəyanatla çıxış edərək, AA-nın Qahirə ofisinin əməkdaşlarının qanunsuz olaraq saxlanılmasını pisləyib və onların tezliklə sərbəst buraxılacaqlarını gözlədiklərini vurğulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin